Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Türkiyə arasında diplomatik qalmaqal yaşanıb
Ukrayna və Türkiyə arasında diplomatik qalmaqal yaşanıb

Türkiyə bir müddət əvvəl Ukraynadan oğurlanmış taxılla saxlanılan Rusiyanın "Jibek Joli" yük gəmisini azad edib. Gəmi yükləri müvəqqəti işğal altında olan Berdyanskdan gətirib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd edilibb ki, Türkiyə Ukrayna tərəfinin “Jibek Joli”nun həbsi ilə bağlı müraciətinə diqqət etməyib. "Ukrayna tərəfinin müraciətinə məhəl qoymayaraq gəmi iyulun 6-da axşam buraxılıb",- deyə XİN-dən bildirilib.

XİN bəyan edib ki, beynəlxalq tərəfdaşlarla birlikdə Rusiya Federasiyasının Ukrayna ərazisindən taxılın oğurlanması və xarici ölkələrə ixracı ilə bağlı cinayət əməllərini pisləyir. Ukrayna Xarici İşlər Nazirliyi mövcud vəziyyəti qəbuledilməz adlandırıb və buna görə də Türkiyə səfirini çağırıb. “İnkişaf edən qəbuledilməz vəziyyətlə əlaqədar Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub”,- deyə qeyd edilib.

Eyni zamanda Xarici İşlər Nazirliyi qeyd edib ki, gəminin Türkiyə limanında boşaldılmasına icazə verilməyib. Rusiya mediası ekipaj üzvlərinə istinad edərək taxılın hələ də limanda qaldığı barədə yazır.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə “Jibek Joli” gəmisində taxılın mənşəyini araşdıracağını bildirmişdi. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirirdi ki, bu gəmi ətrafında vəziyyət xüsusidir. Bu, Rusiya Federasiyasının Berdyansk limanı vasitəsilə oğurlanmış Ukrayna taxılını aparmağa çalışdığı ilk hadisə idi.

"Bu, qeyri-qanunidir. Bu, böyük həyasızlıqdır. Və təbii ki, bu, müvəqqəti işğal olunmuş limanlardan Ukrayna əmlakını ixrac etmək üçün dəhlizdən keçmək cəhdidir” ,- deyə səfir vurğulayıb.

Xatırladaq ki, “Jibek Joli” gəmisi iyulun 3-də Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb. Ukrayna Türkiyə hakimiyyət orqanlarına gəminin həbsi və daşıdığı əmlakın müsadirə edilməsi üçün sorğu göndərmişdi.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »