Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremli tənqid edən jurnalist ruhi xəstəxanaya göndərildi
Kremli tənqid edən jurnalist ruhi xəstəxanaya göndərildi

Ukraynanın Mariupol şəhərinə hücumu tənqid etdiyi üçün saxlanılan rusiyalı jurnalist Mariya Ponomarenkonun ruhi xəstəxanaya aparıldığı öyrənilib. Səhhətində heç bir problemi olmayan jurnalistlə bağlı qərar təəccüb doğursa da, müşahidəçilər bunun sovet dönəmində dissidentlərə verilən cəzalara bənzədiyini vurğulayıblar.

Bizimyol.info xəbər verir ki, hökumətin hədəfində olan jurnalist Mariya Ponomarenkonun Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı “ ağıllı insanlar sülh tərəfdarıdır” paylaşımından sonra ruhi xəstəxanaya göndərildiyi açıqlanıb.

İki uşaq anası, 44 yaşlı Mariya Ponomarenko iddia edir ki, hakimiyyət müharibəyə qarşı çıxdığı üçün onu susdurmağa çalışıb. Rusiya rəsmiləri isə jurnalisti “Ukraynanın xüsusi hərbi əməliyyatı” ilə bağlı “saxta” xəbərlər yaymaqda ittiham edirlər .

Xatırladaq ki, Ukraynanın Mariupol şəhərində yüzlərlə dinc sakinin ölümü ilə nəticələnən teatra hücumdan sonra Telegram-da yazdığı paylaşımda Ponomarenko Rusiya hökumətini tənqid edərək , "minlərlə günahsız insanın ölümünü bilə-bilə susmaq mümkün deyil. Ağıllı insanlar sülh tərəfdarıdır", -deyə bildirib.

Bu ifadələrdən sonra Ponomarenko “Rusiya silahlı qüvvələrinin nüfuzunu təhqir etmək” ittihamı ilə saxlanılıb və hakim qarşısına çıxarılıb.

Britaniyanın Dailymail qəzeti jurnalistin Sibirdə "qəddar psixiatriya xəstəxanasına" yerləşdirildiyini yazarkən, Ponomarenkonun vəkili Sergey Podolski iddiaları təsdiqləyərək onun vəziyyətinin 28 gün ərzində Altay Klinik Psixologiya Xəstəxanasında qiymətləndiriləcəyini bildirib.

Bildirilir ki, jurnalisti buradakı qiymətləndirmədən sonra ya on il həbs cəzası gözləyir, ya da qeyri-müəyyən müddətə xəstəxanada həbs oluna bilər.

Bundan əlavə qeyd olunub ki, Rusiyalı jurnalistin qohumlarının xəstəxanaya baş çəkməsinə və ona məktub göndərməsinə icazə verilmir. Ponomarenko hazırda yalnız vəkilləri ilə görüşə bilər. Vəkil Sergey Podolski bildirib ki, müstəntiqlər Mariyanın azyaşlı qızlarını da dindiriblər və onlardan birinin ifadəsi onun anası ilə bağlı sübut kimi dəyərləndirilib.

İndiyədək heç bir psixi problem yaşamayan rusiyalı jurnalistin hansı səbəbdən ruhi xəstəxanaya göndərildiyi məlum olmasa da, müşahidəçilər Ponomarenkonun psixiatrik müalicəyə göndərilməsinin sovet dövründə dissidentlərə tətbiq edilən cəza psixiatriya təcrübəsinə bənzədiyini bildirirlər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »