Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəkli hissə-hissə işlədikcə, şəhid valideynləri baxır..." - Fotolar
"Şəkli hissə-hissə işlədikcə, şəhid valideynləri baxır..." - Fotolar

2020-ci il İkinci Qarabağ müharibəsi zamanı minlərlə ana övladını itirdi. Minlərlə qapıya od-alov düşdü. Müharibədən sonra analar öz övladlarının xatirələrini yaşada bilmək üçün evlərinin divarlarına, otaqlarına şəhid olmuş övladlarının rəsmlərini çəkdirməyi arzulayırdı. Belə bir zamanda hamı rəssam Tural Səlimzadəyə müraciət etməyə başladı. Elə biz də gənc rəssamı şəhid evlərində çəkdiyi şəkillərlə tanıdıq. Tural Səlimzadə bacardığı qədər şəhid analarının arzusunu həyata keçirməyə çalışırdı.

1995-ci il təvəllüdlü olan Tural Səlimzadə əslən Kəlbəcərli olsa da, hazırda Göygöl rayonunda yaşayır. Rəssam deyir ki, əvvələr də rəsm işləri ilə məşğul olub, amma divar rəsmlərinə başlaması müharibədən sonrakı dövrə təsadüf edib.

“Əvvəlcə öz darvazamıza Polad Həşimovun rəsmini çəkdim, alındı və beləcə başladım” - deyə rəssam Bizimyol.info xəbər portalına müsahibəsində bildirib.

rəssam Tural Səlimzadənin çəkdiyi şəhid rəsmi

- Niyə müharibədən sonra rəssamlıqla daha çox məşğul olmağa başladınız?

- Çünki könüllü cəbhəyə yazıldım. Ancaq bəzi səbəblərdən çağırış olmadı. Mən də çalışırdım ki, şəhidlərimiz üçün, vətənimiz üçün, torpaqlarımız uğrunda nəsə edim. Bacardığım bu oldu və başladım. Bu dövrə qədər kiçik işlər görür, ev-dizayn işləri ilə məşğul idim.

Şəhid rəsmlərini bacardığım qədər təmannasız etməyə çalışıram. Amma təmənnasız edirəm deyib, özümü yarada bilmərəm. Çünki buna tək başıma gücüm də çatmaz. Müəyyən nüanslar var ki, şəhid ailələri qarşılayır. Onları mən demək məcburiyyətindəyəm. Bəzən isə, digər qazanclı işlər də götürürəm. O zaman bəzi şəhid rəsmlərini ehsan olaraq çəkirəm. Ötən il şəhidlərimizin ildönümləri, mövlud günləri ard-arda olduğu üçün ancaq rəsmləri ilə məşğul oldum. Hətta dediyim qazanclı işlərdən də imtina etmişdim. Bəzi insanlar kimi pul arxasınca qaçmadım. Araşdırsanız, respublikada yeganə rəssam mənəm ki, ancaq şəhidlərimizin şəkillərini çəkirəm. Bunun ağır olduğunu hamı bilir. Çünki bunu çəkdiyin zaman bir şəhid ailəsi baxacaq. Şəhidlərin rəsmini çəkmək mənə az da olsa, rahatlıq verir. Şəhid ailələrinin acısını anlayıram. Şəkli hissə-hissə işlədikcə, şəhid valideynləri baxır. Getdikcə, o şəkilin canlandığını hiss edir və o, daha çox təsəlli verir. Doğrudur, ağır səhnələr olur. Amma, nə qədər ağır olsa da o şəkillər qalır, ailələrə xatirə kimi. Valideynlərində qalan ancaq şəkillərdir. Sanki, onlara övladlarını bəxş etmiş kimi oluram. Bu hissi sözlər ifadə etmək mümkün deyil.

rəssam Tural Səlimzadənin çəkdiyi şəhid rəsmi

- Sərgi keçirmək barədə düşünmüsünüzmü?

- Mənim rəsmlərim elədir ki, sərgi mümkün deyil. Bu günə qədər hardasa 80-ə yaxın şəhidin rəsmini çəkmişəm. İstənilən rayona getmişəm, istənilən şəhid rəsmini həyata keçirməyə çalışmışam. Bununla bağlı Təhsil Nazirliyinə də müraciət etdim. Məktəblərdə çəkilməyi ilə bağlı heç bir etiraz gəlmədi. Ancaq, bunun məaliyyələşdirilməsi və təşkilatçılığı ilə bağlı bir də məktub yazdım. Ona cavab vermədilər. Çünki, bunun üçün də vəsait lazımdır. Mən bunu tək başına edə bilmərəm. Bir nazirlik bunu etməyə maliyyə ayıra bilmirsə, kasıb bir vətəndaş olaraq, bunu özümün edə bilməyim mümkün deyil. Mən öz hesabıma beşini çəkə bilərəm. Amma sonra məcburam ki, müəyyən xərcləri dilə gətirim.

Tural Səlimzadə gördüyü işlər üçün bir təşkilatçının olmasını istədiyini deyir. Qeyd edir ki, təşkilatçılıq üçün müraciətlər edib.

Rəssam bildirir ki, şəhid rəsmlərinin çəkməyin böyük ağırlığı var: “Tək ağırlıq o demək deyil ki, getdin və çəkdin. Doğrudur, bəzi rəsmlər iki günə başa gəlir. Yol yorğunu olursan, boya çatışmazlığı olur. Ancaq fiziki yorğunluq yox, onun ən ağır tərəfi məhz o ailədə olur. Onlarla bilikdə yaşayırsan bəzi ağır anları. Təsəvvür edin, siz əsəri çəkirsiniz, valideyn də rəsmə baxıb ağlayır. Rəsmə baxdıqca sızıltı səsini eşidirsən. Yəni, bu ağır bir şeydir. Gərək daş ürək olasan ki, o ananın ağlamağına laqeyd qalasan. Qeyri-mümkündür. Mən öz-özlüyümdə çox dəyişiklik hiss edirəm. Çünki, o ailələrin içində olmuşam. Onların yaşadığını hiss edirəm. Ən azından bunu dərk edirəm”.

rəssam Tural Səlimzadənin çəkdiyi şəhid rəsmi

Tural Səlimzadə bildirir ki, ən azından insanın ürəyində bir qığılcım olmalıdır ki, şəhidlərə qarşı sevgimi, vətənə qarşı sevgimi və onları dəyərlədirib bu yola girib, bu yoldan geri çəkilməyəsən: “Mən bu yoldan çəkilməyim üçün çox problemlərlə üzləşdim. Amma geri çəkilmədim, indi də çəkilmirəm. Çalışdığım qədər onların şəkillərini çəkməyə üstünlük verirəm. Həmişə də onların yanında olacağam”....

Tural Səlimzadənin vətənə sevgisi onu belə əsərlər yaratmağa sövq edib. Amma istədiyi odur ki, bu işləri həyata keçrimək üçün bir dəstək olsun. Müraciətləri isə, hələ də cavabsızdır...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »