İngiltərədə səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunakın istefa verdiklərini açıqladıqdan sonra başlayan böhran davam edir.
Bizimyol.info xəbər verir ki, İngiltərədə səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunakın istefaya getdiklərini elan etdikdən sonra hökumətdə istefalar davam edir.
Bildirilir ki, dünən Sunakın yerinə təyin olunan Nadhim Zahavi təşviş dolu məktub yazıb. Zəhavi bu vəzifəni sadiqliyindən qəbul etdiyini vurğulayıb və aşağıdakı ifadələri işlədib: “Baş nazir, nə etmək lazım olduğunu bilirsiniz. İndi getmək vaxtıdır”.
Məlumat üçün bildirək ki, İngiltərənin "Metro" qəzeti bu inkişafı "Boris Conson kürəyindən bıçaqlandı" başlığı ilə oxucularına açıqlayıb.
Bu məktubdan qısa müddət sonra Britaniya mətbuatı Consonun istefaya qərar verdiyini açıqlayıb. Xəbərdə Consonun bu qərarını bir neçə saat ərzində açıqlayacağı bildirilir.
BBC isə Consonun Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Xatırladaq ki, Böyük Britaniyanın təhsil naziri vəzifəyə gəldikdən iki gün sonra istefa verib və ölkədə istefa verənlərin sayı 54-ə çatıb.
Əlaqələr Komitəsi qarşısında ifadə verən Conson istefası barədə nə düşündüyünü soruşduqda, "seçdiyim işi bundan sonra da davam edəcəyimi söyləməkdən məmnunam" deyə cavab verib.
Xüsusilə karantin məhdudiyyətləri dövründə Baş nazirlik İqamətgahında verilən məclislər səbəbiylə istefa vermək üçün sıx təzyiq altında olan Baş nazir Boris Johnson , ara seçkilərdə uduzsa belə istefa etməyəcəyini söyləyib.
Qeyd edək ki, Conson iyunun 6-da partiyasının parlament qrupunda keçirilən etimadsızlıq səsverməsində 148 əleyhinə, 211 lehinə səslə qalib gəlib. Bununla belə, xarici mətbuatda Mühafizəkarlar Partiyasının 359 deputatının 40 faizindən çoxunun Consonun istefa verməsini istəməsi İngiltərə baş nazirinin daxili siyasətdə çətin günlərini gözləməsi kimi şərh edilib.
Hazırda da hökumətin bir çox üzvləri Consondan istefa verməsini tələb edirlər.
Leyla, Bizimyol.info