Şri-Lanka son onilliklərin ən ağır maliyyə böhranı ilə üzləşdiyi üçün iflas edib.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə baş nazir Ranil Vikramasinqe deyib. O, parlamentdə çıxış edərkən ölkənin çökmüş iqtisadiyyatını dirçəltmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqların çətin olduğunu bildirib.
O, qeyd edib ki, çünki 22 milyon əhalisi olan Şri-Lanka inkişaf etməkdə olan ölkə kimi deyil, müflis ölkə kimi danışıqlara daxil olub. "İndi biz müflis ölkə kimi danışıqlarda iştirak edirik. Ona görə də biz əvvəlki danışıqlardan daha çətin vəziyyətlə üzləşəcəyik. Ölkəmizin iflas vəziyyətində olması ilə əlaqədar olaraq , ayrıca plan təqdim etməliyik” -deyə Vikramansinq bildirib.
Xatırladaq ki, valyuta ehtiyatları rekord həddə düşdükdən və ərzaq, dərman və yanacaq da daxil olmaqla vacib idxalı ödəmək üçün dollar tükəndiyi üçün Şri-Lanka son 70 ilin ən pis maliyyə böhranı ilə üzləşir.
"Yanacaq və ərzaq baxımından ölkəmiz nə vaxtsa bu böhranla üzləşməli olub. Yanacaq qıtlığı vardı. Ərzaq qiymətləri bahalaşmışdı" deyən nazir əlavə edib ki, Rusiyanın Ukraynadakı müharibəsi vəziyyəti daha da gərginləşdirib.
Vikramansinq borcun restrukturizasiyası və davamlılıq hesabatının avqust ayına qədər BVF-yə təqdim ediləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, razılaşma əldə edildikdən sonra dörd illik hərtərəfli kredit yardımı proqramı hazırlanacaq. Qeyd edək ki, ölkə aprelin 12-də defolt olub. Dövlət borcu 50 milyard dolları ötür və Şri-Lanka bu il 7 milyard dollar ödəməlidir. Eyni zamanda 2026-cı ilə qədər daha 5 milyard dollar ödəməyə borcludur.
BMT-nin məlumatına görə, Ukraynadakı müharibənin nəticələrinə görə dünyanın 70 ölkəsi defoltla üzləşib.
İlahin, Bizimyol.info