Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin 20 yük gəmisi Ukraynadan taxıl daşımağa hazırdır
Türkiyənin 20 yük gəmisi Ukraynadan taxıl daşımağa hazırdır

Türkiyə və Yunanıstan Qara dənizdə yaşıl dəhlizlərin yaradılacağı təqdirdə Ukrayna taxılının ixracı üçün öz yük gəmilərini verməyə hazırdır. Qeyd edək ki, təkcə Türkiyənin sərəncamında 20 belə gəmi var.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammitində Türkiyə gəmilərinin hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Türkiyə diplomatları Ukrayna və Rusiya ilə taxıl dəhlizlərinin yaradılması ilə bağlı danışıqları davam etdirirlər.

"Bizim yol xəritəmiz var, onun icrasına başlanılıb. Biz bu dəhlizi mümkün qədər tez işə salmağa çalışacağıq. Regionda Ukraynadan taxıl çıxarmağa hazır olan 20-yə yaxın gəmimiz var",- deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə üçüncü ölkələrə taxılın boşaldılmasını və çatdırılmasını təmin etməyə hazırdır. “The Guardian” xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Yunanıstan gəmiləri haqqında danışıb. Onun sözlərinə görə, bir çox ölkələr ərzaq böhranının həlli üçün çalışır. "Yunanıstan bildirib ki, Ukraynadan taxıl ixracı üçün gəmilər verməyə hazırdır. Digər müttəfiqlər də ərzaq daşıyan gəmilərin Qara dənizi tərk etməsinə imkan verəcək razılaşmanın əldə edilməsi üçün diplomatik səylərə cəlb olunublar",- deyə NATO-nun baş katibi bildirib.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, onun ölkəsi ərzaq böhranının aradan qaldırılmasında xüsusi rol oynaya bilər. Mitsotakis qeyd edib ki, Yunanıstan dünyanın ən böyük ticarət donanmasına nəzarət edir.

Stoltenberq Ukrayna taxılının ixracı üçün alternativ quru yollarını da xatırladıb. NATO-nun baş katibi vurğulayıb ki, ərzaq böhranı NATO sammitində əsas problemlərdən biri olub.

Xatırladaq ki, Ukrayna limanların blokdan çıxarılması üçün aydın təhlükəsizlik zəmanətlərinin tələb olunduğunu təkid edir. Bu danışıqlarda vasitəçi qismində çıxış edən Türkiyə BMT, Ukrayna, Rusiya və Türkiyənin iştirakı ilə “taxıl dəhlizi” mexanizminin müzakirə olunduğunu bəyan edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »