Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri baş tutub
“2022 Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində Binəqədi Gənclər evində AREA (Azərbaycan Robot Mühəndislik Akademiyası) şagirdləri üçün “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri baş tutmuşdur.

Yaponiya Səfirliyi tərəfindən Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində növbəti tədbir həyata keçirilmişdir.

8 iyul 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin  birgə əməkdaşlığı ilə Binəqədi Gənclər Evində AREA (Azərbaycan Robot Mühəndislik Akademiyası) məktəbi şagirdləri üçün “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Takeya Yukihiro, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, AREA Robot Mühəndislik Akademiyasının təsisçisi Rəhman Rəsulzadə və digər qonaqlar iştirak etmişdir.

Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilmiş, yeni biliklər aşılanmışdır. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin  birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlamış, daha sonra AREA şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilmişdir. Qeyd etmək istərdik ki, bu il silsilə şəkildə keçiriləcək bu tədbir artıq iki dəfə Azərbaycanın digər məktəblərində baş tutmuşdur.

Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.

Bu il üçün nəzərdə tutulan son bu cür tədbirin Şəki şəhərində keçirilməsi planlaşdırılır.

 

Son xəbərlər
Bütün xəbərlər »