Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi jurnalistlər var ki, bununla şantaj formasında məşğul olurlar"
"Bəzi jurnalistlər var ki, bununla şantaj formasında məşğul olurlar"

Media, cəmiyyətin güzgüsüdür. Yəni əslində belə düşünmək lazımdır. Ancaq son zamanlar mediada yer alan qeyri-dəqiq, bayağı məlumatlar cəmiyyətdə mətbuata qarşı inamı öldürür. Mətbuatın hörmətdən düşməsi əslində işini düzgün şəkildə qura bilməyən, idarə edə bilməyən dövlət qurumlarının və dövlət adamlarının ürəyincədir. Bu dəyərsizləşmə prosesi birbaşa mətbuatın özünə, işində professional olan və illərini jurnalistikaya həsr edən şəxslərə zərərdir.

Bəzən, deputatlar, dövlət adamları,dövlət qurumları jurnalistlərin sorğularını cavablandırmaqdan boyun qaçırır. Bunun səbəbi də biz özümüzük. Çünki, Azərbaycanda tənqid jurnalistikası inkişafdan qalıb. Tənqid deyiləndə bəzi qaragurühlar həmin şəxslərin şəxsi həyatını, malını-mülkünü sadalamaqla onlara “zərbə” vurduqlarını düşünürlər. Əslində isə bu elə bizim özümüzə vurulan zərbədir. Təhqir, böhtan, şər, qaralama fəaliyyətinə yer verilməsi ciddi medianı gözdən salır. Bəzən aramıza sızan, özünü jurnalist kimi təqdim edib, orta təhsil belə ala bilməyən şəxslər professional jurnalistika ilə məşğul olanları ayaqlayıb keçməkdən belə çəkinmirlər. Belə bir şəraitdə deputat, dövlət məmuru, dövlət xadimi, dövlət qurumu jurnalistin sorğusuna necə cavab verə bilər. Bəli, ölkədə kifayət qədər işini şəffaf görə bilməyən, korrupsiya ilə məşğul olan dövlət qurumları, məmurlar və s. var. Amma mətbuat onların da qarşısını almaq gücündə olmalıdır.

Deputat Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, medianın rolu təkcə Azərbaycanda deyil, bütün dünyada artmaqda davam edir.

“Poizitiv çoxdur. Ancaq qismən neqativ də var. Pozitiv ondan ibarətdir ki, insanların problemlərini media qabardıb cəmiyyətə göstərə bilir. Bu məlumat ictimailəşir və bu məlumat gedib hakimiyyətə çatır. Hakimiyyət də bilir ki, belə problem var” - deyən deputat qeyd edib ki, professional, işini yaxşı bilən jurnalistlərlə yanaşı bu işdən istifadə edən və öz fikirlərini cəmiyyətə təlqin etməyə çalışan jurnalistlər də mövcuddur.

“Bəzi jurnalistlər var ki, bununla şantaj formasında məşğul olurlar. Elə bir addımlar atırlar ki, etik qaydaları pozurlar. Amma yenə deyirəm, müsbət 90-95 faizdir. Bilirsiniz ki, belə jurnalistlərlə dövlət mübarizə aparır. Ümumiyyətlə etik qanunlar var, onları pozmaq olmaz.

Bir dəfə saytların birində yazılmışdı ki, “Rüfət Quliyev rus dilini də, Azərbaycan dilini də bilmir”. Bu xəbər əlbəttə ki, mənə təsir etdi. Çünki məlumatı yazan jurnalistin təbii ki, başqa marağı var idi. Və yaxud da mənim hesabıma özünə şan-şöhrət qazanmaq istəyirdi. Çox sadə olaraq “youtube” açaraq, mənim rus dilində verilişlərimə baxmayıb. Vikipediyaya daxil olub, baxmayıb ki, mənim 300-dən çox elmi məqalə, kitab, broşuralarım var. Mən bir neçə ölkədə çıxıb etmişəm, hələ də davam edirəm. Hansı universitetlərin professoruyam və s.

Ümumiyyətlə təkcə deputatın deyil, kim olursa olsun, onun şəxsi həyatını və yaşadıqlarını, qəzaya düşməsini və s. qabardıb yazmaq düzgün deyil. Təbii ki, jurnalist hər şeydən yaza bilər. Amma korrupsiyadan yazılsın, məmurların diqqətsizliyi, laqeydliyindən yazılsın, ölkənin uğurlarından yazılsın” - deyə R.Quliyev əlavə edib.

Deputat bildirir ki, dövlət qurumları arasında elə qurumlar var ki, onların fəaliyyətindən çox razıdır. “Azəriqaz”-ın rəhbəri işini düzgün qurub. O, istehlakçılarla münasibətini düzgün şəkildə yaradıb. “Azərişıq” və “Azərenerji”-nin müsbət siyasətindən, müsbət işindən yazmaq lazımdır. Amma... Deputat bildirir ki, əksər qurumlarda qaynar xəttlər işləmir, telefonlara cavab verilmir.

“Mən bu gün hələ ki, adlarını çəkmək istəmirəm. Amma onların rəhbərlərinə sizin vasitənizlə müraciət edirəm. “Götürün özünüz öz qaynar xəttinizə gündə 3 dəfə zəng vurun. Görün cavab verilirmi? Hansı qaynar xəttə zəng vurursan, sanki zəngin komosa gedir. Nə cavab var, nə telefonu açırlar. Cavab verdikləri zaman elə cavab verirlər ki, bu cavab heç kəsi qane etmir.

Mən şəxsən bir çox layihələrin rəhbəri olanda, bütün layihələrdə qaynar xəttlər qoymuşdum. Özüm zəng edib, yoxlayırdım vəziyyəti. Sual verirdim. İndi bu dövlət qurumları rəhbərləri özləri zəng edib, vəziyyətlə maraqlanmalıdır” - deyə deputat bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »