Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın bu qədər problemi var: ədalətsizlik, yoxsulluq..."
"Rusiyanın bu qədər problemi var: ədalətsizlik, yoxsulluq..."

Rusiyanın müstəqilliyi dövründə söz azadlığı bu qədər bərbad duruma düşməmişdi. Şimal ölkəsində hətta adicə Ukrayna müharibəsi haqda razılaşdırılmamış məqalə istənilən redaksiyaya baha başa gələ bilər. Almaniya mətbuatına müsahibə verən “Novaya Qazeta. Yevropa” dərgisinin redaktoru Kirill Martınov vəziyyətin çox acınacaqlı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, jurnalist indi Rusiyada bu işlə məşğul olmağın təhlükəli peşəyə çevrildiyini deyib. Martınovun fikrincə, daha bu ölkədə jurnalistika yoxdur.

“Sadəcə, dövlətin təbliğat maşını rolunu oynayan media var. Müstəqil qalanlar həyatlarını təhlükəyə ataraq işləyirlər. Putin və ətrafı əlindən gələni edir ki, biz olmayaq. Onlar bilərəkdən bizi ölkədən didərgin saldılar. Hər yerdə senzura tətbiq etmişdilər. Onlar təkcə Rusiya jurnalistikasının ölkədən getməsini yox, həm də tamamilə bitməsini istəyirlər”.

Martınov əmindir ki, Rusiyada milyonlarla insan Ukraynaya hücumun əleyhinədir. Sadəcə, insanlar həyatlarına görə çox qorxurlar. “Novaya qazeta” bacardıqca həqiqətləri insanlara çatdırmağa çalışıb.

“Putin Rusiyada jurnalistikanı məhv etməyə nail olub. Bu, ölkə üçün böyük faciədir. Rusiyanın bu qədər problemi var: ədalətsizlik, yoxsulluq, tibbi ləvazimatların çatmaması, ekoloji problemlər... Bu şərtlərlə jurnalistikanı qadağan etmək uçuruma doğru inamla getmək deməkdir. Cəmiyyət müstəqil mediasız kordur. Bunu SSRİ-də görmüşük. Rəsmi səviyyədə hər şey yaxşı idi, amma ölkə dağıldı”.

“Novaya qazeta”nın redaktoru Rusiyada hələ də cəsarətli jurnalistlərin qaldığını deyir. Onlar məqalələrini öz imzaları ilə yazmaqdan çəkinmir.

“Həmin şəxsləri qorxusuz adamlar adlandırıram. Onlar üçün əsas təhlükə odur ki, Rusiya ərazisində qanuni statusları yoxdur. Mən əvvəllər düşünürdüm ki, ən çətini Çeçenistanda işləməkdir. İndi bütün Rusiyada belə vəziyyət yaranıb. Bizim mənbələr də özünü təhlükəyə atır”.

Martınov sonda canlı efirdə Vladimir Putinə etiraz edən Marina Ovsyannikova haqqında da danışıb. Redaktor həmkarına güvənmədiyini gizlətməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »