Rusiyanın Ukraynaya qarşı müharibədə əsas məqsədi imperiyanı bərpa etməkdir. Ona görə də Rusiya prezidenti Vladimir Putin planlarını həyata keçirmək üçün Ukraynanı sadəcə, ələ keçirməyə yox, məhv etməyə çalışır.
Bizimyol.info xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib. Onun fikrincə, Kreml 2024-cü il seçkilərinə əhəmiyyət vermir, çünki onlar dövlətdə demokratiyanın mövcudluğunu göstərmək üçün adi sirkə çevriləcək.
"Düşünürəm ki, o (Putin-red.) sadəcə olaraq, imperiyaya sahib olmaq istəyir. Biz başa düşürük ki, Ukraynasız, Ukrayna dağıdılmadan bu, mümkün deyil. Amma mən həqiqətən inanıram ki , seçki kampaniyası olmayacaq. Rusiya və xarici ictimaiyyət üçün sadəcə əsl sirk qurulacaq”,- deyə Latviya rəsmisi əmin edib.
O əlavə edib ki, Rusiya Federasiyasında qarşıdan gələn seçkilər sovet dövründə olduğu kimi müəyyən uydurma tamaşa mərasiminə çevrilə bilər. Eyni zamanda insanların səsvermənin nəticələrinə heç bir təsiri olmayacaq.
"Bu, həm də Rusiya vətəndaşlarının əksəriyyətini prezidentin, Dumanın və hər kəsin seçildiyinə inandırmaq üçün bir növ tamaşa olacaq. Deməli, söhbət seçkilərdən getmir. Söhbət hakimiyyəti əldə saxlamaqdan gedir",- deyə Rinkeviçs izah edib.
O, əmin edib ki, indi Putin əhalinin rəyindən daha çox hüquq-mühafizə orqanlarından asılıdır.
"Mən inanıram ki, əsl elektorat seçkilərdə iştirak edəcək insanlar deyil, Kremldə oturanlardır",- deyə XİN rəhbəri yekunlaşdırıb.
Xatırladaq ki, Latviya müharibənin ilk günlərindən Ukraynaya dəstək verib. Onun hakimiyyəti dəfələrlə Kiyevə hərbi yardımın artırılmasına çağırıb. Ona görə də dövlət Rusiya Federasiyasının dolayı hücumlarından əziyyət çəkir. Belə ki, bu yaxınlarda Kreml bu ölkənin müstəqilliyinin tanınmasını geri götürmək istədiklərini açıqlamışdı. Bundan başqa zaman-zaman bu ölkə də daxil olmaqla üç Baltikyanı ölkə Rusiyadan işğal hədələri alırlar. Amma onların hər üçü NATO üzvü olduğundan Kremlin belə bir addıma cəsarət edəcəyi inandırıcı görünmür...
Bizimyol.info