Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azadlığa və xoşbəxtliyə canatımın Bəyannaməsi...
Azadlığa və xoşbəxtliyə canatımın Bəyannaməsi...

İki gün əvvəl Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində böyük bir bayram ovqatı vardı. Diplomatik nümayəndəliyin həyəti cürbəcür işıqlarla, bayraqlarla, posterlərlə bəzədilmişdi. Posterlər ABŞ-ın İstiqlaliyyət bəyannaməsinin 246 illiyini və ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini işarə, ifadə edirdi. Bu ölkə Azərbaycanın müstəqilliyini tanıyan və Bakıda öz daimi diplomatik missiyasını yaradan ilk dövlətlər sırasındadır. Bunu o günkü təntənəli rəsmi qəbulda hər addımda hiss etdirməyə çalışırdılar.

Səfir Erl (Li) Litzenberger və səfirliyin əməkdaşları özlərini əsl qonaqpərvər ev sahibləri kimi aparırdılar; bu qəbula qatılmış hər kəslə bacardıqca diqqətlə və səmimiyyətlə ünsiyyət qurmağa, qonaqları özünü evindəki kimi hiss etdirməyə çalışırdılar.

Səfirliyin komandasında, ABŞ bayraqlarını daşıyan və həyətin ortasında qurulmuş tribunaya gətirən dəniz piyadalarında, elə qonaqlarda da qəribə və çox zərif bir həyəcan da vardı; dünyanı cənginə almış pandemiyadan sonra ilk dəfədir ki, Azərbaycandakı Amerikalılar özlərinin İstiqlaliyyət bayramında rəsmi qəbul keçirir və qonaqlarını qəbul edirdilər. Həyəcanla yanaşı, sadə təntənə və qürurlu səmimiyyətlə. Azərbaycan cəmiyyəti özünün bütün spektri ilə bu rəsmi qəbulda təmsil olunurdu; həm hökumətdən, həm parlamentdən, həm müxalifətin bütün cinahlarından, vətəndaş cəmiyyətindən, ictimai fəal kəsimdən, mediadan... kifayət qədər çox və mötəbər təmsilçilər, eləcə də xeyli sayda gənclər vardı. Bu, ziyafətə ayrıca məna verirdi.

Səfir Erl (Li) Litzenbergerin və Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifovun çıxışlarından sonra qeyri-rəsmi hissə başlanacaq, qonaqlar bir-biri ilə rahat ünsiyyət quracaq və sonda  – ziyafətin və elə səfirliyin həyətinin axırındakı çardaqda əcnəbi musiqi sədaları altında rəqslər ediləcəkdi, çox rəngli anlar yaşanacaqdı. Bu, daha əvvəl olmamışdı; ritmik musiqi sədaları altında insanlar öz bayram ovqatını yaşadı.

Buna qədər rəsmi hissədə isə dövlətlərarası səmimiyyətdən danışılmışdı; səfir ABŞ-ın Azərbaycanla münasibətlərinin dostluq və bərabərhüquqlu tərəfdaşlıq zəminində inkişafına dair diplomatik üslubda ümumi rezyüme verdi. Nazir Şərifov isə bir az konkret idi; ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana, eləcə də, Azərbaycan Prezidentinin köməkçisinin ABŞ-a qarşılıqlı səfərlərinə toxundu. Payızda yüksək səviyyəli hökumətlərarası birgə komissiyanın ABŞ-da iclas keçirəcəyini, Azərbaycan tərəfinin bu iclasa artıq hazırlıqlar gördüyünü açıqladı. Nazir Şərifovun çıxışında ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna da istinad etdi; iki ölkənin bundan sonra da sıx şəkildə birgə işləyəcəyinə vurğu saldı.

Bəli, İstiqlaliyyət günü əslində iyulun 4-dədir, ancaq səfirlik bu rəsmi qəbulu iyulun 1-də keçirdi. Siz isə bu sətirləri məhz İstiqlaliyyət günü oxuyursunuz. Rəsmi qəbul haqda yazdıqlarımızı bəlkə bir az gecikmiş saya bilərsiniz. Ancaq, xeyr! Amerika xalqının istiqlaliyyət bayramı məhz bu gündür.

1776-cı il iyulun 4-də İkinci Kontinental Konqresin üzvləri tarixə İstiqlaliyyət Bəyannaməsi kimi düşmüş sənədi qəbul edərək Amerikanı Britaniya kralının idarəsindən alaraq müstəqil etdilər. Amerika Birləşmiş Ştatlarını – faktik olaraq müstəqil olan dövlətlərin unikal bir ittifaqını yaratdılar. Bu dövlət bir sənəd üzərində başladı və sonrakı 246 il ərzində dayanmadan inkişaf etdi. Bəli, Amerikanın tarixində də dəfələrlə iqtisadi böhranlar, siyasi qalmaqallar, lokal da olsa etnososial qarşıdurmalar və sair yaşandı. Ancaq bu münaqişələr dövləti sarsıtmadı. İnkişaf üçün motivasiya verdi deyə bilərik. Hazırda ABŞ dünyada ən böyük siyasi gücə, ən nəhəng iqtisadiyyata, ən güclü orduya, ən yüksək elmi və texnoloji potensiala, ən geniş coğrafiyada və iqtisadi bazar miqyasında sərbəst dönərli valyutaya, ən demokratik azadlıqların bərqərar olma və qorunma səviyyəsinə, ən stabil, qadir  sosial müdafiə mexanizminə, ən yaxşı təhsil modelinə, ən ədalətli məhkəmə hakimiyyətinə, seçilmiş və Konstitusion çərçivədə işləyən hökumətə və bir çox başqa üstünlüklərə sahibdir. Bütün bunların mərkəzinə isə insanı qoymuşlar.

İstiqlaliyyət Bəyannaməsinin öz mətninə nəzər salaq. Bəyannamədə deyilir: “Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur”.

Bu sitatdan da göründüyü kimi, İstiqlal Bəyannaməsi Amerika Birləşmiş Ştatlarında demokratiyanı, azadlıqları ən yüksək mərtəbədə qorumağı təsbit edib. Azadlıq hüququnu insanların təbii hüquqları sırasında ilk cərgədə qoyub. Sənədin mətnindən göründüyü kimi, bu, təkcə Amerika xalqının deyil, bütün xalqların istiqlal və azadlıq bəyannaməsidir. Despotik quruluşlara qarşı bəyannamədir. Bu sənəd qəbul olunduqdan sonra Avropaya, bütün dünyanın taleyinə təsir etdi. Cəmi 3 il sonra Fransa İnqilabı baş verdi, kral devrildi və edam edildi. Daha sonra bəşər tarixində misilsiz hadisə olan Almaniya burjua inqilabı oldu. Bu, təkcə Avropada deyil, bütün dünyada yeni tendensiyaların, azadlığa və inkişafa canatımın əsasını qoydu.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini elan edən demokratik dövlət qurucuları da Amerika İstiqlaliyyət Bəyannaməsindən, Amerika Birləşmiş Ştatlarında və Avropada sınaqdan çıxan siyasi modellərdən, adil seçki sistemlərindən, azadlıqlara münasibət nümunələrindən çoxlu maraqlı və faydalı yeniliklər əxz və tətbiq etmişdilər. İndiki kimi elə o zaman da ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyən, Azərbaycan Xalq Cümhuriyyətini tanıyan, Bakıda diplomatik nümayəndəlik açmış dövlətlərdən biri olmuşdu. 71 illik fasilədən sonra Azərbaycan Sovet İttifaqından çıxaraq İttifaq Mərkəzi olan Moskvadan müstəqilliyini geri alanda və öz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında, öz Konstitusiyasında bunu təsdiq edəndə ABŞ-ın İstiqlaliyyət Bəyannaməsindən də ruhlanmış və bəhrələnmişdi. Çünki bu sənəd təkcə bir dövlətin bəyanı deyildi, bütün dünya üçün insan azadlığının və xoşbəxtliyə canatımının istinad nöqtəsi idi və bu gün də həmin statusunu saxlayır. Ona görə də bu gün - iyulun 4-də təkcə Amerikalılara deyil, bütün dünya xalqlarına deyə bilərik: İstiqlaliyyət Bəyannaməniz mübarəkdir!

Orxan Musa Orxan Musa

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »