Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Kiyevi Moskva ilə sülhlə bağlı danışıqlara cəlb etmək üçün Almaniya hakimiyyətinə və Qərb ölkələrinə Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı müraciət ünvanlayan alman ziyalılarına cavab verib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə “Bild” nəşrinə müsahibəsində bildirib. Podolyak bildirib ki, müraciət edən Almaniya ziyalıları bu müharibənin mahiyyətini qismən dərk etmirlər.
"Bu müharibə bir ərazi uğrunda, müəyyən resurslara sahib olmaq və ya Rusiya Federasiyasının bəhs etdiyi respublikaları ilhaq etmək üçün aparılan bir müharibə deyil. Bu, Rusiyayanın öz ölkəsinin şərt və qaydalarını diktə etmək hüququ uğrunda müharibədir”,- deyə Podolyak bildirib.
Onun sözlərinə görə, əgər müharibə səhv şəkildə, yəni Ukraynanın danışıqlarda güzəştə getməsi ilə başa çatarsa, bu zaman yeni baş verəcək münaqişə müəyyən bir müddətə təxirə salınacaq. Yəni Ukraynanın güzəştə getməsi münaqişəni bitirməyəck, sadəcə, təxirə salacaq.
Xatırladaq ki, bir müddət əvvəl 20-yə yaxın alman ziyalısı “Die Zeit” qəzetində Kiyevi Moskva ilə sülhlə bağlı danışıqlara inandırmaq üçün Almaniya və Qərb ölkələrinin hakimiyyət orqanlarını Ukraynaya hərbi yardımı dayandırmağa çağıran müraciət yayımlamışdı.
Ukraynanın Berlindəki səfiri Andrey Melnik isə bu müraciətə cavab olaraq "məğlub olanlara cəhənnəmə getməyi" tövsiyə etmişdi. Bir müddət əvvəl isə, Ukryana Xarici işlər naziri Kuleba demişdi ki, Almaniya və Avropada Rusiya işğalçılarının lideri Vladimir Putini dəstəkləyən insanlar Rusiyanın Ukraynaya qarşı böyük müharibəsində “qismən günahkardır”.
Qeyd edək ki, Rusiya kəşfiyyatının xaricdə öz agentlərini aktivləşdirdiyi deyilir. Ehtimal edilir ki, belə açıqlamalarla çıxış edən "ziyalılar" da əslində Rusiyanın agentləridir. Bununla belə, Almaniya hökuməti də, o cümlədən kansler Olaf Şolz da Putinlə isti münasibətlərə görə tez-tez ittiham olunur.
İlahin, Bizimyol.info