Polşa prezidenti Anjey Duda Rusiya Silahlı Qüvvələrinin Poltava vilayətinin Kremençuk şəhərindəki Amstor ticarət mərkəzinə raket zərbəsi endirməsi barədə fikirləribi bildirib. Duda bunu Rusiyanın hərbi cinayəti adlandırıb və Ukraynaya dəstəyi artırmağa çağırıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, o bu barədə “Tvitter”-də paylaşım edib. Siyasətçi işğalçı ölkənin mühüm beynəlxalq tədbirdən - NATO-nun Madriddə keçirilən sammitindən bir müddət əvvəl çox sayda dinc insan kütləsinə raket zərbələri endirməsinə diqqət çəkib.
"NATO-nun Madrid sammiti ərəfəsində Rusiya dinc sakinlərə qarşı növbəti hərbi cinayət törədib. İşğalçı ölkə bu dəfə Ukraynanın Kremençuk şəhərində cinayət edib",- deyə o qeyd edib.
Duda həmçinin Ukraynaya hərbi yardımı artırmağa çağırıb. Günahsız insanlarla dolu ticarət mərkəzinin atəşə tutulmasına Avropanın müdafiəçisi olan Ukraynaya hərbi dəstəyin artırılması ilə cavab verilməlidir”,- deyə Polşa prezidenti yazıb.
Xatırladaq ki, Rusiyanın qırıcı təyyarəsi 27 iyun bazar ertəsi günortadan sonra Amstor ticarət mərkəzinə raket zərbəsi endirib. Partlayışdan sonra bina yanıb. Atəş zamanı ticarət mərkəzində minə yaxın insan olub. Çoxları oradan çıxa bilsə də, çoxlu sayda dinc ukraynalı Rusiya Federasiyasının hərbi cinayətinin qurbanı olub.
Belə ki, indiyə qədər xilasedicilər 18 nəfərin cəsədini tapıb, 59 nəfər yaralanıb. Rusiyanın Kremençuk şəhərində törətdiyi terror aktının nəticələrinin aradan qaldırılması hələ də davam edir. Xilasedicilər bütün gecəni dağıdılmış ticarət mərkəzinin dağıntılarını arasında axtrışları davam etdirib.
Qeyd edək ki, Duda Rusiyaya qarşı ən cəsarətli mövqe nümayiş etdirən dövlət başçılarından biridir. O, Ukraynaya daha çox silah verilməsinə çağırır. Duda hesab edir ki, Putinə "öz simasını qorumaq" imkanı da vermək lazım deyil. Polşa prezidenti Rusiyanın və onun prezidenti Putinin sərt şəkildə cəzalandırılmasının tərəfdarıdır.
İlahin, Bizimyol.info