Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən yayın dərsləri, yaxud "Azərişıq" anomal istilərə hazırlıq görübmü...
Ötən yayın dərsləri, yaxud "Azərişıq" anomal istilərə hazırlıq görübmü...

Ötən ilin iyul ayında şiddətlənən anomal istilər nəticəsində Bakının bir neçə rayon və qəsəbələrində elektrik enerjisinin verilməsində ciddi problemlər yaranmış, tez-tez yanıb sönən işıqlar bir çox evdə elektriklə işləyən cihazları sıradan çıxarmışdı.

Bu problem illərdir hər yay istilər bir qədər artan kimi təkrarlanır. Ətraf rayonlarda, qəsəbələrdə quraşdırılmış köhnə, dözümsüz transformatorların mühafizə zolaqları yenilənsə də, bir çox yerlərdə özləri yeniləri ilə əvəz edilmir və nəticədə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranır. Xüsusən gecə vaxtı baş verən bu problemi “Azərişıq”ın əməkdaşları kondisioner və bənzəri elektrikli cihazlarının eyni anda işləməsi ilə əlaqələndirir ki, burda da transformatorlara həddindən artıq güc düşür və işləməz vəziyyətə gəlir. Ancaq bu, bir səbəbdən daha çox bəhanəyə bənzəyir.

Əgər transformator həddindən artıq yüklənməyə məruz qalırsa, deməli, ya o çox köhnədir, ya yetərli sayda deyil, ya da vaxtında düzgün baxım göstərilməyib. Çünki isti yay gecələrində kondisioner istifadə edənlər təkcə azərbaycanlılar deyil, dünyanın istənilən ölkəsində eyni anda elektrik cihazları işlək vəziyyətə keçəndə, transformatorlar yüklənmədən dolayı xarab olmur.

Ötən ilin yayında Binəqədi rayonu, Biləcəri qəsəbəsində gecə saatlarında işıq enerjisinin uzunmüddətli kəsilməsi və anidən yanıb-sönməsi, tez-tez közərməsi 43 dərəcə istidə burda yaşayan sakinlərə sözün əsl mənasında cəhənnəm yaşatmışdı. Dəfələrlə “Azərişıq”a edilən zənglər cavabsız qalır, bir çox zaman saymazyana cavablar verilir, ya da “təmir gedir” cümlələri ilə operatorlar narazı insanları yola verirdi. Ötən ilin iyul ayının 11-də baş vermiş bu hadisədə bir çox evdə kondisioner, soyuducu və başqa elektrikli ev əşyaları yanaraq sıradan çıxmışdı. İki gün sonra “Azərişıq”dan verilən açıqlamada bildirildi ki, Biləcəri qəsəbəsində qanunsuz tikililərin sayı çox olduğundan və hər keçən gün orada insan sıxlığı artdığından elektrik enerjisinin verilməsində ciddi problemlər yaranır. Ancaq qurum problemin aradan qalxması üçün ərazidə bu istiqamətlərdə ciddi işlər görür. Baxmayaraq ki, "qanunsuz" dediyimiz həmin tikililər də qanuni şəkildə abonent kodu alırlar. Yəni "Azərişıq"dan xəbərsiz xəttə qoşulmurlar. Deməli, saya uyğun enerji təchizatı tələb olunur...

Bu ilin iyul ayının ortalarında hava ekspertləri anomal istilərin başlayacağını proqnozlaşdırıb. Yəni keçən il olduğu kimi bu il də gecələr 42-43 dərəcəyə çatan anomal istilər müşahidə edilə bilər. Bəs ötən ildən bəri problemin aradan qalxması üçün can-başla çalışdığını söyləyən “Azərişıq” bu ilki istilərə hazırlıq görübmü? Qurumun Mətbuat Xidmətindən Bizimyol.info-ya bildirildiyinə görə, bəli, “Azərişıq” bu yaya tam hazırdır, yəni ötənilki dəhşət bu yay yaşanmayacaq. Ölkədə fəsilöncəsi gücləndirilmiş iş rejiminə keçdiyini iddia edən bəzi enerji qurumlarının açıqlamaları, statistikaları vətəndaşlar üçün nə qədər etibarlıdırsa, inandırıcıdırsa, biz də həmin inanc və etibarla “Azərişıq”ın bu il öz vəzifəsini layiqincə yerinə yetirəcəyinə inanırıq və bu çətin işdə onlara uğur arzulayırıq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »