Yay aylarında sərinləmək üçün əksər insanlar kondinsionerdən istifadə edir. Kondisionerlərdən istifadə həyatımızın əvəzolunmaz hissəsinə çevrilib.
Bizimyol.info xəbər verir ki, alimlərin apardığı araşdırmalara görə, 25 C dərəcədən yuxarı olan hər dərəcə artımı işçilərin performansını orta hesabla 2 faiz azaldır. Kondisionerlərdəki filtrasiya sistemləri ilə toz, polen, mikroblar, kif, siqaret tüstüsü və pis qoxu kimi bir çox zərərli faktorlar havadan ayrılaraq sağlam yaşayış mühiti yaradır.
Kondisionerin faydalarından bəhrələnmək, kondisioner istifadəsində filtrlərin təmizlənməsi, dövri mövsümi texniki qulluq, temperatur və rütubət səviyyələrində tövsiyə olunan dəyərlərə diqqət yetirilməsi vacidbir. Eyni zaamnda kondisioner və soyutma sistemləri lazımi qaydada təmizlənməsə və onlara qulluq edilmədikdə, ölümə səbəb ola biləcək mikrob və göbələklərin yaranması baş verə bilər. Mütəxəssislərin fikrincə, birbaşa kondisionerə məruz qalmaq, uzanarkən kondisioneri açıq qoymaq olmaz.
Temperaturun və rütubətin qəfil dəyişməsi tənəffüs sisteminə təsir göstərir. Dəri və göz kimi həssas bölgələrin qurumasına səbəb olur. Kondisionerlər bütün gün işlədiyi zaman səs-küy çirklənməsinə, allergik reaksiyalara, xroniki rinitlərə, faringitlərə, boğaz ağrısına və səsin batmasına səbəb olur. Kondisioner vasitəsilə insana müxtəlif mikroorqanizmlər və göbələklər keçə bilər. Bu zaman astma, bronxit və digər ağciyər xəstəlikləri, nəfəs darlığı və ya digər tənəffüs problemləri yarana bilər.
Fasiləsiz kondisioner istifadəsi kondisioner qızdırması, allergik pnevmoniya, soyuqdəymə, qrip, bronxit, astma, qulaq, burun və boğaz infeksiyaları, baş və əzələ ağrıları, revmatik xəstəliklər, angina və s. xəstəliklərə səbəb ola bilər.
Terapevt Məlahət Abbasova bildirir ki, legioner xəstəliyi tipik qış pnevmoniyasından fərqli olan bəzi xüsusiyyətlərə malikdir. “Ağciyərlərin sıx zədələnməsi əvəzinə, tez-tez oynaq və əzələ ağrısı, zəiflik, qızdırma, baş ağrısı, yuxuya getmədə çətinlik kimi simptomlar müşahidə edilir. Eyni zamanda öskürək, diqqəti toplamaqda çətinlik, ürəkbulanma, qusma və ishal kimi simptomlar da müşahidə edilə bilər”,- deyə o qeyd edib.
Yayın isti havasında ehtiyac duyduğumuz kondisionerin xəstəlik törətməməsi üçün bəzi ehtiyat tədbirləri alaraq özümüzü qoruya bilərik. Nəqliyyat vasitələrində və evlərdəki kondisionerlər birbaşa üzə və sinəyə vurmaması üçün tənzimlənməlidir. “Kondisionerin vurduğu hava yaxın məsafədən birbaşa insanın bədəninə dəyməməlidir. Filtrlərin istifadəçi təlimatında göstərilən fasilələrlə təmizlənməsi lazımdır. Ani temperatur dəyişikliklərindən qaçmaq tövsiyə olunur. Otaq temperaturu 21-25 C arasında, rütubət 60-70 faiz olmalıdır. Kondisionerli mühitlərdə siqaret və qəlyan kimi nikotin və tütün tərkibli maddələr çəkilməməlidir. Kondisioner işləyərkən vaxtaşırı pəncərələr açılmalı, ətraf havalandırılmalı və havanın qurumasının qarşısı alınmalıdır. Yatarkən kondisioner işə salınmamalıdır. Kondisionerin qarşısında yatmaq olmaz”.
İlahin, Bizimyol.info