Antalyanın Manavqat rayonunda 5 ulduzlu oteldə baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə qısa müddətdə söndürülüb. Oteldə qalan 1700-ə yaxın turist təxliyə edilib, 3 nəfər tüstüdən zəhərlənib.
Bizimyol.info xəbər verir ki, iyulun 4-də Örenşehir rayonunda yerləşən 5 ulduzlu otelin texniki xidmətində transformatorda yanğın baş verib. Tezliklə alov böyüyüb, plastik kabellər alovlanıb və yüksələn tüstü oteli bürüyüb.
Yanğın siqnalizasiyasının işə salınması və əməkdaşların köməkliyi ilə oteldə qalan 1700-ə yaxın yerli və xarici turist təxliyə edilib.
Antalya Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları, jandarma və səhiyyə qrupları otelə sövq edilib. Otel əməkdaşlarının və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa müddətdə söndürülüb. Tüstüdən zəhərlənən təhlükəsizlik işçiləri Alanyadakı xəstəxanaya aparılıb, 2 turistə isə oksigen verilib.
Bizimyol.info