Türkiyə Avropa Şurasına üzvlükdən çıxarıla, yaxud da səsvermə hüququ dondurula bilər. Səbəb isə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarı Türkiyənin xeyli vaxtdır icra etməməsidir.
Bizimyol.info xəbər verir ki, söhbət Türkiyədə vətəndaş cəmiyyəti fəallarından olan hüquq müdafiəçisi Osman Kavala ilə bağlı qərarın icra olunmamasından gedir. Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, Kavalaya münasibətdə Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquqların məhdudlaşdırılması) maddəsinin pozuntusu baş verib. Başqa sözlə, Məhkəmə Kavalanın həbsinin hüquqi yox, siyasi motivli olması qənaətindədir. Avropalı hakimlərin fikrincə, Osman Kavalanın həbsi onu susudurub sıradan çıxarmaq, başqa hüquq müdafiəçilərini də bu yolla qorxutmaq olub.
Ona görə də Avropa Məhkəməsi öz qərarında Kavalanın dərhal azadlığa buraxılmasını tələb edib. Həmçinin Kavalaya 7500 avro təzminatın ödənilməsi də qərarda əksini tapıb.
Avropa Məhkəməsinin qərarlarında vurğulanıb ki, Türkiyə bu qərarı icra etməməklə Avropa Konvensiyasının 46-cı maddəsini pozub, öhdəliyinə əməl etməyib. Çünki Avropa Şurasına üzv olan dövlətin həm də Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi var.
Bu qərar müzakirə olunanda yalnız Avropa Məhkəməsində Türkiyədən təmsil olunan hakim qismən əleyhinə olub, qalan 16 hakim qərarı müdafiə edib.
Osman Kavala 2013-cü ildə İstanbuldakı Gəzi parkında ağacların kəsilməsinə görə başlanan və uzun müddət davam edən etirazlarla əlaqədar ittiham olunub. Öncə ona bu olaylarla bağlı ittihamlar üzrə bəraət verilib. Sonradan bu məsələ təkrar qaldırılıb və Osman Kavala həbs edilib.
Avropa Məhkəməsi Kavalanın azadlığa buraxılmasını nəzərdə tutan qərarını 2019-cu ildə verib. Budəfəki qərar isə əvvəlkinin icra olunmamasıyla bağlıdır. Bu qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında çıxarılıb.
Avropa Məhkəməsinin qərarlarının icrasına məhz Nazirlər Komitəsi nəzarət edir.
Yeni qərar Avropa Şurası Nazirlər Komitəsinə göndəriləcək. Komitə də həmin qərarın fonunda Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinə əməl edib-etmədiyini müzakirəyə çıxaracaq.
Hüquqşünas Xalid Ağaliyev deyir ki, Kavala azad edilməsə, Türkiyəyə qarşı hansı tədbirlərin görülməsi əsas müzakirə mövzusu olacaq.
“Avropa Konvensiyası belə tədbirlərin növünü elan etmir, bunu Nazirlər Komitəsinə həvalə edir. Avropa Şurasında səsvermə hüququnun alınması, Avropa Şurasına üzvlükdən çıxarılma tətbiq ediləcək tədbirlərdən ola bilər. İş burasındadır ki, Avropa Şurası Nazirlər Komitəsi indiyə qədər belə durumlarla qarşı-qarşıya qalmayıb. Yalnız İlqar Məmmədov işində oxşar vəziyyət yaranmışdı.
Ancaq Azərbaycan Avropa Məhkəməsinin qərarı ilə azadlığa buraxılması tələb olunan siyasətçini sərbəst buraxdığına görə o zaman prosedur başa çatmışdı”, - hüquqşünas bildirib.
Xalid Ağaliyevin fikrincə, Avropa Şurası Nazirlər Komitəsi Türkiyənin məsələsini 2-3 ay sonra müzakirə edəcək: “Həmin vaxta qədər isə Osman Kavalanın azad ediləcəyi daha ağlabatan görünür. Əks halda, Avropa Məhkəməsinin qərarlarını icra etməməyin hansı nəticələr doğura biləcəyi təcrübəsi yaranacaq”.
Aytən, Bizimyol.info