Rusiya oliqarxları ilə əlaqəli olan aktivlərin dondurulması davam edir. Belə ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında ABŞ Maliyyə Nazirliyi rusiyalı oliqarx Süleyman Kərimovun aktivlərini dondurub. Məlumata görə, onun 1 milyard dollarlıq aktivləri dondurulub. Oliqarx 2018-ci ildən sanksiyalar altındadır.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə nazilriyin saytında bildirilir. Dondurulmuş aktivlər Delaver ştatında yerləşən “Heritage Trust” kompaniyasına məxsusdur və ABŞ rəsmiləri onun Kərimovun aktivlərini idarə etmək üçün istifadə edildiyini deyirlər.
ABŞ səlahiyyətliləri “Heritage Trust”-a maliyyə inyeksiyalarının rusiyalı iş adamı ilə əlaqəli olduğunu müəyyən edə bilib. Eyni zamanda kompaniya iri dövlət və özəl şirkətlərə pul yatırıb. ABŞ Maliyyə Nazirliyi oliqarxın qardaşı oğlu, Dövlət Dumasının deputatı Ruslan Hacıyevi etimaddan faydalanan şəxs hesab edir. O da bu ilin martında sanksiyalara məruz qalıb.
“Rusiya elitasının etibarlı şəxslərin və mürəkkəb hüquqi tənzimləmələrin arxasında gizlənməsinə baxmayaraq, Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirən və ondan faydalanan şəxslərə qarşı tətbiq edilən çoxtərəfli razılaşdırılmış sanksiyaları fəal şəkildə tətbiq etmək üçün geniş icra səlahiyyətlərimizdən, eləcə də REPO İşçi Qrupu daxilindəki tərəfdaşlığımızdan istifadə edəcək”,- deyə maliyyə naziri Canet bildirib.
Rusiya oliqarxlarının aktivləri: İyunun 29 -da Qərb ölkələri Rusiya oliqarxlarının aktivlərini dondurub. Sanksiyaya məruz qalan rusiyalıların 30 milyard dollardan çox aktivləri bloklanıb, Rusiya Mərkəzi Bankının isə təxminən 300 milyard dollarlıq aktivləri dondurulub.
Sanksiyaya məruz qalan Rusiya vətəndaşlarına məxsus elit daşınmaz əmlak, yaxtalar və digər gəmilər həbs edilib, ələ keçirilib və ya bloklanıb. İyunun 20-dən etibarən Aİ sanksiyaları nəticəsində Rusiya oliqarxları və qurumları dəyəri 12,5 milyard avrodan çox olan dəbdəbəli yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərə çıxışı itirib.
İlahin, Bizimyol.info