Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda benzinin bahalaşması gözlənilir
Azərbaycanda benzinin bahalaşması gözlənilir

Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşacağı gözlənilir. Bildirilir ki, dünya bazarında neftin qiymətindəki volatillik yanacaq növlərinin də qiymətinin yüksəlməsini şərtləndirir.

Ekspertlərin rəyinə görə, Azərbaycan Aİ-95 markalı benzin istehsal etmir, xaricdən alır, dünyada Aİ-95-in qiyməti qalxdığına görə, Azərbaycan da həmin növ yanacağın qiymətini artırmağa məcburdur.

Mövzunu “APA-Economics”ə şərh edən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, Aİ-95 markalı benzinin qiyməti sonuncu dəfə ötən ilin sentyabrın 15-də artırılıb.

Ilham Şaban İlham Şaban

“Həmin dövrdə neftin dünya bazarında qiyməti 73-75 dollar arasında dəyişirdi. Son on ay ərzində neftin qiyməti 50% artıb. Bu da bahalaşmanı labüd edir. 2014-cü il aprelin 1-dən etibarən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda benzinin qiymətinin sabit qalması təəccüblüdür. Reallıq ondan ibarətdir ki, qanunla olmasa da, dövlət qiyməti öz resursları hesabına tənzimləyib”, - deyə o qeyd edib.

Ekspert bildirir ki, artıq Avropa ölkələri tamamilə Aİ-95 markalı benzindən istifadəyə keçib. İstehsalçılar Azərbaycana gətirilən yeni avtomobillərlə bağlı da Aİ-95 markalı benzindən istifadə tələbi qoyur:

“Azərbaycana gətirilən Çin avtomobilləri ilə bağlı da istehsalçılar Aİ-95 markalı benzindən istifadə tələbi qoyub. Yəni, Ai-92 markalı benzindən getdikcə imtina edilir”.

Ekspert vəziyyətdən çıxış yolundan da danışıb: “Aİ-95 markalı benzinə kütləvi keçidi nəzərə alaraq, bu benzinin yerli istehsalı ilə bağlı işlər sürətləndirilməli, bu sahədə idxaldan asılılıq azaldılmalıdır. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda uzun müddətdir ki, modernləşdirilməsi işləri aparılır. Bu işlər sürətləndirilməli, yüksək oktanlı benzinin yerli istehsalına başlanılmalıdır”.

İqtisadçı ekspert Eldəniz Əmirov da “APA-Economics”ə bildirib ki, Aİ-95 və digər yüksək oktanlı benzin məhsullarının bahalaşması dünyada baş verən ümumi qiymət artımları, o cümlədən neftin bahalaşması ilə birbaşa bağlıdır.

O deyib ki, əvvəlki dövrdə Azərbaycanda müəyyən qədər Aİ-95 markalı benzin istehsal edilib. Amma bu daxili tələbatı ödəmək iqtidarında olmayıb.

“Hazırda Aİ-95 markalı benzin Azərbaycana əsasən Rumıniya və Rusiyadan idxal edilir. Ona görə də bu ölkələrdə baş verən qiymət artımları nəticə olaraq yüksək oktanlı benzinin də qiymətinə öz təsirini göstərir”, - deyə Eldəniz Əmirov qeyd edib.

Ekspert əlavə edib ki, neftlə yanaşı, ümumilikdə Aİ-95 markalı benzinin alınması üçün texnoloji proseslərin bahalaşması və digər resurslardan istifadə də bu markalı benzinin bahalaşmasına gətirib çıxarır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »