Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pantomima Teatrında "İblis"in ictimaiyyətə baxışı təqdim olunub
Pantomima Teatrında "İblis"in ictimaiyyətə baxışı təqdim olunub

Ötən gün Dövlət Pantomima Teatrında Hüseyin Cavidin “İblis” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın ictimaiyyətə baxışı təqdim olunub.

Öncə teatrın yaradıcısı və baş rejissoru Bəxtiyar Xanızadə bildirdi ki, tamaşa rejissor Bəhruzun “İblis”əsəri haqqında duyğuları, düşüncələri əsasında hazırlanıb.

Daha sonra tamaşa təqdim edildi.

Rejissor Bəhruz Vaqifoğlu Hüseyn Cavidin əsərindəki “İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis”,- fikrini tamaşada göstərə bilmişdi.

Tamaşada insanın düşüncələrinə qalib gəlməyə çalışması, kənardan müdaxilələrlə İblisə ram olması hiss edilir. Həyatın çətin olması və bu çətinliklərin içindən əlindən tutub birinin səni qaldırmasına ehtiyacın var.

Hər şeydən yorulursan. İnsanların düşüncələri, etdikləri səhvlərdə bir-birini günahlandırması, ən sonda günahsızın günahkar kimi göstərilməsi əsərdə göstərilir.

Yorulursan. Ətrafdakı səslər... Ətrafdakı insanların düşüncələri. Həyatında yaşadığın boşluq. Bəzən depresiyaya qapılıb pərdələri qapadırsan. Tənhalığa can atırsan. Bəzən özün özünlə mübarizə aparırsan. Qışqırırsan, bağırırsan, ürəyin yerindən çıxacaq kimi olur. Nə ölə bilirsən, nə də yaşaya...

Diz çökürsən, çökürsən. Bu zaman birisi gəlib saçlaırnı oxşayır. Səni ürəyinə sıxır. Dəyərli olduğunu hiss etdirir. Böyük eşq yaşayırsan. Aranıza heç kimin girməsinə icazə verməməyə çalışırsan. Bəzən onun da daxilində səni qıracaq hisslər yaşanır. Bu həyat elədir ki, tam heç nə yoxdur. Bütün duyğuların, bütün sevgilərin, hisslərin içində bir natamamlıq var...

Həyat iblislərlə doludur. Onu səndən qoparmaq istəyənlər, içində olan yeganə sevgini əlindən almağa çalışanlar var. Və natamamlıq varsa, bu çox asandır. Sən nə qədər mübarizə aparsan da, məğlub sənsən.

Bəzən hamı birdən üzərinə gəlir. Bəzən hər şey üst-üstə düşür. Yükünü çəkməyə çalışırsan. Bu yük, günahların, səhvlərin... Amma insanın həyatda yeganə günahı inanmaqdır. İnanmasan da yaşaya bilməzsən ki...

Tamaşaya baxarkən rejissorun bu həyatı tamamilə dərk edib, “İblis”-dən real şəkildə təsirləndiyi hiss olunur.

Əsərin böyük psixoloji təsiri var. Səs, işıq effektləri çox gözəl şəkildə qurulub. Rejissor əsərdə üzük, xaç, qırmızı rəng, güllələnmə və s. kimi gizli mesajlarla da öz daxili dünyasındakı hisslərini təsvir etməyə çalışıb.

Aktyor oyunu çox təsirli idi. Baş rolun ifası, rolu yaşayaraq, hiss edərək oynadığını hiss etdirirdi. Qəhrəman çəkdiyi acıları, hönkürtüləri, özü ilə mübarizəsini çox peşəkar şəkildə tamaşaçıya çatdıra bilirdi.

Ümumiyyətlə Pantomima elə bir teatrdır ki, gərək ona təkcə gözlərinlə deyil, bütün hisslərin, duyğuların, varlığına baxasan. Bu zaman əsəri və rejissorun sənə nə demək istədiyini başa düşə bilirsən.

Hüseyn Cavidin “İblis”i rejissorun Bəhruz Vaqifoğlunun baxışı ilə, baş rolu Nurlan Rüstəmovun çıxışı ilə və səhnə sənətinin görüntüsü rəssam Xəyyam Səmədovun təsviri ilə bu günə uyğunlaşdırılmış şəkildə təqdim edilirdi.

Keçmişdə və ya bugün şahidi olduğunuz iblislərin "incə" sənətkarlıqla canlandırılmasını Azərbaycan Dövlət Pantomim Teatrındakı “İblis” tamaşasında izləyə bilərsiniz. Gerçək "iblis" kimdir sualına cavab axtaranların diqqətinə...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »