Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlamışdır. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, üslub və janr cəhətdən tamaşa nümayişinin təkmilləşdilrilməsində, estetik keyfiyyətin artmasında, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.
Bəs ölkəmizdə yaradıcı proses olaraq, müstəqil teatrların yaranma və inkşafı hansı səviyyədədir?
Teatrşünas, teatr üzrə pedaqoq Elçin Cəfərov Bizimyol.info saytına açıqlamasında teatrın inkaşafı ilə bağlı bir çox dettalları qeyd edib.
Bu gün Azərbaycanda müstəqil teatrlar, studiyalar, laboratoriyalar yaranmaqdadır və bu, şəxsən, məni çox sevindirir. Çünki uzun müddət teatr sənətimizin əsas problemlərindən biri alternativlərin olmaması idi. Doğrudur, bu teatrların əksəriyyəti hər hansı avanqard, alternativ istiqaməti təyin etmir, hətta deyərdim ki, bir çoxları dövlət teatrlarının daha zəif (həm təşkilati, həm yaradıcı baxımdan) təkrarı kimi çıxış edir. Amma istənilən halda, yeni və müstəqil teatrların yaranması və ölkənin teatr şəbəkəsinə qoşulması müsbət haldır.
Bildiyimiz qədər ölkəmizdə 20-ə yaxın müstəqil teatr var. Bəs müstəqil teatr deyəndə nə nəzərdə tutulur?
Müstəqil teatr dedikdə dövlət büdcəsindən maliyyələşməyən, dövlət tərəfindən deyil, ayrı-ayrı fərdlər tərəfindən yaradılan teatrlar nəzərdə tutulur. Bir qayda olaraq, müstəqil teatrlar yeni yaradıcı ideyanın üzərində qurulur. Yeni axtarışlar sənətçiləri yeni teatr yaratmağa və həmfikirlərini öz ətrafına toplayaraq, fərqli işlər görməyə sövq edir. Bu mənada, müstəqil teatrların mövcudluğu prosesin canlılığı və rəngarəngliyi baxımından çox əhəmiyyətlidir. Bəli, bu gün Azərbaycanda 20-dən artıq müstəqil teatr fəaliyyət göstərir. Sevindirici haldır ki, bu teatrlar yalnız paytaxtda təmərküzləşməyib. Bəzi bölgələrimizdə müstəqil teatr kollektivləri yaranmaqdadır. 26 dövlət teatrının olduğu ölkədə təxminən eyni sayda müstəqil teatrın olması kəmiyyət baxımından kifayət qədər yaxşı göstəricidir. Ümid edirəm, haçansa kəmiyyət artımı keyfiyyət göstəricisinin inkişafına da səbəb olar. Hazırda Azərbaycanda fəaliyyət göstərən özəl teatrlardan ƏSA Teatrı, Şahmat teatrı, M Teatr, Bir səhnə Teatrı, Human, dOM, Teatral studiya, “Laçın” Teatr studiyası, Cosmo, yenicə yaranan Klinik A teatr-studiyası kimi kollektivlərin fəaliyyətini xüsusi maraqla izləyirəm. Bu teatrların əksəriyyətinin məkanı yoxdur, böyük maddi-texniki problemlərin öhdəsindən gəlməyə, minimal maddi resurslarla maraqlı layihələr həyata keçirməyə çalışırlar. Ara-sıra buna nail olurlar da. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müstəqil teatrların ayda 1 dəfə dövlət teatrlarının səhnəsində icarə haqqı ödəmədən tamaşa oynamasına şərait yaradıldı. Hətta bir sıra müstəqil teatrların xarici festivallarda iştirakına köməklik göstərildi. Hərçənd ki, müstəqil teatrlar dövlətin balansında deyil. Bu isə ondan xəbər verir ki, dövlət ölkənin teatr sənətinin inkişafında müstəqil teatrların əhəmiyyətini anlayır və onların inkişafını istəyir.
Ötən il ölkədə Müstəqil teatrların festivalı keçirildi, 2021-ci ildə 4.4 Qısa Tamaşalar Festivalında müstəqil teatrlarımızdan olan ƏSA birinci mükfata layiq görüldü. Sadaladığım faktlar ölkədə müstəqil teatrlar şəbəkəsinin tədricən gücləndiyini və Azərbaycan teatr şəbəkəsinin mühüm tərkib hissəsinə çevrilməkdə olduğunu göstərir.
Tamaşaçılar daha çox hansı təbəqəyə üz tuturlar? Opera və Balet teatr tamaşaçıları, elit təbəqə, xarici musiqi, klassik musiqli və sairə
-Pandemiyadan sonra teatrların tamaşaçı sayında müəyyən qədər artım müşahidə olunur. Görünür, qapanma dönəmində insanlar canlı sənət üçün, canlı ünsiyyət üçün darıxıblar. Ancaq təbii ki, arxayınlaşmaq olmaz.
Teatrlarımız keyfiyyətli məhsul təqdim etməsələr, tamaşaçılarını itirə bilərlər. Hər teatrın öz tamaşaçısı var. Teatrlar öz spesifik istiqamətinə və repertuar siyasətinə müvafiq bədii məhsul hazırlayırlar. Müşahidələrim belə qənaətə gəlməyə imkan verir ki, musiqil teatrların tamaşaçıları daha çoxdur.
Azərbaycan teatrlarının tamaşaçı ilə iş istiqamətində böyük boşluqlar mövcuddur. Müstəqil teatrların tamaşaçı siyasəti təqdirəlayiqdir. Maraqlıdır ki, stasionar binası, heç bir maddi-texniki bazası olmayan, dövlətdən məvacib almayan özəl teatr məhdud resurslarla “topu-topxanası”, binası, müqtədir rəhbərləri, fəxri adları, ştatlı işçiləri və stabil maaşı olan dövlət teatrlarını üstələyir. Məncə, bunun səbəbləri barədə ciddi düşünmək lazımdır.
Tamaşaçıların marağını artırmaq , çoxlu kütlə cəlb eləmək üçün nəsə yeniliklər axtarışınızdasınızmı?
- Teatrlarımız zamanla ayaqlaşmaq, zamanın bədii tələblərinə cavab verən tamaşalar hazırlamaq baxımından çətinlik çəkirlər. Teatrların repertuarı, bədii səviyyəsi, ən əsası idarətməsi və marketinq siyasəti dövrün tələblərinə cavab vermir.
Bizimyol.info