Meksika prezidenti Lopez Obrador rəsmi səfərdə olduğu ABŞ-da prezident Co Bayden ilə görüşüb. Obrador və Bayden Ağ Ev qarşısında bəyanatlar veriblər. Ölkəsinin Meksika ilə əlaqələrinin çox möhkəm olduğunu deyən Bayden, imiqrasiya problemini Amerika qitəsinin ortaq problemi olaraq gördüyünü ifadə edib.
Bizimyol.info xəbər verir ki, son 5 ildə Mərkəzi Amerikalı mühacirlərə verilən vizalarda rekord qırdıqlarını vurğulayan Bayden, keçən il 300 min immiqranta viza verildiyini və bu rəqəmi iki qat artırmaq istədiklərini ifadə edib.
Bayden narkotik, silah və insan alveri məsələsinə də toxunaraq, hökumətinin bu məsələ ilə məşğul olmaq üçün 1300 əsgər göndərdiyini, əməliyyatlar nəticəsində 3 mindən çox adamın həbs edildiyini bildirib.
Bayden 28 iyunda Texas ştatının San Antonio şəhərində 53 immiqrantın ölümünə səbəb olan faciəni əsas gətirərək hər cür qaçaqmalçılıq sənayesinin hücuma məruz qalması lazım olduğunu ifadə edib və bununla mübarizə üçün Amerika qitəsindəki digər ölkələrlə daha koordinasiyalı iş aparılmalı olduğunu söyləyib.
Obrador isə hər iki ölkənin indiyə qədər dəfələrlə dost və yaxşı müttəfiq kimi çıxış etdiyini vurğulayaraq, pandemiya, Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində yaranan problemlərlə mübarizədə əməkdaşlığa çağırıb.
Əməkdaşlığın hər iki xalq üçün faydalı olacağını iddia edən Obrador istehlakçıların xeyrinə olmaq üçün xüsusilə qida məhsullarına tətbiq edilən bəzi vergilərin qaldırılmasını təklif edib və sərhəddə ABŞ vətəndaşlarının Meksikadan ucuz benzin alması üçün dəstək vəd edib.
ABŞ-da çalışan meksikalı qeyri-qanuni mühacirlər məsələsinə də toxunan Obrador, illərdir vicdanla çalışan və ABŞ-ın inkişafına töhfə verən bu mühacirlərin qeydə alınması və nizamlanması lazım olduğunu bildirib.
Məlumata görə, görüş zamanı liderlər immiqrasiya problemi, neft, iqtisadi böhran və inflyasiya, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.
Xatırladaq ki, Obrador 6-10 iyun tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçirilən Amerika Sammitinə Amerika qitəsinin bütün ölkələrini dəvət etmədiyi üçün Bayden administrasiyasına reaksiya verib və sözügedən sammitdə iştirak etməyib.
Bayden administrasiyasının Kuba, Venesuela və Nikaraquanı siyasi səbəblərlə sammitə dəvət etmədiyini bildirən Obrador Amerika qitəsinin bütün ölkələri iştirak etmədikcə bunun “Amerika Sammiti” olmayacağını bildirib.
Leyla, Bizimyol.info