Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaur Kamalın qeyri-etik davranışına reaksiya: “Kanal da məsuliyyət daşıyır” - Video
Zaur Kamalın qeyri-etik davranışına reaksiya: “Kanal da məsuliyyət daşıyır” - Video

Sosial şəbəkələrdə günün əsas müzakirə mövzularından ARB telekanalında “Həmin Zaur” verilişinin aparıcısı Zaur Kamalın studiyada qonaq olan müğənniyə qarşı davranışıdır. Söhbət Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini studiyadan qovmasından gedir.

Bizimyol.info xəbər verir ki, hüquqşünas ekspertlər aparıcının bu addımını həm hüquqi, həm də etik baxımdan ciddi pozuntu hesab edir. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də bu fikirdədir.

Ələsgər Əhmədoğlu Ələsgər Əhmədoğlu

Hüquqşünas deyir ki, aparıcı canlı efirdə müğənnini qəsdən aşağılayıb, nüfuzdan salmaq məqsədilə onun ünvanına təhqiramiz davranışa məruz qoyub. Bu hərəkət də həm hüquqi, həm də etik baxımdan məsuliyyət yaradır.

“Media haqqında” qanunun 14-cü maddəsinin 1.7-ci bəndində bütün yayımçıların, o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verməməli olduğu yazılıb.

Həmin qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilib.

“Yəni qanunda təkcə aparıcının yox, həm də onun efirə buraxan ARB telekanalının məsuliyyəti vurğulanır”,- hüquqşünas bildirib. Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. Media haqqında qanunun 47.1.5. maddəsi audiovizual media sahəsində bu qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir.

Hüquqşünasın sözlərinə görə, məsuliyyət daşıyan qurumların çərçivəsi bununla da bitmir: “Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə, Media Agentliyi il ərzində 3 dəfə xəbərdarlıq etdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır”.

Məsələnin etik tərəfinə gəlincə, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsinə görə, jurnalist adamları yaşadığı və ya anadan olduğu yerə görə pisləməməli, onlar haqqında bu qəbildən olan məlumatları qabartmamalıdır: “Halbuki efirdə aparıcı məhz etikadan kənar hərəkət və danışıqları bu kontekstdə başlayır...”

Zaur Kamal müğənni Afşin Azərini studiyadan qovandan sonra bu hərəkətinin səbəbi haqda danışaraq iddia edib ki, o, efirdən əvvəl söhbət əsnasında digər iranlı müğənniləri pisləyib, onları qonaq çağırmasını irad tutub:

“Dedi ki, digər iranlı müğənniləri niyə qonaq çağırırsan? Onları heç İranda tanıyan və sevən yoxdur. Bu nə düşüncədir?! Mən kimi qonaq çağıraram, özüm bilərəm. Deyir ki, “məni o müğənnilərlə bir tərəziyə qoyma”. Mən də buradan bütün iranlı müğənnilərə səslənirəm: kimin gözəl səsi var, qonağımız olmaq istəyir, Instagram hesabımıza yazıb, gələ bilər”.

Afşin Azəri isə MTV Azərbaycan kanalında açıqlamasında Zaur Kamalın yalan danışdığını söyləyib. Onun sözlərinə görə, kimisə efirə çağırmamaq haqda Zaur Kamalla aralarında heç bir söhbət olmayıb: “Mənim sözüm bu olub ki, efirinə dəvət edən qonağın səviyyəsini bilməlisən və onunla elə danışmalısan ki, fanatlarının acığına gəlməsin...

Qurana and içib, deyə bilərəm ki, deməmişəm, qardaş, filankəsi efirə çağırma. Niyə bu sözü deməliyəm?! Hər kəsin əlindən öpürəm...”

Müşfiq Ələsgərli Müşfiq Ələsgərli

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli aparıcının hərəkətinə adekvat addımlar atılacağını deyib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »