Sanksiyaya məruz qalan yüklərin Kalininqrada tranzitində Rusiyaya güzəştə getmək mümkün deyil, çünki bu, Kreml üçün yanlış siqnal ola bilər.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolzun müvafiq təklifinə cavab olaraq Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Marko Mihkelson danışıb.
"Ola bilsin ki, bizim bilmədiyimiz başqa bir şey var. Ancaq Rusiya Federasiyasının Odessa limanı üzərindən blokadanı götürmək və Ukraynadan taxıl ixracına icazə vermək üçün heç bir iş görmədiyi bir vaxtda Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsini təmin etmək Moskvaya yanlış siqnal göndərə bilər”,- deyə o əlavə edib.
Onun fikrincə, tranzit məhdudiyyətlərinin aradan qaldırılması Avropa İttifaqı sanksiyalarına əməl edən Litva üçün bir növ cəza olar. Bununla yanaşı, o vurğulayıb ki, “Kalininqradın blokadası” ilə bağlı məlumatlar yalandır. Çünki Rusiya istəsə, ora dəniz yolu ilə mal çatdıra bilər.
Mihkelson hesab edir ki, Estoniya və Baltikyanı ölkələr vahid mövqe tutmalıdır. Yəni Rusiyanı sakitləşdirmək üçün sanksiyaları zəiflətməyə və ya güzəştə getməyə əsas yoxdur. O bildirib ki, məhdudiyyətlərin hər hansı bir şəkildə götürülməsi Şolzun nəzərdə tutduğu deeskalasiyaya gətirib çıxarmayacaq.
"Rusiya heç vaxt Qərbin gərginliyi azaltmaq və ya yumşaltmaq üçün heç bir siyasi səyinə analoji cavab verməyib. Digər tərəfdən isə Rusiyanın Ukraynadakı ticarət mərkəzlərini və yaşayış məntəqələrini atəşə tutması bir daha sübut edir ki, Qərbi Avropa ictimaiyyətinin və beynəlxalq ictmaiyyətin reaksiyası onu maraqlandırmır”,- deyə Mihkelson əlavə edib.
İlahin, Bizimyol.info