Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gülüş seansı və ya qarışıq xatirələr
Gülüş seansı və ya qarışıq xatirələr

(Universitet illərimə və tələbəlik dostluqlarımıza xəfif toxunuş)

...Həyatda məni güldürən ən qısa lətifə: "Bu yazıları özün yazırsan?!"

Qonşu fakültənin ştat cədvəlində laborant kimi qeyd edilsə də, əsas işi orda kafedra müdirinin könlünü əyləndirmək olan biri vermişdi sualı: “Bu yazıları özün yazırsan?”

23 yamım vardı onda. Ölkə qəzetlərində boy-boy yazılarım çıxırdı, mən də öz kövrək "külliyyat”ım"la sadəlöhvcəsinə qürrələnib aşağı-yuxarı gəzirdim. Mühazirələrə dəftərsiz girə bilirdim. Müəllimlər də buna göz yumurdu. Arada göz qıyan da olurdu. Baxırdım ki, parta yoldaşım mühazirə müəlliminin az qala... öskürəyini də yazırdı.

Bir dəfə mühazirəçi dedi: "Qələmi qoyun yerə, qulaq asın". Baxdım ki, həmin parta yoldaşım onu da yazıb: "Qələmi qoyun yerə, qulaq asın".

Mən və başqa iki "toxunulmaz" oğlan isə öz işimizdəydik. Məsələn, bilirdim ki, bu mühazirəni müəllim Moskva alimlərinin kitabından “kopyalayıb”, baş-ayaq tərcüməylə çıxardığı və tələbələrə yarızor-yarıxoş satdırdığı "öz” kitabından deyir. Fikirləşirdim ki, onsuz da imtahan yaxınlaşanda orjinaldan oxuyub hazırlaşacam da, bu bomboz dosentin uğursuz plagiatı mənim nəyimə gərəkdir?!

O birilərə gəlincə, Araz aşıqdan, Kür topuqdan...

***

Hərəmiz bir şeylə başımızı qatırdıq. İçimizin daha xarizmatikləri vurulduqları qızlara dəftər vərəqində sevgi məktubu yazırdı, sonra da o kağızı təyyarə formasında büküb düzəldir və sevdiyinin partasına tərəf uçururdular.

***

Elə olurdu ki, "təyyarə" mənzil başına - "hədəf"ə çatmadan başqasının masasına düşürdü. Ancaq hamı bilirdi ki, bunu kim atıb və kimə atıb. Vay o günə ki, "təyyarə" texniki nasazlıq və ya pilot səhvi üzündən qəza təhlükəsi ilə üzləşərək həmin oğlanda gözü olan başqa qızın, ya da gizli rəqibin "hava limanına" "məcburi eniş" etmiş olaydı. O hallarda məktubun cırılması və ya məzmunu gizlətməklə müəllimə xəbərçilik kimi hallar da baş verirdi. Bununla belə "uçuş-enmə" zolağında hərəkətlilik kəsilmirdi; sevgi məktubları yenidən pərvazlanırdılar...

Bəzən də uçan sevgi ismarıcı "çarter reysi" ilə geri qayıdırdı; məktubun "xoşbəxt" obyekti olan qız onu oxumadan geri göndərirdi. Ümumilikdə bu “flirt uçuşları” tək-tük hallarda ortasına qırmızı lent bağlanmış şirinçay stəkanında bitərdi. Çünki bizim qızlar qismətini başqa fakültələrin daha yüksək "uçuş tavanı" altında axtarırdılar. Biz tərəfə, demək olar, baxmırdılar; ucuz ixtisasın kasıb tələbələrinə “sevgi bazarındakı tələbat" plintusdan aşağıdaydı.

***

Ancaq...İçimizdə hamıdan xarizmatik biri vardı. Kənddə Çingiz deyə çağırırdılar. Mayakovski kimi arxaya daradığı qara, gur saçı, hündür boy-buxunu və Koroğludan "copy-past" bığları ilə ürəkləri odlaya-odlaya gəzirdi. Üstəlik xəttatlığı və şairliyi vardı. Bu da azmış kimi hələ öz orjinal zarafat üslubu ilə sadədil qız ürəyinin buzunu asanlıqla əridirdi; qəmzəli biganə gözlərə şans buraxmırdı.

Amma həmişə belə getməzdi ki! Nəhayət, sonuncu kurslarda bəxtinə bir halal südəmmiş çıxdı, Çingizin özünün ürəyini odladı, beləcə, camaatın da "canı qurtuldu".

İndi dörd uşaqla modern qəhrəman atadır.

Yadımdadır, Çingizin ürəyini yanğın yerinə döndərən indiki gəlinbacımız Universitetin yaxınlığında rəfiqəsi ilə kirayədə qalırdı. Çingiz isə uzunluğu heç yüz metrə çatmayan həmin o dalan-küçədə qısıq səslə öz naşı serenadasını oxuya-oxuya gəzirdi:

"Bu küçə, uzun küçə..." və sair.

***

O sevgi və ya heyranlıqlarla, həyəcanla, ürkək eşq bəyanları və işvəli "hə-yox" təyinatlı göz-qaş rəqsləri ilə dolu auditoriya səmalarına yenidən qayıdıram.

Dediyim kimi, hər kəs nəzəri xoşbəxtliyin səksəkəsi içində, eyni zamanda utancaq təbəssümlə "sınaq uçuşlarını" davam etdirməkdə, bəxtini axtarmaqdaydı.

Amma mən!

Bəstə boyum, çəlimsiz anatomik fakturam duyğularımı pərvazlandırmağa heç bir şans qoymamışdı. Üstəlik də orta statistik tələbə kasıblığının son həddində olan, atadan yetim bir kənd uşağıydım. Ona görə də bu "aviaşou"da mənim nəinki "uzaqvuran" sevgi "təyyarəm", heç sınıq-salxaq "heyranlıq dronum" da yox idi. Əks cins arasında populyarlıq göstəricilərim çox aşkardı deyə, o ərgənlik ənginliklərində "yüksək pilotaj" göstərmək fürsətindən məhrumdum. Çox ciddi və qaçılmaz zərurət olmasa, başımı qaldırıb qızların üzünə baxmırdım ki, iraq-iraq, birdən göz-gözə gələrik, vurulub eləyərəm, evim yıxılar! Sonra gecə-gündüz əzab çəkmək var axı!

O səbəbdən həmin aviaparadlar zamanı özümü elə aparırdım ki, guya dağdan ağır kişiyəm; belə "bəsit flirt"lərə marağım və zamanım yoxdu. Arada başımı partaya qoyub özümü mürgüləyən kimi göstərdiyim də olurdu. Odur ki, qəzetə-filana- yazı-pozuya tutunmuşdum; qələmimlə özümə xarizma quraşdırıb dumanlı da olsa, "sevgi perspektivi" aça bilmək illüziyalarına qapılıb getmişdim.

Düzdür, güvəndiyim dağlarda tez-tez "qar uçqunları" da baş verirdi; mənim yaradıcı cazibəm hüquq fakültəsində oxuyan oğlanların "prokuror" gələcəyinə, yaxud tarixdəki qardaşların "raykom"luq perspektivinə qalib gələ bilmirdi. Hələ şərqşünaslıq fakültəsini demirəm; sabahkı-birisigünkü diplomata könül verib Biləcəridən o tərəfə keçmək - o gizəmli ərəb oazisinin ekzotikasına bəxtəvər toxunuşlar etmək xəyalını arıq, kasıb, həm də həvəskar yazarın şübhəli və yalın ilğım macərasına hansı qız dəyişərdi ki?! Ya da ki o qız bəd ayaqda şəhərli gələcək geoloqun əlindən yapışıb, Qara Kontinentin Atlantika sahilləri boyunca, ya da Yakut buzlaqlarında qızıl “axtarmağa gedəcək və kəndin yolunu "unudacaqdı”...

İndi gördünüzmü, mən niyə "məhəbbət aviasiyasına" bu qədər "etinasız" yanaşırdım.

Ancaq ümid axırda ölür deyirlər; mənim kimisinin də o auditoriyada, fakültə dəhlizlərində əslinə qalsa ümiddən başqa heç nəyi yox idi.

Müdriklər deyib ki, Allah kasıbları baha başa gələn günahlardan qoruyur. Amma biz ki günah eləmirdik! Bizim bircə günahımız vardı, o da... kasıb ailədə doğulmaq. Üstəlik də elektronika mühəndisi, yaxud biotexnoloq olmağa gəlməmişdik bura. Antihumanist bir quruluşun humanitar fənnlərini oxuyurduq. Bunun da betəri yazar olmağa meyllənməkdi...

Ancaq, şair demiş: "Heç kim qınamasın, yoldu, nolar?!"

Bilirsiniz də, deyirlər, hər qadın kişini milyoner eləyər, əgər həmin kişi... artıq çoxdan milyarderdirsə... Bu, çox ciddi bir yumordur, bilirəm. Özünün doğura biləcəyi bütün sonrakı kriminoloji və travmatoloji... nəticələri ilə birlikdə.

(Zarafat bir yana: qadınsız ev –evdir, ancaq ocaq deyil...)

Nə isə ki, bax, o heyranlıq, ya da vurğunluq kağızından düzəldilmiş "hava gəmilərinin" xarizmatik kapitanı olmasam da, halımdan gileyli deyildim. Mən də öz ümidlərini kağıza bükürdüm. Sadəcə, forma (elə məzmun da) fərqlənirdi.

Arxası tez-tez mürəkkəb buraxıb orta və şəhadət barmaqlarımı ləkələyən diyircəkli qələmimin və qırxsəkkizvərəqlik kərpici dəftərimin möcüzələr yaradacağına inanmaq istəyirdim. Deyirdim, bəlkə qismətimin "bəxtəvər sürprizi" oxucularımın içindən çıxar. Nə bilmək olar, bəlkə bu ilğım xəyallarımın hansısa üfüqündə gerçəkdən bir "cek-pot" qarşıda məni gözləyir!

Bax, elə bu dəmdə həmin o laborant mənə deyir: "Məqalələri özün yazırsan?!"

Yox bir, xalam yazır (gərçi heç mən fağırın xalası da yoxdu).

***

Möcüzlərə bağladığım onsuz da kövrək və şübhəli ümidlərimə əməlli-başlı balta vurdu. Və yaxşı ki! Nə olursa-olsun, yenə də o laboranta minnətdaram, çünki 34 ildən çoxdir ki, bu lətifəyə gülürəm. Həm də hər şey xeyrəymiş: qayıdıb öz kəndimdə tapacaqmışam qismətimi və xoşbəxt ailəm, iki gözəl övladım olacaqmış...

Və mən indiki xoşbəxtliyimə görə də hardasa elə bu suala borcluyam: “Məqalələri özün yazırsan?”

..."İşdə məhəbbət" romanının, yəni elmi-praktik... flirtin erkən ustalaşdırdığı qarayanız (hətta sanki mulat) tipajın laborantı kəl “zirvə”sinin ətəklərinə seyrək ağ "qar yağmış" kafedra müdirinin "xətrinə" ətəyini tekstil standartlarından və əxlaq tabularından xeyli qısaltmış olsa da, özü də bilmədən və yəqin ki, həm də istəmədən mənim ömrümün zaman ölçüsünü əməlli-başlı uzadıb.

Niyə?!

Çünki gülüş, doğrudan da, ömrü uzadır...

***

Gülüş demişkən. Yadımdadır, biz tərəfdə kənd korrupsionerləri uzunömürlü Gülüş nənənin yaşını azaltmışdılar; 105 yaşlı qarını... analıq məzuniyyətinə çıxarmışdılar. Dekretə. Təbii ki, kağız üzərində.

Xeyr ha, ortada körpə-filan yox idi; zatən qarının qocası çoxdan o biri dünyaya köçüb getmişdi.

Düzdü, Gülüş nənə ərinin üzünü birinci dəfə toy gecəsi şam işığında görmüşdü, ancaq qonşu-qohumun sifarişli imperativi ilə bir yaşacan qoşa qarımışdılar. Axırda kişi qarımağı dayandırıb Allahın rəhmətinə getmişdi. Bəlkə qarımaqdan bezmişdi, ya da müdrik ağsaqqalın həssas ürəyi Şura hökumətinin pensiya büdcəsini talamağa daha artıq razı gəlməmişdi...

Amma indikilər?! 65 il dayanmadan ölkənin torpağını ayaqlayandan sonra üstəlik pensiya da istəyir. Pensiya veriləndə də azdır deyə bəyənmir hələ.

Adamlarda iştaha bax da sən! Vallah-billah, bu zəmanənin ağsqqalları lap korlanıb ha!

***

Hə, "dekret"ə çıxan qarıdan deyirdim axı. Gülüş nənənin 105 yaşı var idi; Dünyaya uşaq gətirmək nədir, özünü yerdən qaldırıb "subaşına" aparmağa belə heyi qalmamışdı. Di gəl, "Sobes" (Sosial Təminat Mərkəzi) mühasibatı qarının adına uşaq yazıb, sonra da "dekretpulu" ilə birlikdə silmişdilər. İndi uşaqpulu ala bilmirsiniz, ancaq, o gözünə döndüyüm Şura hökuməti, nəinki uşaqpulu, hətta... üstündə havayı "uşaq" da verirdi.

Yetmişinci illərin Əlahəzrət "Pripiska"sı, sən nələrə qadir idin!

***

Qərəz, kommunizmə gedən yolayrıcında, Qazaxlı ağsaqqal demişkən, haça-paça qalmış "sosial dövlət"in acgöz "maliyyə dəcəlləri" beləcə Gülüş nənənin "fantom" reproduktiv imkanları hesabına qaz vurub-qazan doldurmuşdular. Ancaq olan o qarının oğluna olmuşdu; kənd arasına çıxmağına peşman idi. Görən-görən soruşurdu: "Təzə qardaşın necədir? Bələyini tez-tez dəyişin e, uşağın altı dolub qalar, yançaqları bişməcə olar. Süddən kəsilib, yoxsa hələ əmir?!"

Gülüş nənəyə lap ürəyim yanmışdı; yaşıdlarının qəbrinin üstündə çoxdan ağac yarpaqlamışdı, o isə mühasibat kombinatorlarının tamahı ucbatından hələ də bu nahaq dünyada "uşaq əmizdirirdi".

Qəbrinin üstündə ağac bitmək demiş, Bumlu can dostumun nənəsi yadıma düşdü. Bir yayın əvvəlində yenə Qəbələyə - dostuma İlqara qonaq getmişdim. Məni qəsəbənin görməli yerlərinə aparmışdı. Səmimi "turpaket"in hüznlü proqramında... qəbiristanlıq da vardı.

Yaxınlarının qəbirlərini ziyarət etdik, dua oxuduq. Gül qoymaq elə də yoxdu kənd yerində; onsuz da qəbrin özü gül bitirir.

Dostumun nənəsinin torpağı çiyələk mövsümünü yaşayırdı. İlqar məzarın üstündə bitmiş o nübar giləmeyvənin birini dərib mənə verdi, birini də özü yedi.

Maraqlı cavab gözləntisi ilə gülə-gülə soruşdu:

- Nənəmin yetişdirdiyi çiyələk necədir?

Dedim:

- Allah rəhmət eləsin! Çox bərəkətli, məhsuldar arvadmış.

O qədər güldük ki... Şükür, gülüş səsimiz, ola bilsin, oralarda gəzinən mollanın "qadağa radarına" düşmədi.

Yaxşı qurtardıq! Yoxsa sol çiynimiz günahın ağırlığından əyilib yerə dəyərdi.

Bu mollaların da qəribə günah-savab ölçmə "cihazları" var. Sizlərdən uzaq, yas yerində imkan vermirlər ki, axırıncı dəfə Nuh əyyamından qabaq görüşdüyün çəpər qonşunla dodaq tərpədəsən; o saat "günah xronometrajını" işə salırlar. "Allah kəlamına qulaq asın" kimi molla peşəsinin cari imperativinə söykənirlər.

Qulaq asırsan, görürsən, keçmişdə Keşlə bazarında badımcan satmağından, yüksək dəqiqlikli texnoloji “möcüzə” olan “ultramodern” tərəzisinin halallığından, cinlərin padşahının erkən "impiçment"indən, nə bilim, siğə institutunun legitim savabından, filan-filan danışır. Arada bir "sola burulub" erotik mətləbləri, hətta yüngülvari intim təfərrüatları da xırdalayır.

Elə mollalar var, onların məclisinə düşsən, nanotexnologiyadan tutmuş mama-ginekologiyaya qədər çox geniş spektrdə biliklər qazanarsan; ağlına və ağzına nə gəldi danışır. Yaslarda mollaların verbal "diktaturası"ndan və eləcə də, arada mömin “tenor”ların eşitmə orqanlarımıza qarşı "vəhşi muğamat" terrorundan həmişə əziyyət çəkirik.

***

"Vəhşi muğamat" Çingizin sözüdür. Bir də görürdün, yataqxanada kefi istəyəndə səsinin yoğun yerində muğam oxuyurdu. Hərçənd buna "muğam" demək də musiqi zövqümüzə qarşı bağışlanmaz folklor cinayəti olardı. Çingiz özü baş-beynimizi aparan bu “zalım” improvizasiyaya belə bir ad qoymuşdu – “vəhşi muğamat”. Birindən xoşu gəlməyəndə yaxınlaşıb adamın düz qulağının dibində elə bir dəhşətli “zəngulə” vururdu ki, başının qapağı qalxırdı az qala.

Ancaq başımızın üstündə Allah var: dindən də, muğamatdan da başı çıxırdı ha...

Bu arada Çingizin öz doğma əmisi Qurdtəpədə mollaydı. Ancaq şəxsi şəcərəsinin bu qaçılmaz və danılmaz faktı Çingizə mane olmurdu; Quran ayələrini Kirill əlifbası ilə "konspektləşdirib" məclislərdə, məzar başında "göz"ü "kor"oxuyan, bir sözlə, özünün də bilmədiyi, hətta ərəblərin də anlaya bilməyəcəyi “ərəbcə”də "dinxoşluq" edən mollalara bığaltı ironiyasından əl çəkmirdi ki o Çingiz...

Bu arada bir tələbəlik dostumuz da var: Fil... Şamaxıdan, Quşçu tayfasındandı.

Universitetdən sonra neçəncisə "Xrebtovı"da hansısa dağlı balasının o zaman üçün "lüks" yarımzirzəmisində kirayədə qalıb bir müddət. Orda çox əhvalatlara şahidlik edib.

Bir gün məhəllədəki yas çadırında molla camaatın gününü qara eləyir: "Dünya söhbətlərini kəsin, dini söhbətə qulaq asın."

Fil deyir ki, məclis qulaq asıb ki, görsün, məhlənin qabaqlar hallı gəzən bu yatıb çıxmışı indi saqqal buraxıb və əlinə Müqəddəs Kitabı alandan - hüzr məclislərinin yuxarı başına keçəndən sonra nə danışır. Eşitdikləri bu olub: "Filankəs telefonu götürüb Müaviyəyə zəng elədi, dedi: "Alə, pasquda..."

...7-ci əsr! Ərəbistan! Müaviyə ibn Əbu Sufyan! Telefon!

***

...Söhbət Gülüş nənənin "fiktivni" uşağından fırlanıb Çingizin psevdomollalara ironik təbəssümünə və Filin kirayə qaldığı "Xrebtovı"ya necə gəlib çıxdı?! Nə bilim?!

...

Bahəddin Həzi,

bizimyol.info

09 iyul 2022-ci il

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »