Rusiya Ukraynaya qarşı müharibəyə dəstək vermək üçün iqtisadi tədbirlər görməyə çalışır. Elə bu səbəbdən də, Rusiyada “xüsusi iqtisadi tədbirlər haqqında” qanun qəbul edilib.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində məlumat verilib. Qeyd olunur ki, bu qanun Rusiya Federasiyası hökumətinə vəsaitləri səfərbər etməyə və aktivləri dövlət ehtiyatlarından azad etməyə imkan verəcək.
Xatırladaq ki, ötən gün Donetsk vilayətində cəbhə xəttində güclü atəş dalğası qeydə alınsa da, Rusiya qoşunları irəli gedə bilməyib. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, bu böyük ehtimalla Luqansk vilayətində keçən həftə hücumda iştirak edən Rusiya bölmələrinin “islahat aparması” ilə bağlıdır.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Xersona əks-hücum üçün şərait yaratmağa davam edir. Onlar Çernobaevka yaxınlığındakı beynəlxalq hava limanı ərazisində Rusiya qoşunlarının mövqelərinə hücum ediblər.
Xatırladaq ki, bir müddət əvvəl hərbi ekspert İqor Koziy qeyd edib ki, Rusiya Federasiyası Ukraynaya qarşı müharibə planlarına dəyişikliklər edib. Çünki Ukraynada ərazilər işğal edildikcə, yeni konstitusiyalar yazılır. Belə olan təqdirdə, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün əks-hücuma keçən zaman Rusiya hakimiyyəti ukraynalıların “əsl Rusiya torpaqlarına” təcavüz etdiklərini iddia edərək bu bəhanə ilə ümumi səfərbərlik elan edəcəklər.
Müharibə Araşdırmaları üzrə Amerika İnstitutu bildirir ki, Rusiyanın Ukraynaya hücumu zamanı əsas məqsəd Kiyevdə rejimin dəyişdirilməsi və ölkənin suverenliyinin aradan qaldırılmasıdır.
Hərbi analitiklər əmindirlər ki, Kreml uzun sürən müharibəyə hazırlaşır.
İlahin, Bizimyol.info