Ukrayna müharibəsi barədə Rusiya vətəndaşlarının nə düşünməsi çox maraqlıdır. Ziddiyyətli fikirlər səslənir. Bəzi reportajlarda rusiyalılar ədalətli təsir bağışlayır. Amma xeyli sorğular var ki, eşidilənlərdən heyrətlənməmək mümkün deyil. Həmin reportajlarda rusiyalılar sanki Vladimir Putin kimi düşündüyünü ortaya qoyurlar.
Bizimyol.info xəbər verir ki, Varşava konfransında sosioloqlar təkcə Rusiya vətəndaşlarının yox, belorusların və ukraynalıların da mövqeyini ortaya qoyub. Maraqlı nəticələr diqqət çəkir. Ukraynalıların dörddə üçü rusiyalılara gözünü açmağı, yəni həqiqəti görməyi tövsiyə edib. Elə bu qədər rusiyalı da Ukraynadakı hərbi əməliyyatları dəstəklədiyini bildirib.
“Info Sapiens” tədqiqat şirkətinin sorğusunda iştirak edən ukraynalıların 74 faizi rusiyalıları Kreml hakimiyyəinə qarşı mübarizəyə çağırıb. Amma şirkətin rəhbəri İnna Voloseviç deyir ki, Ukrayna vətəndaşlarının Rusiyadan olanlara kin saxlamadığını düşünmək sadəlövhlükdür. Əslində, onlar qarşı tərəfi haqsızlığa göz yummaqda ittiham edir. Sorğuda iştirak edənlərin 24 faizi bunu gizlətmək istəməyib. Həmin kəsim sərt danışıb, qəzəbli görünüb.
Ümumiyyətlə, ukraynalıların 84 faizi müharibədə məhz sıravi rusiyalıları günahkar sayır. Sorğuda iştirak edən Rusiya vətəndaşları daha səbirli təsir bağışlayıb. Onların yalnız 3 faizi nifrət ifadə edib. Böyük əksəriyyəti ukraynalıları möhkəm dayanmağa səsləyib.
Sorğuda iştirak edən rusiyalıların fikrincə, Ukrayna hakimiyyəti faşizmlə məşğuldur və yerli vətəndaşlar bundan yaxa qurtarmağa çalışmalıdır. Onlar Putini yaxşı rəhbər adlandırıb. Rusiyalı respondentlərin 69 faizi Ukraynadakı hərbi əməliyyatlara görə fəxr etdiyini dilə gətirib. Qalanların 12 faizi Kreml qoşunlarının davranışına görə xəcalət çəkdiyini deyib.
“Levada” tədqiqat mərkəzi də az əvvəl Rusiyada sorğu keçirmişdi. Burada da rəqəmlər çox fərqlənmirdi. Respondentlərin 75 faizi hərbi əməliyyatların doğru addım olduğunu bildirmişdi. Cəmi 20 faiz əks fikir ifadə etmişdi.
Tədqiqat mərkəzinin rəhbərlərindən olan Aleksey Levinson rusiyalıların böyük əksərinin Ukraynada nə baş verdiyindən xəbərsiz olduğuna inanır. Buna baxmayaraq, professor düşünür ki, bütün məsuliyyəti Kremlin təbliğat maşınının üzərinə atmaq olmaz. Rusiya cəmiyyətinin təqsiri də böyükdür.
“Rusiyalıların yarısı qorxur ki, Putin qırmızı düyməyə basacaq”, - Levinson Kreml rəhbərinin Qərbi nüvə silahı ilə hədələməsini, şimal dövlətində bundan ehtiyatlananların çoxluğunu nəzərdə tutub.
Sorğuda iştirak edən beloruslar rusiyalılar və ukraynalılardan fərqli olaraq, ölkə başçısının adını çəkməkə çox ehtiyac duymayıb. Onların böyük əksəri Belarus ordusunun müharibəyə qoşulmasının əleyhinədir.
Aytən, Bizimyol.info