Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu istefalardan sonra Conson sağ qala bilməz" - İngiltərədə nə baş verir?
"Bu istefalardan sonra Conson sağ qala bilməz" - İngiltərədə nə baş verir?

Böyük Britaniyayanın baş nazir Boris Consonun kabinetində iki mühüm ad olan maliyyə naziri Rishi Sunak və səhiyyə naziri Sacid Cavidin istefası İngiltərəni şoka salıb.

Bizimyol.info xəbər verir ki, Sacid Cavid Consona yazdığı istefa məktubunda bildirib: “Ölkəmiz böyük çətinliklərlə üzləşir. Hökumətdən getdiyim üçün üzr istəyirəm, amma belə nəticəyə gəldim ki, biz belə davam edə bilmərik”.

Conson isə istefalara məktubla cavab verərək, çox təəssüfləndiyini bildirib.

Xatırladaq ki, keçən ay "Partygate Scandal" adlanan araşdırma nəticəsində məlum oldu ki, 2019-cu ildə baş nazir olan Conson, öz hökuməti tərəfindən qoyulmuş məhdudiyyətləri açıq şəkildə pozub. Bundan sonra ona Mühafizəkarlar Partiyası tərəfindən etimadsızlıq səsi verildi. Belə ki, Mühafizəkarlar Partiyasından olan 359 deputatdan 148-i Consona etimad göstərmədiyi ilə bağlı səs verdi. Bu hadisələrdən sonra partiya daxilində narazılıqlar artmağa başladı.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının sədri Oliver Douden də ardıcıl seçki məğlubiyyətlərinə görə ötən ay istefa vermişdi.

Xarici media yazır ki, Rişi Sunak və Sacid Cavidin istefaları çətin günlər keçirən baş nazir Consona ən böyük zərbə olub. İngiltərə mətbuatı bu vəziyyətin Conson hakimiyyətinin sona çatmasına yol açdığını yazıb.

İngiltərənin "Guardian" qəzeti öz xəbərində "Boris Conson hələlik axsayır, amma bu nə qədər davam edəcək?" başlıqlı məqalə ilə çıxış edib.

“The Times” qəzeti “Conson astanada” başlıqlı manşetində “Conson döyüşməkdə qərarlıdır, lakin onun bu müharibədə qalib gəlmə şansı çox zəifdir”,- deyə yazıb. Qəzet qeyd edib ki, Consonu istefaya razı salmaq mümkün olmasa, qanunvericilərin göstərişlərə əməl etmədiyi vəziyyət yarana bilər və bu, İngiltərəni qarışıqlığa sala bilər.

"Daily Telegraph" qəzeti isə "bu istefalardan sonra hətta Boris Conson da sağ qala bilməz" şərhini yazıb. "Reuters" xəbər agentliyi həmçinin Mühafizəkarlar Partiyasının daha çox xadimlərinin "Conson üçün oyun bitdi" ifadəsini işlətdiyini bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »