Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 1918-ci ildən bəri ilk dəfə xarici borcunu ödəyə bilmədi
Rusiya 1918-ci ildən bəri ilk dəfə xarici borcunu ödəyə bilmədi

Rusiya 1918-ci ildən bəri ilk dəfə xarici borcunu ödəyə bilməyib. Bu isə o deməkdir ki, Rusiya Federasiyası xarici valyutada suveren borcunda ilk dəfə defoltla qarşılaşıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Nəşr qeyd edir ki, Rusiyada xarici kreditorlara ödəniş yollarını bağlayan faktor Qərbin sərt sanksiyalarıdır. Qeyd edək ki, bu gün 100 milyon dollar məbləğində borcu ödəmək üçün son tarix idi.

Ölkə suveren borcunu ödəyə bilmədiyi təqdirdə onun defolt olduğu qəbul edilir. "Bu, tez bir zamanda ölkənin iqtisadi, maliyyə və siyasi anlamda çöküşünün bir işarəsidir",- deyə xəbər agentliyi qeyd edir. Xatırladaq ki, sonuncu dəfə Rusiya bir əsr əvvəl Vladimir Leninin başçılıq etdiyi bolşeviklərin 1918-ci ildə Şar Rusiyasının borclarını ödəyə bilmədiyi zaman elan edilib. 17 Avqust 1998-ci ildə Rusiya dövlət borc öhdəlikləri üçün texniki defolt elan edib.

2022-ci ilin fevralında ölkə bu vəziyyətə çox yaxın idi. Amma ödəniş üsulunu dəyişdirərək vəziyyətdən çıxış yolu tapa bildi.

Eyni zamanda aprel ayında Birləşmiş Ştatlar Rusiya üçün son boşluğu bağlayaraq Amerika hesablarından borc almağı qadağan edib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının xarici borcları üzrə öhdəliklərin yerinə yetirilməsi üçün rublla ödənişləri nəzərdə tutan müvəqqəti prosedur barədə fərman imzalayıb.

Qeyd edək ki, Rusiya hələ də enerji daşıyıcılarının, xüsusən də təbii qazın satışından nəhəng məbləğlər əldə edir. Bu gəlirlər hətta müharibədən əvvəlki səviyyə ilə müqayisədə artıb. Çünki bu məhsulların qiyməti artdığına görə, Rusiya da satışdan daha çox gəlir götürür. Amma hazırda Rusiyanın ən böyük müştərisi olan Avropa Birliyi bu ölkədən enerji asısılığını aradan qaldırmağın yollarını axtarır.

Bundan əlavə, Rusiyanın xarici valyutada gəlirləri çox olsa da, sanksiyalar üzündən ölkədə çoxlu iş yerləri bağlanıb. Xüsusən də yeni texnologiyalara əsaslanan istehsal sahələri bağlanıb, çünki o sahələr üçün detalların Rusiyaya ixracına qadağa qoyulub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »