Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Etiketi oxumadan heç bir qablaşdırılmış qidanı almayın"
"Etiketi oxumadan heç bir qablaşdırılmış qidanı almayın"

Bu gün bütün mağazalarda insanlar üçün “rahat” qidalanma hesab edilən yarımfabrikat məhsullar satılır. Yəni daha ət alıb, çəkib kotlet, düşbərə və s. hazırlamağa ehtiyac yoxdur. Ürəyin dolma istəsə, mağazaya gedib hazır dolma alaraq bişirə bilər və ya dolmanın konservləşdirilmiş versiyasını əldə edə bilərsiniz. Bəli, rahat qidalanma üçün əksər yeməklərin yarımfabrikatını mağazalarda əldə edə bilərsiniz. Kartof, naqet, dolma, düşbərə, gürzə və s. və ilaxır.

  • Bəs bu qidaların sağlamlıq üçün hansı təhlükəsi var?
  • Mağazadan aldığın ətdən hazırlanmış düşbərə ilə, üzərində böyük istifadə tarixi qeyd edilmiş düşbərənin nə fərqi var?

Mütəxəssislərin fikrincə, bir çox elmi araşdırmalar göstərir ki, yarımfabrikatlar piylənmə, xərçəng, ürək çatışmazlığı və diabet kimi xroniki xəstəliklərin əhəmiyyətli səbəblərindən biridir.

Qida eksperti Samir Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indiki şəraitdə iş həyatında olan insanların işdən sonra yemək hazırlaması hər zaman mümkün olmur. Bu səbəbdən də, “fast food” üslubunda məhsullar sifariş edilir. Mütəxəssis qeyd edir ki, bunun əvəzinə, bəzi qidaları bişirərək, soyuducuda saxlamaq daha əlverişli olar. Xüsusilə paxlalı bitkilərin bişirilməsi və saxlanması həyatı asanlaşdırır.

“Ağ undan hazırlanmış çörək və xəmir məmulatları yerinə tam buğda məhsulları istehlak edilməlidir. Şəkər tərkibli şirələr, enerji içkiləri və ya qazlı içkilər yerinə su içmək daha faydalıdır. Məsələn, darçın çubuğu, nanə və ya limon əlavə edərək, suyu dadlanrıda və ya ətirləndirə bilərsiniz. Gün ərzində istehlak edilən qidaların əksəriyyətinin tərəvəzlərdən ibarət olması yarımfabrikatlardan uzaq durmağınızı təmin edəcək. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə gün ərzində ən azı üç pay tərəvəz istehlak edilməlidir”.

Samir Quliyevin fikrincə, bəzən makaronu və s. qidanı daha da dadlandırmaq üçün hazı rsoulardan istifadə edilir. Bu da sağlamlıq üçün zərərlidir.

“Hər növ salat və ya makaron souslarında əlavələr, yüksək natrium və şəkər var. Üstəlik, uzun rəf ömrü olan hər bir məhsul yüksək emal olunmuş qida qrupundadır. Bunların yerinə sousları evdə hazırlamaq məqsədəuyğun olardı”,- deyə qida eksperti əlavə edib. Onun sözlərinə görə, bişmiş, konservləşdirilmiş, dondurulmuş, pasterizə edilmiş və qablaşdırılmış qidalar yarımfabrikat qidalar hesab olunur. Bir qayda olaraq, gündəlik qidalanmada yeni məhsullardan hazırlanmış qidalar istehlak etmək vacibdir. Yəni sağlam şəkildə hazırlanan, saxlama müddəti uzun olmayan qidalara üstünlük verilməlidir.

“Etiketi oxumadan heç bir qablaşdırılmış qida almayın. "Tərkibindəkilər" bölməsinə yaxşı baxın. Tərkibində şəkər və ya un olan, naməlum inqrediyentləri olan və ya həddən artıq çox tərkibli məhsullardan çəkinin” - deyə ekspert əlavə edib. O, bildirib ki, kolbasa və sosiska kimi qidalar əslində problemli qrupu təşkil edir. Onların hazırlanması zamanı və saxlama müddətini artırmaq üçün edilən əlavələr və natrium orqanizm üçün zərərlidir.

“Ev şəraitində hazırlanmış kolbasa bu kateqoriyaya aid deyil, lakin digərləri istehlak üçün uyğun deyil. Yarımfabrikatlardan qurtulmağın ən asan yolu yeməyi özünüzün hazırlamasıdır. Dəyərli vaxtınızı ayırıb, sağlamlığınız üçün önəmli hesab edilən qidalarınızı hazırlayın. Hazır yeməklərə alışan insanlar üçün bunu bir anda kəsmək çətin ola bilər. Odur ki, hər gün az-az yemək hazırlamağa çalışın.

Mağazalardan alınmış yarımfabrikat qidalarla hazırladığınız yeməkləri müqayisə edin. Sağlamlığınız üçün önəmli olan tərəflərini düşünün. Bu gün sizə 30 dəqiqəyə hazır alıb biliridiyiniz dolma və ya düşbərə rahat görünə bilər. Amma bu qidaların sağlamlığınıza verdiyi zərərləri də düşünün” - deyə qida eksperti əlavə edib.

Bəli, hamımız bu gün hər şeyin rahatına qaçırıq. Rahat hazırlanan yeməklər isə, ən çox üstünlük verdiklərimizdəndir. Bu zaman isə, özümüz bilmədən orqanizimimizə zərər vurmuş oluruq. Odur ki, hazır yeməklərlə qidalanmaqdansa, özünüz evdə tez hazırlanan salatlara üstünlük verin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »