Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Avropaya qaz satışında Rusiyanı üstələdi
ABŞ Avropaya qaz satışında Rusiyanı üstələdi

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Amerika Birləşmiş Ştatları tarixdə ilk dəfə olaraq Avropaya Rusiyadan daha çox qaz tədarük edib. Qeyd edək ki, rekord tədarüklər 2022-ci ilin iyununda qeydə alınıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol sosial şəbəkə səhifəsində məlumat verib.

"Rusiyanın Aİ-də təbii qaz həcmlərini kəskin şəkildə azaltması o deməkdir ki, bu, tarixdə ilk aydır ki, Aİ Rusiyadan boru kəmərləri ilə deyil, ABŞ-dan LNG şəklində daha çox qaz idxal edir”,- deyə Birol qeyd edib.

2022-ci il iyunun 17-də məlum olub ki, Avropa ölkələri Rusiya Federasiyasından tədarük azaldığına görə, qış üçün qaz ehtiyatlarından istifadə edirlər. Avropa Komissiyası sədrinin sözlərinə görə, Aİ ölkələrində ümumi enerji balansının təxminən 24 faizi qazdır. Aİ qazın 90 faizini idxal edir və bu idxalın 40 faizi Rusiya qazıdır.

Rusiya onun pulunu rublla ödəməkdən imtina edən Polşa, Bolqarıstan, Finlandiya və Hollandiyaya qaz nəqlini dayandırıb. İyunun 20-də Kreml etiraf edib ki, anti-Rusiya sanksiyaları Şimal axınını tamamilə dəfn edəcək.

İyunun 22-də isə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Avropaya Rusiyanın qışda qaz tədarükünü tamamilə kəsə biləcəyi faktına hazırlaşmağı tövsiyə edib.

Xatırladaq ki, iyunun 24-də məlum olub ki, qaz qıtlığı səbəbindən Almaniya qonşu ölkələrə qaz ixracını dayandıra bilər.

Hazırda Avropa Rusiyadan enerji asılılığını tam olaraq aradan qaldırmağın yollarını axtarır. Ukryanaya qarşı müharibə başlayandan sonra Almaniya "Şimal axını - 2" layihəsini dayandırıb. Layihə Rusiyadan Avropaya daha çox qaz ixracını nəzərdə tuturdu. Hazırda fəaliyyətdə olan "Şimal axını" boru xəttinin də gələcəyi artıq qaranlıq görünür. Çünki hazırda baş verənlərdən sonra Avropa bir daha heç vaxt Rusiyadan enerji baxımından asılı vəziyyətdə qalmaq istəməyəcəkş Kreml də başa düşür ki, onun müştəriləri zamanla başqa enerji mənbələri tapacaqlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »