Təkcə həftə sonu, iyunun 25-i və 26-da Rusiya qoşunları Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıblar. Onların ümumi dəyəri 150-220 milyon dollar təşkil edir.
Bizimyol.info bildirir ki, bu barədə Forbes məlumat yayıb. Bildirilir ki, işğalçılar raketlərin əksəriyyətini Jitomir vilayətinə (təxminən 30), daha 20 raketi Çerniqov vilayətinə atıblar. Bununla yanaşı, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də düşmənin raket hücumlarına məruz qalıb. Nikolaev, Xarkov və Kiyev də hücuma məruz qalıb. Forbes-in məlumatına görə, Rusiya əlində olan bütün raket arsenalından “Tochka-U”, “X-22”, “Onyx”, “İskəndər”, “Calibre” və “X-101” istifadə edib.
Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Rusiya raketlərindən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hazırda 18 nəfərin öldüyü bildirilir.
Bu gün səhər Rusiya ordusu Nikolayevə hücum edib. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya dövlətinin dünyanın ən böyük terror təşkilatına çevrildiyini bildirib.
"Bu gün Xarkov, Şimali Saltovka növbəti dəfə vəhşicəsinə atəşə tutulub. Hazırda 5 nəfərin öldüyü, 30-dan çoxunun yaralandığı məlumdur, onlardan 5-i uşaqdır. Hamısı mülki vətəndaşlardır. Arasında bir hərbçi belə yoxdur. Rusiya dövləti dünyanın ən böyük terror təşkilatına çevrilib. Bu artıq bir faktdır. Dünyada hər kəs bilməlidir ki, Rusiya neftini almaq, Rusiya bankları ilə əlaqə saxlamaq, Rusiyaya vergi və rüsum ödəməklə terrorçulara pul verir”,- deyə dövlət başçısı vurğulayıb.
Zelenski Avropanı Rusiya neftindən və qazından imtina etməyə çağırsa da, bu ölkələr hələ də Rusiyadan enerjidaşıyıcıları almağa davam edirlər. Bunun sayəsində Rusiya hələ də irimiqyaslı müharibəni davam etdirə bilir. Sonuncu dəfə Avropa İttifaqı Rusiyadan dəniz yolu ilə neftin idaxlına mərhələli qaydada embarqo qoymağı qərara alıb. Amma bu, kifayət qədər ləng prosesdir və Rusiyanı dayandırmaq gücündə deyil.
İlahin, Bizimyol.info