Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Asif sədaqətli dost olduğu üçün bu ləqəbi ona veriblər"
"Asif sədaqətli dost olduğu üçün bu ləqəbi ona veriblər"

“Mənim dövrümdə elə oğullar şəhid oldu ki, onlarla dünyanı xilas etmək olardı. Nizami, Şərif, Cavanşir, Namiq, Natiq... Hamısı bir-birindən igid... Mən düşünürdüm ki, sağalıb, Ağdamda stadionda toy edəcəyik. Mən bilmirdim ki, Ağdam da gedəcək. Özümə verdiyim suallardan biri də bu idi - Sən necə dözürsən səninlə döyüşmüş oğlanların qanları erməni tapdağı altındadır...”

Fred Asif - Asif Məhərrəmov son müsahibələrindən birində bu barədə danışırdı. Asif Məhərrəmovun başçılıq etdiyi könüllü batalyonu 6 il düşmənə qarşı mübarizə aparıb. Onun batalyonunda özündən başqa qardaşları, bacısı uşaqları da döyüşüb.

Şəhidin qardaşı Ədalət Məhərrəmov, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fonduna rəhbərlik edir. O, Asif haqqında danışarkən müsahibələrinin birində bildirir ki, ağdamlılar Asifi vicdan tərəzisi kimi tanıyırmış. Fred Asifin döyüş yoldaşları danışır ki, xəstə olmasına baxmayaraq o da döyüşlərdə iştirak edirmiş.

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhhərrəmov, 1952-ci ildə iyulun 26-da Ağdamda dünyaya gəlmişdi. Birinci Qarabağ Müharibəsi başlayandan sonra 1991-ci ildə Asif könüllü “Haqq Cəbhəsi” batalyonunu yaradaraq, öz yurd-yuvasını düşməndən qorumağa başlayır. Asifin hərbi təhsili olmasına baxmayaraq, o,  859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir.

1992-ci ildə Asifin iştirakı ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşmən işğalından azad edilir. Elə həmin il Asifin avtomobili ermənilər tərəfindən qumbaraatanla vurulur. Asifin avtomobil çevrilir və o, ağciyərindən ağır xəsarət alır.

Ömrünü səngərlərdə keçirən Asif vərəm xəstəliyindən əziyyət çəkirdi.

1993 -cü ildə Asif Şelli uğrunda döyüşlərdə iştirak edir. Ancaq xəstəliyi ağırlaşdığı üçün hərbi hissəni təhvil verərək, Yalta şəhərinə müalicəyə gedir.

Asif Məhərrəmova "Fred" ləqəbinin verilməsi ilə bağlı müxtəlif fikirlər var. Qardaşı Ədalət Məhərrəmov müsahibələrinin birində deyir ki, “Fred, dost deməkdir. Asif sədaqətli dost olduğu üçün bu ləqəbi ona veriblər”. Bəzi məlumatalara görə isə, “Fred” ləqəbini dostlarını ona 1970-ci ildə Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə veriblər.

Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına küçə var. Hətta Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov haqqında məlumatlar bəzi kitablara da daxil edilib.

Bu gün Asif Məhərrəmovun ildönümüdür. O,1994-cü ildə iyulun 1-də vərəm xəstəliyindən dünyasını dəyişir.

Asif Məhərrəmov Azərbaycanın ilk Milli Qəhrəmanlarından olub, vətəni üçün, yurd-yuvası üçün düşmənlə qəhrəmancasına döyüşüb. Yaratdığı batolyon, keçdiyi döyüş yolu bu gün də gənclərə təbliğ edilir, öyrədilir.

Qəhrəmanlar ölmür deyirlər. Asif Məhərrəmov bu gün həyatda olmasa da, onu qəhrəmanlığı hələ uzun illər dillərdən düşməyəcək.

Tanrıdan şəhidimizə rəhmət, xalqımıza başsağlığı diləyirik. Ruhu şad olsun.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »