Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyatın ölümcül həqiqətləri
Həyatın ölümcül həqiqətləri

Və ya biz Allahdan əslində nə istəyirik?!

(esse-hekayə)

Epiqraf:

Əlində qələm olanın dəyərini bilin, çünki o, bir dəyərdir. ...Allahın da əlində qələm var!

...Söz vaxtına çəkər; düz iyirmi doqquz il bundan qabaq işlədiyimiz redaksiyanın dəhlizində məşhur analitik yazarla dərdləşirdik. Siqaretləri bir-birinə calayırdı. Tüstü gözlərimi acışdırsa da, söhbət çox şirin idi deyə dostumun nikotin “keyfi”nə bacardıqca tolerantlıq göstərirdim.

Dedi:

- Bu siyasətçilər boş-boş danışır, min cür oyundan çıxır, səninlə mən də oturub ağıllı-ağıllı təhlil edirik.

- Mühakimən çox amansızdır,- dedim.

Kədərlə gülümsədi:

- Həqiqət amansız olur, dostum...

- Ona görə hamı həqiqətdən qaçıb yalana sığınır?!

Növbəti siqaretin tüstüsünü sinəsinə çəkə-çəkə başı ilə: "Doğrudur" işarəsi vermişdi. Ancaq mən əslində sualımın cavabını ondan gözləmirdim; özüm də çoxdan bilirdim.

Zamanla daha dərindən anladım ki, mən də bildiyim və dilə gətirdiyim həqiqətlərin həm “qəhrəman”ı, həm də... qurbanı oluram. Qərəz içində olduğum hadisələr həm də mənim içimdə olub-bitir. Ötən əsrin 91-ci ilində - oktyabrın 18-i günü ölkə istiqlalına bir daha qovuşanda orda –parlamentdəydim; tarixi hadisələrin mərkəzində. Həm jurnalist kimi reportaj hazırlayırdım, həm də vətəndaş kimi qürurlanırdım. Müstəqillik Aktının səsverməsi bitəndə - istədiyimiz və 71 il gözlədiyimiz o qərar qəbul olunanda mən həmin an özümü bir daha yenidən doğulmuş kimi hiss edirdim.

Yox, təkcə qürurlu, şad-xürrəm olayların içindən keçmirdim axı. Ölkəmin ağır zamanlarıydı. Dövlət yenicə doğulmuşdu; göbəyini kəsməyə başımız qarışmışkən, düşmən(lər) başımızı kəsməyə həvəslənmişdi. Hər gün canımızdan can qopurdu; Qarabağda müharibə gedirdi. Bu qürurlu-hüznlü günləri eyni anda yaşamaq nəsibim olmuşdu. Cavanlığımızı yaşamağa imkan tapmadan göz görə-görə vaxtından qabaq qocalırdıq. Peşəmiz gərəyincə hamının ağrılarını hamı ilə bir yerdə, bəzən də hamıdan qabaq öz canımızda – ruhumuzda hiss edirdik. Ancaq nə edəsən ki?! Seçdiyim yol budur; geri dönüşü olmayan bir yol...

Müharibədə hücum edirsənsə, müdafiə olunandan çox itki verəcəyini əvvəlcədən bilirsən. Ancaq paradoks ondadır ki, geri çəkilsən, daha da çox itki verəcəksən. Çünki hücum edərkən bir məqsədin və buna tabe tutduğun bir nizamın vardı, geri çəkilmək isə reflektiv bir davranışdır; həyatını çaşqın, qürursuz və ümidsiz –anlamsız bir xaos perspektivinə, daha doğrusu, perspektivsizliyinə buraxırsan. İrəlidə səni ya həyat, ya ölüm gözləyirdi, geridə isə, nə həyat var, nə də...Ölüm! Ona görə də yaradıcı insan ancaq irəli gedirsə, hərəkətdədir, geriyə atdığı hər addım onu ölümcül sükunətin uçurumuna aparır. Zamanın amansız yaddaşından silinirsən və Zamana zamanla yadlaşırsan...

Bəli, irəli gedirsən və yol boyu sağa-sola göz gəzdirirsən. Görürsən ki, tanıdığın və tanımadığın çoxlu adamlar öz yalanlarına sarılıb xoşbəxt yaşayır. Ancaq sən öz həqiqətinlə yaşlanırsan.

Bundan incinirsənmi?! Özün də bilmirsən. Bildiyin tək bir şey var: bu tablonun özü də bir həqiqətdir axı... Sən içində olduğun hadisələrin mənfi, ya da müsbət “qəhrəman”ı olmuş ola bilərsən. Hamının dərdini özünə dərd seçib yaradıcı tənhalığınla yaşlanıb gedə bilərsən. Ancaq sən qəhrəman deyilsən; Vətən üçün kimsəni öldürmədin. Özün də ölmədin. Əksinə, bax, hər dəfə yenidən doğulursam; gah öz küllərindən, gah da doğmaların göz yaşlarından... Kimə minnət qoyacaqsan ki, atam-qardaşım?!

Yox, mən keçmişdə yazdıqlarımdan heç vaxt imtina etmərəm. Bu vaxta qədər artıq dediyim fikirlərin peşmanlığını yaşamıram, əksinə hələ deyə bilmədiyim və gələcəkdə bəlkə deyə bilməyəcəyim fikirlərin, sözlərin xəcalətini çəkirəm, sadəcə.

Nə bilim, bəlkə də mənim doğrularım heç kimə, ya da, demək olar, heç kimə lazım olmayacaq. Və bəlkə indi də lazım deyil. Ancaq həqiqət bildiyin, doğrudan da, həqiqətdirsə, o hamıya məxsusdur. Bəzən eşidirik, deyirlər: “Həqiqətlərimizi dünyaya çatdıraq” və sair. O, tək sənin deyil. Təkcə yalan onu danışana məxsusdur. Həqiqət isə İlahidən...

Ilahidən olan hər şey hər kəsindir. B də ki sən “özümün” dediyin o həqiqətləri əvvəlcə öz ölkəndə yay, xalqını “öz” həqiqətinə inandır, görüm, inandıra bilirsən! Sonra dünyaya yayarsan. Dünya qaçmır ki! Ya da görürsən ki, böyük-böyük paralar xərcləyirik, cürbəcür yarışlar keçiririk və sair. Olsun! Bir söz demirəm. Amalı: ölkəni tanıtmaq, ən xoşbəxt halda bəyəndirmək olacaq, deyilmi?! Ancaq tanıtmaq hələ bəyəndirmək demək deyil. Bunların hətta hər ikisinin cəmi sevdirmək eləmir. Hər tanıtdığını bəyəndirə bilmirsən, hər bəyəndirdiyini sevdirə bilməzsən. Ölkəni, millətini sevdirməyin ən yaxşı yolu – hamıdan əvvəl özünün sevməyindir. Bax, bu da həqiqətdir; əgər buna dözə bilirsənsə, demək, doğru sözə, azad fikrə sevginin kanalı səndə açıqdır. Tablamadınsa, demək, nifrətin əsirisən. Ən azı hikkənin...

Özüm özümə dayanmadan deyirəm: yazmaq, demək, sonra hesabını da vermək, əzabını da çəkmək bir yaradıcı fərd kimi sənin qismətindir, ya da cəzandır. Necə adlandırırsan-adlandır. Həqiqət səndən əvvəl də var idi, indi də var və həmişə var olacaq. Özündən dahi, qəhrəman, əzabkeş-filan düzəltmə. Heç kimin sənə borcu yoxdur. Sənin həqiqətə borcun var, onu da ödəyə bilməmisən. Bəlkə də heç zaman ödəyib qurtara da bilməzsən. Həqiqətin yanında üzünün bəlkə yarısı, bəlkə də hər ikisi qaradır. Həqiqət səndən ucadır.

Hə, dilə gətirən sən ola bilərsən. Axı sən qəlblərin tərcümanlığına köhnədən könüllüsən! Səni bu dünyaya çağırıb gətirən də elə həmin o  missiyanmış yəqin.

Yol hərəkəti qaydasını pozub, ardınca da vəsiqə göstərib getmə; o göstərdiyin sənin deyil, Allahın sənin üzərinə qoyduğu missiyanın vəsiqəsidir, o tutunduğun həqiqətin – könül tərcümanı könüllüsünün vəsiqəsidir. Şəxsiyyət vəsiqəsi ilə səhv salma. Hərçənd elələri var, üstündə gəzdirdiyi öz şəxsiyyətinin vəsiqəsidirsə, bir başqası özü öz vəsiqəsinin... şəxsiyyətidir; şəxsiyyəti yoxdur, ancaq vəsiqəsi var. Dövlətin qarşısında şəxsiyyətini ASAN aldığın vəsiqə ilə təsdiqləyə bilərsən. Millət isə səni şəxsiyyətindən tanımaq istəyir vəsiqəndən yox! Bir kağız parçasına tutunma!

Nə isə artıq! Bu da ayrı bir dərd dəyirmanı...

Köhnə dostlardan biri deyir: “Sən nə qədər də pessimistsən!” Cavabım: “Pessimist – dünyaya ayıq baxan optimistdir”.

Dünyaya ayıb baxmağım isə həyatın ta körpəliyimdən məni aramsız və amansızcasına dümsükləməyindəndir. Yaşımın hər çağında həyatımın mənə tanıtdığı ən danılmaz həqiqətlər onun özünün vurduğu zərbələrdir.

Düz otuz il qabaq – Ağdərədə bir dəstə əsgərlə düşdüyümüz mühasirədən çıxanda yenidən doğulmuşdum. Təsəvvür edin, sənin əlindəki silah atəş açmır, çünki... qələmdir. Əsgərlər isə düşmənə atəş açdıqca, ölüm daha da yaxınlaşır. Çünki mühasirədə olanın hər atdığı güllə onu silahsızlığa daha da yaxınlaşdırır; mərmisinin sayı azaldıqca, sağ qalmağa ümidi də getdikcə tükənir. Ümidi azaldıqca, artıq hər gülləni sonuncu kimi atır əsgər. Dünyadan əli üzülmüş, Allahdan ipi kəsilmiş kimi hiss edir. Ratsiyanın o başından verilən ümidlərə çox da bel bağlamır. Şərtləşiblər: hərə bir güllə saxlayacaq özünə. Birini də özümçün istədim.

Bax, o anlarda Ölümün soyuq nəfəsini öz ənsəndə hiss edirsən. Ürəyinin hər döyüntüsü sonuncu ola bilər, bunu bilirsən. Sən artıq Əcəllə tanışlıq ərəfəsindəsən.

Və... Birdən ratsiyanın xırıltılı optimizminə ayılırsan; bizimkilər köməyə çatdı. O an Ölümdən son anda döndüyünün fərqinə varırsan və bu, sənin ikinci, kiminin üçüncü, dördüncü, beşinci... mövlududur.

Yeri gəlmişkən, haşiyə çıxım: cəmiyyətdə bir meyl hiss edirəm. Qarabağ Müharibəsini “birinci” və “ikinci” deyə sıralamaq, “nömrələmək” və bu “iki” müharibə arasında fərqləri qabartmaq, ya da yoxdursa da, quraşdırmaq cəhdləri var. Hətta 30 illik müharibə dövründə savaşanları az qala bir-birindən ayırmaq istəyənləri də görürük. “Məğlubiyyətin əsgərləri”, “qalibiyyətin əsgərləri” deyə... Bu, olduqca yanlış və hətta təhlükəli bir tezisdir, dərindən düşünülməmiş - düşünülmədən deyilmiş fikirdir. Əlbəttə, əgər buna “fikir” demək olarsa!

Fikrimi əsaslandırmaq üçün misalları yaxınlıqlardan çəkəcəm. Napoleonun ordusu Moskvanı yandıranda da, sonra Avropanın içərilərinə qovulanda da ona qarşı savaşan rus əsgərləri vardı. Komandanlar da eynilə. Ancaq Moskvanın özünü belə uduzub geri çəkilən əsgərlərə bir cür, sonradan qalib gələnlərə başqa cür yanaşma olmayıb. Nə öz dövründə, nə sonrakı tarixdə. Eləcə də, Hitlerin armadası Sovet İttifaqının az qala yarısını işğal edəndə vuruşmuş olanlara “məğlubiyyətin əsgəri”, Berlinə qədər gedib Reyxstaqa bayraq sancanlara “qalib əsgərlər” demirik. Dövlət də demədi, millət də, ədəbiyyat da, tarix də...

Azərbaycanlı Qafur Məmmədov öz sinəsi ilə komandirini ölümdən xilas edəndə müharibə Krasnodarın Tuapsesində gedirdi; Hitler gəlib Qafqaza dirənmişdi. Və həmin gün İkinci Dünya Müharibəsinin bitməsinə 3 il qalırdı hələ. Matrosun qəhrəmancasına intiharından 5 ay 11 gün sonra Stalin kimi adam ona “Sovet İttifaqı Qəhrəmanı” adı verdi. Ya da elə Mehdi Hüseyzadəni götürək: onun döyüş yolu bitəndə savaşın nə ilə bitəcəyi hələ bəlli deyildi. Mənim böyük əmim 1944-cü ildə Estoniyada gedən döyüşlərdə həlak olub; məğlubiyyətinmi əsgəridir?! Mən hələ ötən əsrin əvvəlində Osmanlıda yaşananları demirəm. Demək olar, bütün məmləkət əldən getmişdi. Ancaq Ordu, xalq, komandan Mustafa Kamal qələbə üçün savaşırdı. Və qazandılar da. İndi kimə qalib, kimə məğlub deyək?! Qalib gələn də, məğlub olan da eyni ordu olur. Sadəcə, 90-larda ölkəmizdə şərtlər başqaydı, indi başqadır. Dövlət yenicə yaranırdı.

Siz südəmər uşaqdan danışmağı və yüyürməyi istəyə bilərsinizmi?!

O zaman ordu döyüşərək əvvəl qalib gəlirdi, sonra ölkənin içindəki və xaricindəki dəngələr dəyişdi, həmin ordu döyüşə-döyüşə məğlub oldu. Bir daha altını cızıram: döyüşsüz təslim olmadı, döyüşərək məğlub oldu. Ona görə də bugünkü qələbələrdə təkcə bu gün vuruşanların deyil, dünən dirənənlərin də zəhmət və qürur payı var. Hərənin Vətənə bir can borcu var və hər kəs o canı verir. Biri dünən öz canını Vətən üçün qoymuşdu, başqası bu gün. Ancaq heç də bütün döyüşən əsgərlərə qələbəni görmək qismət olmur. Olmadı. Odur ki, 90-larda savaşanlar da, 2000-lərdə, 2020-də savaşanlar da eyni sayğıya və qayğıya layiqdirlər. Unutmayaq: elə situasiyalar var ki, məğlubları da mühakimə etmirlər...

Mən o müharibədə bir-birinin qucağında deyə-gülə canını tapşıran nə qədər “lay divar” oğullar görmüşəm. Yaralananda da, öləndə də əsgər qürurunu qoruyan...

Ölümlə burun-buruna olanda adam, heç bilirsiniz, necə arınır! Ancaq, əfsus ki, bu, dinc həyatda Seyran Səxavətin “Daş evlər”indəki kimi bir sonluqla bitir. Bəxti gətirib həyatda qalıbsa, insan yenidən və hətta yeni günahlara qucaq açır. Özünü bu Dünyanın günahlarından asıb... yaşayır.

Bilirsiniz, Allah bizdən tək bir şey istəyir, zamanı gələndə onu da bizdən alacaq; heç fikrimizi də soruşmayacaq. Ancaq biz Allahdan çox şey istəyirik. Biz çoxuq, o tək. İstədiyimizin hamısını ala bilmirik həyatımız boyu; bəzi istəklərimiz bizdən sonra doğrulur. Axı arzularımızın ömrü öz ömrümüzdən uzun olur bəzən. Ya da elə həmişə. Bax, biri bu!

Bu dünyada zamanımız azdır, atam-qardaşım! Bir ömür qədər az. “Ölümcül” dərəcədə qısa...

Mixail Bulqakov deyirdi “Arzularınızla ehtiyatlı olun; onların çin olmaq kimi bir xasiyyəti də var”. Bəlkə elə öz ömrümüzdən uzun olan arzularımızı nəzərdə tuturmuş! Düz məntiq: o qədər çox şeylər arzulamayaq ki, axır gündə gözümüz arxada qalmasın...

Ancaq, yox! Dayanmadıq ki! Dualarımızn hamısı “təkgedişli”ydi; demədik: “İlahi, bizi bəd əməl sahibi olmaqdan qoru, yanına üzüağ gələ bilək”. Elə ancaq bu Dünyada bizə gərək olduğunu düşündüyümüz şeyləri istədik. Dualarımızın qarşılığı gecikdikcə də, pirə getdik, rəml atdırdıq, fal açdırdıq, “dini” möhtəkirliyin biznes dövriyyəsində... yağlı mənfəət olduq.

Biz Allahdan var-dövlət istədik, adını ehtiyatla “ruzi-bərəkət” qoyduq. Qarnımız ac olanda, gözümüz doymadı, gözümüz ac olanda qarnımız doymadı. Ya da heç biri heç vaxt doymadı. Və biz öləri olsaq da, bu Dünyadan ikiəlli (bəzilərimiz hətta “dörd əlli”) yapışdıq; bacardığımızdan artıq qazanmağa, qazandığımızdana artıq xərcləməyə çalışdıq.

Bəzilərimiz Allahdan şöhrət istədi, əvəzində “Şöhrət” ordeni ilə “cəzalandırıldı”! Sağlam can istədik Rəbbimizdən, di gəl ki, bütün günü bədənimizin əleyhinə işləyirik. Məsələn, dayanmadan - dayanıb düşünmədən, düşünüb dayanmadan yeyirik, içirik, gəzirik, ancaq, məsələn, piyada gəzmirik. Günlük  3-5 kilometr və sair və ilaxır. Və axırda həkimə o vaxt gedirik ki, artıq gedə bilmirik; bizi aparırlar...

Bəli, Allahdan uzun ömür istəyirik sanki. “Nə qədər?!” deyə soruşsan, cavab belə olacaq: “Allah bilən məsləhətdir”. Üzündən keçib deyə bilməyəcəksən: “Məsləhət Allahındırsa, işinə niyə qarışırsan?! Sənin işin, sadəcə, yaşamaq! Sənə verilmiş bu həyatı bunca il plansız-proqramsız yaşadığın bəs deyil, hələ bir ölümünü də əvvəlcədən özün planlaşdırmağa çalışırsan?! Nə həddinə?! Nə vaxt uğurlu yaşadın ki, huzurlu ölmək istəyirsən?!”

Bəli, ən xas kontrast da elə buralarda “gizlənib”; sən Allahdan əslində elə onun səndən istədiyini... istəyirsən. Səndən hələ almadığını, ancaq nə vaxtsa alacağını elə indidən... geri istəyirsən. Sən Allahdan ölümsüzlük istəyirsən! Fərqindəsənmi?!

Və əslində bu, sənin həm həqiqətin, həm də yalanındır; bir Allahın günü öləcəyini bilə-bilə, əbədi yaşamaq şansı istəyəcək qədər qəflətə uyub getmisən. Ancaq bəlkə də anlamırsan ki, yaşamaq təkcə fiziki olaraq var olmaq deyil. Fiziki ömür sənin bütün həyatının qısa fasiləsidir əslində. Ruhunu təmiz saxlaya bilsən, bu Dünyada adın qala bilsə, həmişə varsan demək. Doğulanda sənə ad qoyublar, öləndə də sən öz Adını qoya bilsən... Ad qoyub gedə bilsən...

Bilmirəm, bəlkə də bunlar da bir təsəlli hıçqırıqlarıdır, ya da yardım çığırtıları. Bəlkə də hərənin öz həyatı və ölümü haqqında düşündüyü özünə görə doğrudur. Hərənin savab və günah haqqında bəlkə öz fərqli təsəvvürü və fərdi mühasibatı var. Elə düz olan da bəlkə elə odur. Gündüz başını oxşadığı quzunun günorta başını kəsib, axşam süfrəsində antrikot kimi sevən qəssabın da öz həqiqəti varmış! Dünən qarşısında əyildiyi başa ertəsi gün kəndir keçirən, ya da qılınc çəkən cəlladın da öz “doğru”suymuş bu! Başına keçirilən o qətranlı kəndir isə edama məhkum olunmuşun sonuncu gerçəyi olsa gərək.

Filosof Fridrix Nitsşe deyirdi: “Zənginlər kasıblara Tanrıdan başqa heç nə buraxmadı”. Bəlkə elə həmin o: “Allah kasıbın Allahıdır” inancımız da bütün irreallığı ilə burdan gəlir. Ya da bu inanc elə İnsan Allahını tanıyandan bəri həmişə varmış, Nitsşe, sadəcə, bu həqiqətə elm donu biçib.

Qələm əhli kasıb olur axı. Çünki klassik anlamda dövlətin var olmadığı ictimai nöqtələrdə var-dövlət həqiqətlə deyil, elə yalanla qazanılır. Həqiqət axtaranın idealist düşüncə tərzi, altruist davranış modeli var axı hardasa. Sənin ya idealist “Mən” kimi bir Həqiqətin olacaq, ya maddi sərvətin. Sən Həqiqətini ən dəyərli sərvət saymaqda davam etdiksə, Nitsşenin dediyi kimi, zənginlər hər şeyi tutub əlindən alacaq. Sənə, sadəcə, Tanrı qalacaq!

Yaşadıqlarını taleyin ironiyası və ya tələdəki şans sayacaqsan. O şansa əl uzatsan, tələdəsən deməkdir, tələdən qaçsan, şansından üz döndərmisənmiş! Ya da şans səndən. Nə bilim?! Bu labirintdə dönüb durduqca, həyat bir çay kimi gözünün qabağında yanından axıb gedəcək və sənə bu gerçəklə barışmaqdan başqa çıxış yolud qalmayacaq. Əlbəttə, əgər bu, həmin o amansız labirintdən çıxışdırsa! Və özəlliklə, bu, bir yoldursa...

Beləcə, anlayacaqsan: həyatda aldığımız hər zərbə bizə hədiyə edilən bir yeni həyat həqiqətiymiş demək ki...

Və mən, anladığınız kimi, o cür zərbələrə çox “qonaq” edildim həyatımda. Sonuncu belə zərbədən az qala həyatımı itirəcəkdim...

...2006-cı il mayın 19-da səhər çağı indiki Kliniki Tibbi Mərkəzin reanimasiya otağında həkimimin mənə dediyi ilk söz bu, olmuşdu: “Sən təsadüfən salamat qalmısan”.

Deməli, həqiqət axtaran adamların varlığı xoşbəxt təsadüflərdən asılıdır. Çünki onların bütün həyatı “bədbəxt zərurətlər” üzərində qurulub, eləmi?!

Vallah, əcəb də optimistəmmiş! Nə deməzsən!

...Bu günlük həqiqətlər bu qədər! Sonrası sonra...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »