Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın tələblərinə Finlandiyadan cavab gəldi
Ərdoğanın tələblərinə Finlandiyadan cavab gəldi

Finlandiyanın ədliyyə naziri ötən həftə Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında razılığa gələn, Finlandiya və İsveçin üzvlüyünə yaşıl işıq yandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tələblərinə cavab verib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə etirazlarından sonra ötən həftə Madriddə keçirilən Liderlər Zirvə toplantısında üç ölkə arasında ortaq memorandum imzalanıb və iki ölkənin NATO üzvlüyünə yol açılıb.

İsveç və Finlandiya bunun müqabilində PKK/YPG/PYD və FETÖ terror təşkilatlarına dəstək verməyəcəklərinə zəmanət verərək Türkiyəyə silah embarqosunu aradan qaldırıb. Bundan dərhal sonra Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan 73 terrorçunun ekstradisiyasını tələb edib.

Son olaraq Finlandiyanın ədliyyə naziri Anna-Maja Henriksson mövzu ilə bağlı mühüm açıqlamalar verib. Ərdoğanın çağırışlarına cavab olaraq Henriksson “ölkənin mövcud qanunvericiliyinə və Ekstradisiya üzrə Avropa Konvensiyasına əsaslanaraq qərarlar verməyə davam edəcəyini” bildirib.

Finlandiya mətbuatına açıqlama verən ədliyyə naziri Ərdoğanın tələblərinə cavab olaraq qanunlarını dəyişmək fikrində olmadığını bildirib. Henriksson ölkədəki kürd vətəndaşların narahatlıqlarını qiymətləndirərkən memorandumun ölkələrin ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun olaraq fəaliyyətlərini davam etdirəcəkləri prinsipinə əsaslandığını müdafiə edib.

Henriksson vurğulayıb ki, Finlandiya xarici ölkələrdən gələn bütün ekstradisiya sorğularını təftiş və hüquqi baxımdan nəzərdən keçirməyə davam edəcək. “Mən cəmi yeddi il ədliyyə naziri işləmişəm və bu müddət ərzində ekstradisiya sorğularına baxan orqanların qərəzsiz və qanuni şəkildə hərəkət etdiyinə heç vaxt şübhə etməmişəm”,- deyə ədliyyə naziri bildirib.

Henriksson əlavə edib: “Qanunun aliliyi və bütün insanlara bərabər münasibət prinsipləri ədliyyə naziri kimi mənim üçün ən vacib məsələlərdir. Bizim dəyərlərimiz bu prinsiplər üzərində qurulub və biz onlara güzəştə getməyəcəyik”.

Henriksson həmçinin xatırladıb ki, memorandumu imzalayan üç ölkə var və bəzi tələblər Finlandiyadan daha çox İsveçi hədəf almış ola bilər. “Konvensiya bildirir ki, sorğunun, məsələn, siyasi cinayətə və ya hərbçilər tərəfindən tanınan, lakin adi cinayət hüququ ilə tanınmayan cinayətə əsaslandığı halda ekstradisiyaya icazə verilməməlidir. Konvensiyanı imzalayanlar da öz vətəndaşlarını ekstradisiya etməyə borclu deyillər”,- deyə bildirib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto əvvəlki açıqlamasında “Türkiyə ilə razılaşdığımız hər şey imzalanan sənəddə yazılıb. Türkiyə ilə aramızda ayrı-ayrı şəxslər və ya insanların siyahısı ilə bağlı müzakirə olmayıb”,- deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »