Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mənzil bazarında yay aylarında ucuzlaşma müşahidə edilir"
"Mənzil bazarında yay aylarında ucuzlaşma müşahidə edilir"

Yay aylarında bəzi sahələrdə olduğu kimi, daşınmaz əmlak sahəsində durğunluq yaranır. Kirayə mənzil bazarı, bağların və vilların kirayəsi, daşınmaz əmlakın satışı və s. bu kimi sahələrdə aktivlik müşahidə edilməsə də, bəzi istiqamətlər üzrə qiymət artımı müşahidə edilir.

İqtisadçı ekspert Abbas Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər il olduğu kimi 2022-ci ilin də yay aylarında Bakının əmlak bazarında durğunluq müşahidə edilir.

“Bu tendensiya artıq uzun illərdir ki daşınmaz əmlak bazarında hər il təkrarlanır. Bu durğunluq özünü əsasən mənzil bazarında göstərir. Yəni şəhərin mərkəz hissələrində bina evlərinin alqı satqı proseslərinin sayında əhəmiyyətli dərəcədə azalma olur. Bu müddət təxminən avqust ayının 1-ci yarısına kimi davam edir”-deyə ekspert bildirib.

Onun sözlərinə görə, avqust ayının ortalarından başlayaraq yenidən bina evlərinə müştəri tələbinin artması müşahidə ediləcək. İqtisadçı qeyd edi rki, bu aylarda mənzil bazarında nəinki müştəri azalması eyni zamanda satışa çıxan mənzil portfellərində də azalma müşahidə edilir.

“Yəni tələbin azaldığı kimi təklif də azalır. Məhz tələblə yanaşı təklifin də azalması nəticəsində mənzil bazarında yüksək məbləğlərdə ucuzlaşma demək olar ki baş vermir. Ümumi qiymətləri nəzərə alarsaq, mənzil bazarında yay aylarında orta illik qiymətlərlə müqayisədə maksimum 3-4 faiz ucuzlaşma müşahidə edilir”,- deyə o əlavə edib.

A.Məmmədov vurğulayıb ki, mənzillərdən fərqli olaraq yay aylarında torpaq sahələrinin, fərdi yaşayış və bağ evlərinin qiymətlərində hər il olduğu kimi artım müşahidə edilir. Bu artımlar da təbii ki mövsümi xarakter daşıyır.

“Hal hazırda hər il olduğu kimi kirayə mənzil bazarında da durğunluq müşahidə edilir. Tədris ilinin yekunlaşması və insanların istirahət məqsədilə bağ evlərinə üz tutması kirayə mənzil qiymətlərinin enməsinə səbəb olur”-deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Bakı ətrafı qəsəbələrdə həyət evi və bağ evlərinin qiyməti 800 manatdan başlayır. Ən bahalı bağların qiyməti isə, 20000 manata qədər yüksəlir. Bağ evləri və həyət evləri arasında günlük kirayə verilən evlərin qiyməti isə günü 70-80 manatdan başlayır. Villaların günlük kirayə qiyməti isə, 500 manatdan başlayır. Ancaq bu evlər minimum 3 günlüyə kirayə verilir. Azərbaycanın bölgələrində kirayə evlərin qiyməti də Bakıdakı bağ və həyət evlərinin qiymətindən fərqlənmir.

Qısacası, bu yay Bakıda və ya bölgələrdə kiraə ev tutub, istirahət etmək istəəynlər ən az 500 manatlarından keçməlidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »