Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su satanlar, təkər qaraldanlar, dilənənlər və maşında yatıb qalanlar...
Su satanlar, təkər qaraldanlar, dilənənlər və maşında yatıb qalanlar...

Yayın istisində paytaxtın maşın bazarına öz avtomobillərini çıxaran satıcılar səhər saat 06-dan günorta 15-dək gözləyir, aralarından bəxti gətirənlər maşınlarına müştəri tapa bilirlər. Kimin ki maşını yoxlama sürüşü üçün geniş əraziyə aparılırsa, bu, həmin maşının artıq satıldığından xəbər verir. Bu yazılmamış qanunu bizə həmin bazarda öz maşınını üç həftədir sata bilməyən paytaxt sakini izah edir. Satıcı deyir ki, maşın bazarının qarşıda görsənən qəbristanlıqdan fərqi yoxdur, bura maşın bazarı yox, artıq maşın qəbristanlığıdır:

“Sabah saat 08-dan burdayam, girişdə 10 azn ödəniş edib keçmişəm. Bu, üçüncü həftədir ki, maşını bazara gətirirəm, amma alan yoxdur, gələnlər də istehsal ilini, bir də qiymətini soruşub, “bazar olsun” deyib, gedirlər. Qiymətlər yuxarı, cibdə isə pul yox. Burda yaxşı qazanc əldə edənlər varsa, onların da əksəriyyəti maşın dəllallarıdr. Məsələn, mən üçüncü həftədir ki, maşını gətirirəm, amma sata bilmirəm. Həmin adamlar da kənardan məni görürlər, bir neçə dəfə yaxınlaşıb, 12 min manat qiymət qoyduğum bu maşına doqquz min, yaxşı halda isə doqquz min beş yüz manat təklif edirlər. Mənə də dəfələrlə yaxınlaşıb, təklif ediblər, deyiblər ki, onsuz da bunu istədiyim qiymətə sata bilməyəcəm, yaxşısı, onlarla razılaşmaqdır. Amma niyə razılaşmalıyam? Mən bu maşını elə 12 min manata almışam, hələ bir üç min manat da üzərində xərc çəkmişəm. Maşını maya qiymətinə satıram, amma dəllallar mayasından iki min, üç min, hətta bəzən dörd min manat aşağı məbləğ təklif edirlər. Məndən ucuz qiymətə alırlar, sonra aparıb, baha qiymətə satırlar. Bu 12 minlik maşını məndən alacaqlar, aparıb 15-16 min manata satacaqlar. Maşın alverindən başı çıxmayan, işin içində olmayan adamlar bu dəllallara çox tez aldanır, elə bu dəllalların da qazancı belə naşı adamlardan çıxır” – deyə, maşınını bazara çıxaran satıcı bildirib.

Bazarın girişinədək düzülüb, maşınlara əl edən, saxladan 10-larla adama rast gəldik, əvvəl elə bildik ki, bu adamlar harasa getmək üçün maşını saxlamağa çalışırlar. Sonra aydın oldu ki, bu adamlar dəllaldırlar və maşınları dəyərindən qat-qat ucuz qiymətə alıb, elə dəyərindən baha qiymətə də satırlar. Elə həmin bu mənzərə yuxarıda reportaj verən adamın dediklərini doğrulayırdı.

Günün istisində geniş asfalt ərazidə tum, sərin su, hətta dondurma satanlar, bir manata təkər qaraltmağa gələn qarayanız uşaqlar, dondurma yeyərək dilənən ata və körpə qızı, maşının içində ya gün vurmadan, ya da yorğunluqdan maşında yuxuya getmiş satıcılar bu bazarın ümumi mənzərəsini təşkil edirdi. Rusiya istehsalı maşınların gözə dəymədiyi maşın bazarında ən çox maraq cəlb edən və satılan maşınlar “Opel” və “Kia”lar olsa da, “BMW” markalı maşınlar da az deyil. Ancaq bu maşınları alan, demək olar ki, yoxdur. Səbəbi isə bazar dilində desək, “kapriz”ləri çox olan maşınlar olmasıdır. Bunu deyən mən yox, bazar sakinləridir. Onlardan biri deyir ki, “BMW” maşınların şahıdır, eyni zamanda ən çox xarab olan, tez alışan və xərci yuxarı olan markadır: “Burda 2000-ci ildən aşağı istehsal tarixində “BMW”-lərə baxan yoxdur, çünki həmin modellər qədərindən artıq yandırır və nasaz yerləri çoxdur, indi maşınların salonlarına, xarici görünüşünə biraz əl gəzdirib, bazara çıxarırlar, amma bu, o demək deyil ki, həmin maşın saz vəziyyətdədir. Xüsusilə bu marka avtomobillərin həm qiyməti çox bahadır, həm çox benzin işlədir, həm də hissələrində tez-tez nasazlıq yaranır. Alanların əksəriyyəti həvəskarlarıdır, gənclərdir. Bir qədər iqtisadi düşünənlər başqa marka maşınlara yönəlirlər” deyə, maşın alveri ilə məşğul olan şəxs bildirib.

Yekun mənzərə isə ondan xəbər verir ki, bazardan geriyə qalan yalnız onun adı və günəşin altında saatlarla gözləyən biçarə satıcılardır. Maşınlarını satışa çıxaran bu insanlar arasında banklara borclu düşüb, amma ödəniş edə bilməyən, bunun üçün də maşınını “əlimyandı”da satanlar çoxluq təşkil edir. Beləliklə, dəllallara da ciddi fürsət düşmüş olur.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »