Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azad və güclü medianın mövcudluğu üçün siyasi və iqtisadi zəmin olmalıdır"
"Azad və güclü medianın mövcudluğu üçün siyasi və iqtisadi zəmin olmalıdır"

Medianın cəmiyyətdə rolu danlmazdır. Ancaq burada sağlam mediadan söhbət gedir. Sağlam media dedikdə, yayımlanan materialların doğruluğu, rəsmi şəkildə təsdiqlənərək verilməsi, şantaj-böhtan, reketçilikdən uzaq, doğru və dürüst şəkildə tənqid və s. formalı materialların yayımlanmasını həyata keçirən media qurumları nəzərdə tutulur. Ancaq təəsüsüflər olsun ki, bu gün ölkədə “Media haqqında” qanun qəbul edilsə də, hələ də sağlam media tam formalaşa bilməyib. Bunu elektron media qurumlarında yayımlanan xəbərlər, “copy-paste” jurnalistikasının inkişafı və s. sübut edir. Bəzi saytlar var - sanki bir-birini təkrar edir. Eyni materiallar, hətta eyni şəkillər saytlarda yer alır. Yeni qanuna görə, müstəqil şəkildə fəaliyyət göstərən hər bir elektron media qurumundan ən az gün ərzində 20 xəbər media qurumunun öz məhsulu olmalıdır. Amma görünən budur ki, bu copy-paste ilə məşğul olan əksər saytlarda bu 20 özəl xəbər digər materiallara qarışıb, gözə görünmür. Qısası, bu gün Azərbaycanda KİV-in fəaliyyəti o qədər də qənaətbəxş deyil.

Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, media dördüncü hakimiyyət kimi qəbul edilsə də, bu özünü böyük demokratik inkişaf yolu keçmiş və inkişaf etmiş cəmiyyətlərdə təsdiq edə bilib. Geridə qalmış və ya inkişaf etməkdə olan cəmiyyətlərdə isə media bu rolu oynaya bilmir. Onun sözlərinə görə, media cəmiyyət üçün əsas informasiya mənbəyi olmaqla yanaşı, həm də ictimai nəzarət funksiyasını da həyata keçirməli və cəmiyyətin səsi kimi çıxış edərək bu etimadı doğrultmalıdır.

Vasif Qafarov Vasif Qafarov

“Etiraf edək ki, kimdənsə və ya hansısa qurumdan asılı olmayan, özü-özünü dolandıra bilən müstəqil media hazırda yoxdur. Hazırda media ancaq "öz ağasının" sifarişlərini yerinə yetirən bir orqan olaraq çıxış edir. Buna görə də media indi nə ictimai nəzarət funksiyasını yerinə yetirə bilir, nə də cəmiyyətin səsi olub onun etimadını qazana bilir” - deyə tarixçi bildirib.

Tarixçi qeyd edir ki, sosial şəbəkələrin populyar olduğu hazırkı zamanda media rəqabətdə sosial şəbəkələrə uduzur. Nəticədə sosial şəbəkələrdəki başıpozuq, qaragüruhçu qüvvələr söz sahibinə çevrilərək məqsədli şəkildə ictimai rəyi yönləndirə bilirlər.

“Media müstəqil və tərəfsiz olmadıqca və sosial sifarişlərə yönəlib cəmiyyətin problemlərinin əsas müzakirə platformasına çevrilmədikcə, cəmiyyətin etimadını qazana və özünü də inkişaf etdirə bilməz. Azad və güclü media o zaman yaranıb inkişaf edə bilər ki, bunun üçün siyasi və iqtisadi zəmin olsun, həmçinin müstəqil araşdırmalara və opponentli müzakirələrə cəmiyyətdə də tələb olsun. Bu gün belə bir zəmin və tələb yoxdur” - deyə tarixçi bildirib.

Araşdırmaçı-sosioloq Orxan Şahbaz isə Bizimyol.info xəbər portalında açıqlamasında bildirib ki, media-sosial media böyük gücdür.

“Bu gücün arxasında kim durur, nə paylaşır və nə etmək istəyir. Bu üç koordinasiyanı qurduqdan sonra, düşünürəm ki, nəticə effektiv ola bilər. Bütün sosial media və media bilir ki, Azərbaycan cəmiyyətində ara mövzular reytinq cəlb edir. Cinsi mövzular, insanların şəxsi həyatı, kiməsə sataşmaq, intim videolar və s. kimi məlumatların yayılması daha effektiv reytinq verir. Buna görə də, bunun üzərində daha çox fokuslanırlar. Nəticədə media öz güvənini itirir” - deyə sosioloq qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdəndir ki, Azərbaycanda saytları cəmiyyət ciddiyə almır. Cəmiyyət fərqləndirə və araşdıra bilmədiyi üçün hesab edir ki, hamı eynidir. Mütəxəssis bildirir ki, media belə xəbərləri yaymaqla nə etmək istədiyini müəyyən etməlidir.

“Mən düşünürəm ki, pul qazanmaq önəmlidir. Ancaq bu qazancın qarşılığında nəsə fayda verməyi bacarmaq lazımdır. Media insanları aldatmamalı, öyrətməli, fikir bölüşməli, fikir yaratmalı, önəmli məsələləri önə çıxarmağı bacarmalıdır” - deyə Orxan Şahbaz əlavə edib.

P.S. Azərbaycanda medianın fəaliyyəti isə göz önündədir. Əlbəttə ki, hər şeyi düzgün və dürüst şəkildə yazıb, cəmiyyətə çatdırmağı bacarmaq lazımdır. Və bu fonda reytinqi də nəzərə almaq önəmli hesab edilir. Bəzən isə, reytinq qazanma istəyi bütün hədəfləri geridə qoyur. Mediada yalan informasiyalar yayılır. Yalan informasiyaların yaranması isə, bir zamanlar cəmiyyətdə dördüncü hakimiyyət hesab edilən jurnalistikanı bayağılaşdırır. Bunun qarşısını hər hansı bir formada almaq önəmldir. Ancaq necə? Bunun üçün isə, daha dərindən düşünmək lazımdır…

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »