Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hansı mediadan söhbət gedir - fikir ayrılığı burada ortaya çıxır"
"Hansı mediadan söhbət gedir - fikir ayrılığı burada ortaya çıxır"

Əksər cəmiyyətlərdə media cəmiyyətin güzgüsü rolunu oynayır. Cəmiyyətdə, dövlətdə, hakimiyyətdə baş verən hadisələr şəffaf şəkildə media üzərində öz əksini tapır. Bu səbbədən də bütün dünyada medianın gücü danılmaz olaraq qəbul edilir.

Azərbaycanda isə, son dövrlərdə media sanki gücünü itirir. Sosial şəbəkələr, bəzi məmurların öz fəaliyyətini diqtə etmək və rəqiblərini qaralamaq məqsədilə himayə etdiyi saytların artması medianı gözdən salır. Saytların yaradılması prosesinin həddən artıq sadə olması, bu istiqamətdə ciddi hüquqi bazanın olmaması, qanunlardakı boşluqlar imkan yaradır ki, bu gün təhsilindən asılı olmayaraq, istənilən şəxs sayt yaradıb, “jurnalist” kimi fəaliyyət göstərsin. Belə “jurnalistlərin” arması isə, cidi medianı gözdən salır. Bu danımaz faktdır. Bunun qarşısını almaq üçün isə, dövlət ciddi tədbirlər görməlidir. Düzdür, hüquq mühafizə orqanları ara-sıra bu faliyyətlə məşğul olan şəxsləri ortaya çıxarır, məsuliyyətə cəlb edir. Amma proseslər onu göstərir ki, təkcə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə kifayətlənmək olmaz. Məsələn, bu gün fəaliyyət göstərən belə saytların gəlirləri rəsmi şəkildə həyata keçrilmir. Yəni “jurnalist” fəaliyyəti ilə məşğul olan belə şəxslər gəlirlərini dövlətdən gizlədir, dövlətə əldə etdikləri vəsaitlərdən vergi ödəmirlər.

“Belə bir deyim vardır ki, media 4-cü hakimiyyətdir və bu da onun funksiyalarından iləri gəlir. Çünki, medianın mahiyyətcə funksiyaları çox olsa da, iki mühim funksiyası üzərində daha çox dayanılır. Onlardan birincisi budur ki, media cəmiyyəti, ictimaiyyəti onun marağında olan informasiyalarla təmin edir. İkinci funksiyası isə odur ki, dövlət hakimiyyət qurumları üzərində ictimai nəzarət funksiyasını yerinə yetirir. Son dövrlərdə bu hakimiyyətin neçənci yerdə durması ilə bağlı müəyyən yerdəyişmələr var. Bəziləri iddia edirlər ki, media getdikcə bu funksiyasını itirir. Bəziləri isə əksini deyir. Məsələn, Azərbaycan prezidenti Cənab İlham Əliyev də deyir ki, məsələn, son vaxtlar medianın texnoloji baxımdan inkişafını nəzərə alsaq, onda mediya artıq dördüncü yox ikinci yerdə də bəzən çıxış edə bilir”.

Bu barədə Bizimyol.info xəbər portalına Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli danışıb. Onun sözlərinə görə, bu məsələdə artıq fikir parçalanmağa başlayıb. Bəziləri medianın öz funksiyasını itirdiyini deyir, bəziləri isə bu gücün daha da möhkəmləndiyini dilə gətirir. Müşfiq Ələsgərli qeyd edir ki, bu fikirlərin hər ikisində müəyyən qədər həqiqət payı var.

Müşfiq Ələsgərli Müşfiq Ələsgərli

“İnternetin inkişaf etməsi, sosial medianın inkişaf etməsi, yeni media mühitinin yaranması medianın imkanlarını artırır. Amma, hansı mediadan söhbət gedir? Fikir ayrılığı da burada ortaya çıxır. İctimai nəzarət funksiyası, peşəkar medianın funksiyaları inkişaf edir, yoxsa sosial medianınmı? Diqqət yetirsək görərik ki, imkanları genişlənən media sosial mediadır. Amma, peşəkar medianın isə vəziyyətində geriləmələr var. Bu isə global bir prossesdir. Çünki, sosial media platformaları o qədər çoxalıb ki, onların informasiya dövriyyəsində payı o qədər çoxalıb ki, indi informasiya dövriyyəsində media mühitində onların payı peşəkar medianı üstələyir. Biz, ümumi mediadan danışırıqsa, ümumi medianın imkanları genişlənib. Amma, peşəkar mediadan danışırıqsa, təbii ki, peşəkar medianın imkanları daralmaqdadır. Onun bazarı azalmaqdadır. Amma, sosial medianın imkanları isə müdaxilə edib, peşəkar medianın yerini götürür. Problem həm də bu məqamdadır ki, sosial media, ümumilikdə media nə dərəcədə peşəkar şəkildə öz funksiyasını yerinə yetirir” - deyə Müşfiq Ələsgərli qeyd edib. Onun sözlərinə görə, bu baxımdan sosial mediada peşəkar xəbər, peşəkar ictimai nəzarət, peşəkar ictimai maraq kəsb edən informasiyaların yayılması şübhə doğurur.

Müşfiq Ələsgərlinin fikrincə, bu məsələlər peşəkar şəkildə həyata keçirilməlidir və daha çox ənənəvi medianın funksiyalarına aiddir. O, qeyd edir ki, daha çox peşəkar media bu funksiyaları layiqli şəkildə yerinə yetirə bilirdi. İndi isə, peşəkar medianın maddi imkanlarının, reklamdan gələn gəlirlərin azalması, digər sıxıntılar peşəkar medianı ikinci plana keçirir. Onun yerini isə sosial media üstələməyə başlayır.

“Problem də burdadır. Qeyri-peşəkar media üzərinə düşən funksiyanı nə dərəcədə yerinə yetirə bilir? Bax, məsələlər bu nöqtədən qaynaqlanır. Buna görə də, bu günün əsas müzakirələrindən biri də ondan ibarətdir ki, istər media mühitini normallaşdırmaqla, istərsə də dəstək vermək vasitəsi ilə peşəkar medianın imkanlarını artırmaq lazımdır ki, o mediyanın üzərinə düşən funksiyanıda peşəkar şəkildə yerinə yetirə bilsin. Məsələdə ziddiyyətlər buradadır. Problem ondadır ki, getdikcə dünyada ortalığa çıxan bəzi yeni qanunlar, məsələn, anti-terror prossesi ilə bağlı qəbul olunan qanunlar, dezinformasiyanın qarşını almaqla bağlı olan qanunlar və bir sıra çox saylı qanunlar dövrün trendinə uyğun qəbul olunur ki, bu da peşəkar medianın imkanlarını daraltmağa başlayır. Digər tərəfdən isə reklamın, iqtisadi gəlirlərin daha çox sosial media üzərinə axması peşəkar medianın gəlirlərinə təsir edən məsələdən biridir. Yəni, dövrün tendesiyası əsas aparıcı istiqamətlər, peşəkar medianın ziyanına işləyir. Mühit getdikcə daralır və bu baxımdan peşəkar mediada problemlər çıxır. Və onun əvəzinə sosial media önə çıxmış olur. Bu baxımdan məqbul haldır ki, istənilən ölkədə peşəkar medianın imkanlarının artırılması üçün hansısa tədbirlər görülməlidir. Amma, bu tədbirlər hansı formada olmalıdır? Yenə bu məqamda müəyyən mübahisələr yaranır” - deyə M.Ələsgərli əlavə edib.

Müşfiq Ələsgərli qeyd edir ki, peşəkar medianın inkişaf etdirilməsi adı altında həyata keçirilən proqramlar peşəkar medianın fəaliyyətinə müdaxilə formasında olmamalıdır. Yəni, elə formada həyata keçirilməlidir ki, peşəkar medianın işinə müdaxilə formasında olmasın. Bu da dövlətin imkanlarından və media yanaşmasından asılıdır.

Azərbaycanda peşəkar medianın imkanlarının artırılması üçün ciddi şəkildə proqramlar həyata keçirildiyini qeyd edən Müşfiq Ələsgərli vurğulayıb ki, “Media İnkişaf Agentliyi” vasitəsilə çoxsaylı tədbirlər həyata keçirilir. Yəni, peşəkar media qurumlarına maddi dəstək göstərilir. Digər tərəfdən qanunvericilik inkişaf etdirilir. Başqa bir istiqamətdən peşəkarlıq kursları və təlimlər keçirilir ki, peşəkar media yaşaya bilsin, inkişaf etsin.

“Atılan addımlar nə dərəcədə uğurludur? Bu, artıq başqa məsələdir” - deyə Müşfiq Ələsgərli əlavə edib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »