Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hətta Ermənistanın özü işğal oluna bilər” - Qriqoryan
“Hətta Ermənistanın özü işğal oluna bilər” - Qriqoryan

Azərbaycanın torpaqlarının böyük hissəsini geri qaytarması bölgədə yeni reallıq yaradıb. Ermənistanda vəziyyəti xeyrinə dəyişmək imkanlarının az qala olmadığını başa düşənlər az deyil. Benyamin Poqosyan yerli mediaya son müsahibəsində acı gerçəkliyi qəbul etmək lazım gəldiyini dilə gətirib. Politoloq Azərbaycanın azad etdiyi torpaqlarda istədiyi kimi davranmasına mane ola bilməyəcəklərini deyib.

Bizimyol.info xəbər verir ki, Poqosyan bölgədə xarici qoşunlara böyük ehtiyac olduğunu qeyd edib. Yəqin politoloq belə ifadə olunanda Rusiya sülhməramlılarını nəzərdə tutur.

“Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Xarici qoşunlar olmasa, böyük ehtimalla, Azərbaycan oranı ələ keçirəcək. Ümumiyyətlə, Ermənistan hələ uzun müddət 2020-ci il Qarabağ müharibəsində itirdiyi torpaqların bir santimetrini qaytarmaq barədə düşünməməlidir. 2023-cü ildə azərbaycanlılar Şuşada və Hadrutda məskunlaşacaqlar. Azərbaycanın planlarına görə, yaxın 8-10 ildə Dağlıq Qarabaq muxtar vilayəti ərazisində onların sayı 50 min nəfərə çatacaq. Nə qədər ürəkaçan olmasa da, Ermənistan bu prosesə mane ola bilməyəcək”.

Politoloqun fikrincə, rəsmi İrəvan daha çox iki məsələyə xüsusi diqqət ayırmalıdır. Birincisi, bölgədə xarici hərbi qüvvələrin olması üçün hər şeyi etmək lazımdır. İkincisi, 3 min kvadratkilometr ərazidə ermənilərin sayının azalmasına imkan verməmək vacibdir.

“Heç olmasa, sürətlə azalmasına yol verməmək lazımdır. Daha çox bu iki məsələyə diqqətimizi ayırmalıyıq. Onsuz da qalanı bizim imkanımız xaricindədir”.

Stepan Qriqoryan da bədbin danışıb. Politoloq Azərbaycanın növbəti hücuma hazırlaşdığına inanır.

“İndiki situasiyada hətta Ermənistanın özü işğal oluna bilər. Azərbaycan indi daha çox onun üzərində işləyir ki, məhz Ermənistanın sülh istəmədiyini, delimitasiya və demarkasiyaya mane olduğunu göstərsin. Çünki beynəlxalq birliyin Azərbaycana münasibəti yaxşı deyil. Elə buna görə bizim xoşumuza gəldi-gəlmədi bu prosesin içində olmalıyıq və “yox” deməməliyik”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »