Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan Putinə ağır zərbə: ABŞ-ın yeni raketləri hədəfləri vurdu
Ukraynadan Putinə ağır zərbə: ABŞ-ın yeni raketləri hədəfləri vurdu

Ukrayna qüvvələri ötən gecə strateji əhəmiyyətli İlan adasında növbəti əməliyyat keçirib. Hava hücumunda 10 hədəf vurulduğu, Rusiyanın Pantsir zenit sisteminin məhv edildiyi açıqlanıb. Ukrayna əməliyyatın görüntülərini yayıb və Rusiyaya açıq xəbərdarlıq edib: “Hücumlarımız davam edəcək”.

Bizimyol.info xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibədə Moskva son günlər hücumlarını gücləndirib. Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzinə edilən qanlı hücumda 16 nəfər həyatını itirib, 59 nəfər isə yaralanıb. Ukrayna həm Severodonetskdə, həm də Kremençukda zərbə alsa da, əks-hücumlarını davam etdirir. Bu hücumların sonuncusu müharibənin ilk günündən hər iki tərəfin ələ keçirməyə çalışdığı İlan adasında olub.

100 hektarlıq İlan adası Qara dənizdə Ukraynanın cənub sahillərindən təxminən 130 km məsafədə yerləşir və bu, müharibənin hər iki tərəfi üçün strateji əhəmiyyətə malikdir. Rusiya adanı müharibənin ilk günlərində ələ keçirib və onu 3 ay ərzində böyük ölçüdə saxlaya bilib. Ukrayna qoşunları keçən həftə adada qəfil gecə yarısı əməliyyata başlayıb və oradakı Rusiya qarnizonunu bombalayıb.

Rusiya əməliyyatı etiraf etsə də, aldığı zərəri açıqlamayıb və Ukrayna əsgərlərinin dəf edildiyini iddia edib. Adanın peyk görüntüləri Rusiyanı təkzib etsə də, bir həftə sonra Ukraynadan növbəti hücum gəlib.

Ukrayna Müdafiə Nazirliyi ötən gecə həyata keçirilən hücumda Rusiyanın “Pantsir” zenit sisteminin məhv edildiyini açıqlayıb. Ukraynanın paylaşdığı videolar və adanın peyk görüntüləri Rusiyanın böyük itkilərini gündəmə gətirib. Görüntülərdə Ukrayna əsgərlərinin adaya atəş açması və çoxsaylı reaktiv yaylım atəşi sistemləri və zirehli personal daşıyıcıları kimi Rusiya maşınlarını məhv etməsi görünür.

Hadisə Qərb mediasında geniş işıqlandırılıb və “Ukraynadan Putinə son zərbə” başlığı ilə dərc edilib. Hücumla bağlı Ukrayna Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Əməliyyatlarımız torpaqlarımızın təmizlənməsinə ehtiyac olduğu müddətcə davam edəcək" .

Qeyri-rəsmi iddialar Kiyev qüvvələrinin ABŞ-ın təchiz etdiyi HIMARS raketlərindən istifadə etdiyini göstərir. Məlumat üçün bildirək ki, müharibədə balansı dəyişdirdiyi iddia edilən Yüksək Performanslı Artilleriya Raket Sistemləri (HIMARS) ötən həftə Ukraynaya gəlib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumlarının ilk günlərində İlan adasını mühasirəyə alan Rusiya əsgərləri adadakı 13 ukraynalı əsgəri “təslim olmağa” çağırmışdı. Roman Qribov adlı əsgər isə götürdüyü radio ilə Rusiya əsgərlərinə təslim olmayacaqlarını bildirmişdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »