Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq-mühafizə orqanlarından bezən iş adamı "qanuni oğru"lara səsləndi
Hüquq-mühafizə orqanlarından bezən iş adamı "qanuni oğru"lara səsləndi

İş adamı, sabiq deputat Nazim Bəydəmirli ötən gün mətbuat konfransı keçirərək media nümayəndələrinə özünə qarşı edilmiş dələduzluq edilməsi və həmin dələduzluğun müəyyən hüquq-mühafizə orqanları tərəfindən müdafiə edilməsi barədə ciddi məlumatlar verib:

“2004-cü ildə Dövlət Əmlak Komitəsindən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanında yerləşən “Avto Qarant” ASC-yə mənsub olan 60579 ədəd adi səhmləri özəlləşdirmə metodu ilə satın alıb, həmin cəmiyyətin əmlakının 30.0058 faizi qədər mülkiyyət hüquqları əldə etmişəm.

Daha sonra 2005-ci ilin payızında keçirilən seçkilərə qoşularaq, 104 saylı Gədəbəy-Tovuz dairəsindən Milli Məclisə deputat seçilmişəm. Bu müddət ərzində mənə məlumat verilib ki, cəmiyyət daimi olaraq zərərlə işləyir, buna görə də dividendlər səhmdarlar arasında bölüşdürülmür. Araşdırmalardan sonra aydın olub ki, cəmiyyətin gəlirləri aylıq 20000-22000 manat arasında olur. Ancaq həmin məbləğin bpyük bir hissəsini cəmiyyətin rəhbərlik etdiyi şəxslər həmin cəmiyyətin xəzinəsinə mədaxil etmədən, əldə edilən gəliri mənimsəyirlər.

ASC-nin 61% səhmlərinə 2003-cü ildə şübhəli şəkildə sahib olmuş Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı cinayətkar qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. “Avto Qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan bu şəxs, mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlməsi kimi müxtəlif yollara əl ataraq, külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.

Sabiq deputat bildirib ki, adıçəkilən şəxs bütün bu qanunsuzluqları rayon prokurorunun himayəsi altında edir və prokurorluq bu qanunsuzluqlar barədə məhkəməyə təqdimat verməyərək, Onun əməllərini ört-basdır edir:

“Mən 2010-cu ilə qədər “Avto Qarant” ASC-də heç bir icraedici orqanda olmamışam. Həmin ildən ASC ilə yaxından maraqlandığımda mənə məlum oldu ki, adam bu qanunsuzluqlarını son illərə qədər Xətai rayon prokuroru olmuş Yusif İldırımzadənin himayəsi altında edir. Hətta faktlar üzrə açılmış cinayət işləri 3-5 il istintaq süründürməçiliyinə məruz qalmış, Ümumi Yığıncaqda əmisi oğlu Aydın Xıdırova xəsarət yetirib, xuliqanlıq etdiyinə görə polis tərəfindən 48 saat saxlanılan Ədalət Bağırovu prokurorluq məhkəməyə təqdimat verməyərək, yenə əməllərini ört-basdır edib. Xətai rayon prokuroru Sərdar İmanov təyin edildikdən sonra bu “ənənə” hələ də davam edir”.

Nazim Bəydəmirli özünə qarşı edilən bu qanunsuzluğa qarşı Baş Prokurorluqdan ədalətli və operativ yanaşma tələb edir. Onun dediyinə görə, əgər bu məsələ öz qanuni həllini tapmasa, iş adamı 110 səhmdarla birlikdə Baş Prokurorluğun qarşısında davamlı piket təşkil edəcək:

“İndiyə qədər şikayətlərimizin araşdırılmamasından belə anlaşılır ki, mən hüquq-mühafizə orqanlarına rüşvət vermədiyimə görə qanuni şikayətlərim ört-basdır ediləcək? Hüququmun ölkəmizdə və xaricdə olan kriminal dəstələr vasitəsi ilə qorunması və problemin həll olunması üçün “qanuni oğru”lara müraciət etməliyəm? Belədirsə, o zaman mətbuat vasitəsilə həmin şəxslərə müraciət edirəm ki, Azərbaycanda mənə vurulmuş zərəri “öz metodlarınız”la alın və alınacaq vəsaitin 50%-ni sizə halal edirəm” - deyə, Nazim Bəydəmirli müraciətində bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »