Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Consonu istefaya aparan qalmaqallar: Sevgidən tutmuş pandemiyaya qədər...
Consonu istefaya aparan qalmaqallar: Sevgidən tutmuş pandemiyaya qədər...

İngiltərənin baş naziri Boris Conson təzyiqlərə dözə bilməyib və dünən istefa verdiyini açıqlayıb.

Bizimyol.info 3 illik baş nazirlik dövründə adı qalmaqallarla hallanan Consonun istefasına səbəb olan hadisələri təqim edir:

Karyerasına “The Times” qəzetində jurnalist kimi başlayan Conson 2001-ci ildə İcmalar Palatasına seçildikdən sonra siyasətə qədəm qoyub. O, 2008-ci ildə London meri seçilib və 2016-cı ilə qədər iki müddət bu vəzifədə çalışıb. Daha sonra xarici işlər naziri vəzifəsinə təyin edilən Conson 2018-ci ildə Tereza Meyin istefasından sonra “Brexit” (Böyük Britaniyanın Aİ-dən çıxması) vədi ilə ölkənin yeni baş naziri oldu. 31 yanvar 2020-ci ildə Brexit vədini yerinə yetirsə də, pandemiya və sonrakı proseslər Borisin 3 illik müddətində sağalmaz yaralar buraxdı.

Conson vəzifədə olduğu müddətdə adı müxtəlif qalmaqallarda hallanıb. İlk olaraq, onun adı sevgi məsələləri ilə çəkilib. Belə ki, o, 25 illik həyat yoldaşından boşanaraq üçüncü dəfə Kerri Simondsla evlənib.

Daha sonra pandemiya məhdudiyyətləri davam edərkən, Baş Nazirin İqamətgahında verdiyi gizli məclislər çox danışıldı.

Ona son zərbə isə məhz Kris Pinçerin fevralda Mühafizəkarlar Partiyasının parlamentdəki qrup rəhbəri təyin edilməsi oldu. Pinçerə qarşı təqib iddialarından xəbərsiz olduğunu bəyan edən Conson onlardan xəbər tutdu və kabinetdə bir-birinin ardınca istefalar gəldi.

Xarici media yazır ki, Boris Consona ilk zərbə pandemiya oldu. Başlanğıcda epidemiyanı ciddi qəbul etməyən və sürü toxunulmazlığı metoduna üstünlük verən Conson İngiltərədə yoluxmanın sürətlə yayılmasına və səhiyyə sisteminin az qala çökməsinə səbəb oldu.

Xatırladaq ki, Conson 2020-ci ilin martında virusa yoluxub və reanimasiyada da müalicə olunub. O, bu xəstəliyə tutulduğu zaman lağ obyektinə çevrilmişdi.

Onu da əlavə edək ki, Böyük Britaniyada Boris Consonun istefasından sonra ortaya çıxan ən böyük sual yeni baş nazirin kim olacağıdır. Hazırkı xarici işlər naziri Liz Truss bu vəzifəyə daha real namizəd sayılır.

Onu da qeyd edək ki, Conson Rusiyaya qarşı qətiyyətli mövqeyi ilə tanınırdı. Amma onu Liz Truss əvəz edərsə, bu mövqenin daha da sərtləşəcəyi gözlənilir. Çünki xanım Truss Rusiya və Putin haqqında sərt açıqlamaları ilə tanınır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »