Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlqar Məmmədov boş qalan deputat yerlərinə görə Prezidentə müraciət etdi
İlqar Məmmədov boş qalan deputat yerlərinə görə Prezidentə müraciət etdi

Respublikaçı Alternativ (REAL) partiyasının sədri İlqar Məmmədov Milli Məclisdə boş qalmış deputat yerlərilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. O, boş qalmış yerlərə seçki keçirilməsini istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə İlqar Məmmədov özü məlumat verib. REAL sədri prezidentə müraciətində yazır ki, 7 dairə üzrə deputat yerlərinin boş qalması ümumilikdə 383 min 545 nəfər seçicinin parlamentdə təmsilçisiz olması anlamına gəlir. Onlardan 186 min 312 nəfər isə deputat təmsilçiliyi üçün nəzərdə tutulmuş 5 illik müddətin yarısı qədər parlament təmsilçiliyindən məhrum qalıblar. Çünki bu 7 dairənin 4-də nəticələr 2020-ci ilin fevralında keçirilmiş parlament seçkilərindən sonra seçkinin yekunu təsdiqlənəndə ləğv olunub.

Ilqar Məmmədov İlqar Məmmədov

Yəni son seçkidən sonra parlamentdə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə deputat təmsil olunmayıb. Bu dairələr üzrə ilkin nəticələrdə Hüseynbala Mirələmov (33), Rauf Arifoğlu (35), Hadı Rəcəbli (74) və Çingiz Qənizadə (80) qalib elan edilmişdi. Sonradan Mərkəzi Seçki Komissiyası (MSK) bu dairələrdə nəticələrin ləğvinə qərar verdi.

Daha üç dairədə isə deputat yerləri sonradan boşalıb. 2020-ci ilin avqustunda 116 saylı Qəbələ seçki dairəsi üzrə parlamentdə təmsil olunan deputat Fəttah Heydərov (Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası) vəfat etdi. 55 saylı Xaçmaz seçki dairəsindən uzun illər parlamentdə təmsil olunmuş Eldəniz Səlimov 2021-ci ilin avqustunda həbs edildi. Onun barəsindəki ittiham hökmü 2022-ci ilin fevralında qüvvəyə mindi və bununla da onun deputatlıq səlahiyyətinə xitam verildi. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə isə bu ilin martında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildi.

İlqar Məmmədov müraciətində bildirib ki, seçicilər də boş qalmış yerlərə seçki keçirilməsini, onları təmsil edən deputatın olmasını istəyirlər.

“Partiyamız bu dairələrdən ikisində yaşayan 1651 seçicidən imza toplayıb”, - REAL sədri yazıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »