Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qadınlar ərlərinin Ukraynadan geri qaytarılmasını tələb edir
Rusiyada qadınlar ərlərinin Ukraynadan geri qaytarılmasını tələb edir

Kreml Ukrayna müharibəsinə əsasən bölgələrdən olan hərbi qulluqçuları cəlb edir. Təsadüfi deyil ki, qonşu ölkədəki döyüşlərdə daha çox Dağıstandan və Buryatiyadan olanlar həyatını itirib. Bu respublikalardan Ukraynaya göndərilmiş hərbçilərin adları Buça qırğınında da xüsusi çəkilirdi.

Bizimyol.info xəbər verir ki, böyük itkilər Buryatiyada narazılıqla qarşılanır. Hərbi qulluqçuların həyat yoldaşları respublika rəhbəri Aleksey Tsıdenova müraciət ediblər. Onlar ərlərinin Ukraynadan geri qaytarılması tələbini irəli sürüblər.

Videomüraciətdə Buryatiyadan olan hərbi qulluqçuların yanvardan ev-eşikdən didərgin düşdükləri, həm mənəvi, həm də fiziki cəhətdən sıradan çıxdıqları bildirilib.

“Fevralın 24-dən hərbi əməliyyatlarda iştirak edirlər. Hərtərəfli əldən düşüblər. Hər biri müxtəlif dərəcəli kontuziya alıb. Evə qayıtmaq zamanıdır”.

Qadınlar bildirib ki, həyat yoldaşlarını təlim adı ilə aparıblar. Dörd aydır çətin şərtlər altında xidmət göstərirlər. Əksəri xəstələnib.

“Televiziya bu özbaşınalıq haqqında danışmaq istəmir. Hamı qorxur, susmaq əmri verilib. Bu ədalətsiz müharibədə hər həlak olan hərbçinin ölümünün məsuliyyəti sizin üzərinizə düşür. Biz oğullarımızın və ərlərimizin vətənə qaytarılmasını tələb edirik”.

Tsıdenova videomüraciətdə görünən qadınlar Tatsinskaya beşinci tank briqadasının hərbçilərinin yaxınlarıdır. Təkcə bu briqadanın 30 üzvünün Ukraynada həlak olduğu məlumdur. Ümumilikdə Buryatiyadan azı 184 hərbçinin həyatını itirdiyi etiraf olunur. Ukrayna mənbələri isə daha böyük itkidən danışır. Buryatiyadan mindən çox hərbçinin öldüyü iddia olunur. Rusiya Mdüafiə Nazirliyi bu haqda susmağa üstünlük verir. Ümumiyyətlə, hərbi qulluqçuların həyat yoldaşlarının müraciətinə də cavab verilməyib.

BBC-nin son araşdırmalarından biri çox maraqlı nüansı ortaya çıxarmışdı. Məlum olmuşdu ki, Ukraynada ölən rusiyalı hərbçilərin əksəri bölgələrdəndir. Haqqındakı məlumatlar tam dəqiqləşdirilmiş təxminən 1000 hərbçinin heç birinin Moskva və Sankt-Peterburqdan olmadığı müəyyənləşmişdi. Onların yalnız bir neçəsinin Moskva vilayətində doğulduğu, kiçik yaşayış məntəqələrindən döyüşlərə göndərildiyi aşkarlanmışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »