Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı özünə qəsd edən Qarabağ qazisinin yasında: “Psixoloji problemləri vardı”
İcra başçısı özünə qəsd edən Qarabağ qazisinin yasında: “Psixoloji problemləri vardı”

44 günlük Vətən müharibəsinin iştirakçılarından olan üçüncü qrup əlil Elvin Cəfərov iki gün əvvəl Sabirabadda özünü yandırmışdı. 35 yaşlı Qarabağ qazisi iyulun 11-də gecə Respublika Yanıq Mərkəzində dünyasını dəyiışib.

Bizimyol.info xəbər verir ki, hadisə nəticəsində Elvin Cəfərovun bədəninin 70 faizi yanmışdı. Bu səbəbdən həkimlər onun sağalmaq ehtimalının az olduğunu deyirdilər.

Sabirabad rayonunun Qalağayın kənd sakini olan Elvin Cəfərovun diqqətsizlik, məmurların biganəliyi, pensiya problemi üzündən intihara əl atdığı haqda məlumatlar yayılıb.

İyulun 12-də Qalağayın kəndində Qarabağ qazisinin yas mərasiminə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da gəlib. O, Elvin Cabbarovun dəfələrlə icra hakimiyyətinə gəlsə də, onu qəbul etməməsi haqda deyilənləri qəbul etməyib: “Bu barədə deyilənlər səhvdir. Hər həftənin cümə axşamı mənim qəbul günümdür. Qəbul bəzən 6-7-8 saat çəkir. Güzəştli kateqoriyadan olan vətəndaşlarla təkcə qəbul günü yox, başqa günlərdə də görüşürəm. Elvinlə dəfələrlə görüşüm olub. İstər kənd icra nümayəndəsi, istər bələdiyyə, istərsə də icra hakimiyyəti tərəfindən imkan daxilində onun istəkləri həyata keçirilib. Daim diqqət göstərilən qazilərdən, vətən müharibəsi iştirakçılarından olub”.

Sabirabadda Vətən müharibəsində iştirak etmiş 1164 nəfər var. Onlardan 154 nəfəri qazidir. Bu rayonda 43 şəhid ailəsi yaşayır.

Əgər Elvin Cəfərova diqqət və qayğı vardısa, o zaman Qarabağ qazisi niyə özünə qəsd edib? Bu suala cavab verən icra başçısı deyib ki, bu hadisənin Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısında baş verməsi haqda məlumat doğru deyil: “Hadisə Mədəniyyət sarayının qarşısında baş verib. Səbəbi hüquq mühafizə orqanları araşdırır. Psixoloji durumunda problem olub, bu və başqa səbəblər araşdırılacaq. Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb, orada qeydiyyatda olub. Bütün məsələlər diqqətlə araşdırılacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov da Elvin Cəfərovun dövlət tərəfindən sosial dəstək tədbirlərilə əhatə olunduğunu iddia edir. Onun sözlərinə görə, ötən ilin noyabrında Elvin Cəfərova 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib. Həmçinin DOST İş Mərkəzi onu 2021-ci ilin mayından aylıq 300 manat əməkhaqqı ilə işlə təmin edib.

“Elvin Cəfərovun ailəsinə “YAŞAT” Fondu tərəfindən 2021-ci ildə maddi dəstək (6500 manat) və hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə “Azərsığorta” tərəfindən sığorta ödənişi (4400 manat) olmaqla, 11 min manata yaxın birdəfəlik ödəniş edilib”,- Fazil Talıbov bildirib.

O, əlavə edib ki, Elvin Cəfərova pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq olaraq 958 manat ödənilir.

Elvin Cəfərovun ailəsindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Vətən müharibəsinin iştirakçıları və qazilər zaman-zaman məmurların biganəliyindən, süründürməçilikdən, sosial durumlarının ağırlığından şikayətlənir. Minlərlə müharibə iştirakçısı var ki, onlar hələ də əlillik dərəcəsi, veteran adı ala bilməyib. Müharibənin başa çatmasından ötən iki ilə yaxın müddətdə xeyli Qarabağ döyüşçüsü özünə qəsd edib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »