Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boltondan gözlənilməz etiraf: "Başqa ölkələrdə çevrilişlərə kömək edirdik"
Boltondan gözlənilməz etiraf: "Başqa ölkələrdə çevrilişlərə kömək edirdik"

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton CNN kanalında iştirak etdiyi proqramda ABŞ-ın xarici ölkələrdə dövlət çevrilişi cəhdlərinə kömək etdiyini etiraf edib.

Bizimyol.info xəbər verir ki, aparıcı Ceyk Tapperin ötən il yanvarın 6-da ABŞ-da baş vermiş konqres reydi ilə bağlı suallarını cavablandıran Bolton deyib ki, basqın nəticəsində zorakılığı qızışdırmaqda günahlandırılan keçmiş prezident Donald Tramp bu məsələni həll etmək gücündə deyil.

Tapper “çevriliş üçün ağıllı olmaq lazım deyil” dedikdən sonra Bolton “mən bununla razı deyiləm. Burada yox, başqa ölkələrdə dövlət çevrilişinə yardım etmiş biri kimi deyirəm ki, bu, çox tələbkar bir işdir. Tramp bunu etmədi, o, bir fikirdən digərinə tullanırdı",- deyə bildirib.

Aparıcı hansı çevriliş cəhdlərindən danışdığını soruşduqda Bolton Venesuelaya işarə edərək, “mən təfərrüatlara varmayacağam. Mən müxalifətin qeyri-qanuni seçilmiş prezidenti devirməyə çalışması üçün nə lazım olduğunu gördüm və onlar uğursuz oldu”,- deyib.

Qeyd edək ki, Bolton 2019-cu ildə Milli Təhlükəsizlik müşaviri olarkən Venesuela prezidenti Nikolas Maduroya qarşı üsyana çağırış edən dissident Xuan Quaydonu açıq şəkildə dəstəkləyib. ABŞ həmçinin Venesuelanın keçmiş lideri Uqo Çavesə qarşı 2002-ci ildə uğursuz çevriliş cəhdini dəstəkləməkdə ittiham olunurdu.

Con Boltonun bu açıqlamalarına reaksiyalar gecikməyib. Sosial mediada bir çoxları Boltonu digər ölkələrdə çevrilişləri dəstəkləməklə bu qədər sərbəst öyündüyünə görə tənqid ediblər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »