Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarderdən Rusiyaya qarşı məhkəmə iddiası: Məcburi göstəriş verilsin
Milyarderdən Rusiyaya qarşı məhkəmə iddiası: Məcburi göstəriş verilsin

Ukraynanın məşhur iş adamı, “Şaxtyor” futbol klubunun sahibi olan milyarder Rinat Əhmədov Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib. O, mülkiyyət hüququnun pozulmasından şikayətçidir.

Bizimyol.info xəbər verir ki, Rinat Əhmədov həm də Mariupoldakı “Azovstal”ın və bir sıra başqa iri sənaye müəssisələrinin mülkiyyətçisidir. O, Avropa Məhkəməsində şikayətində göstərib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində mülkiyyət hüququ pozulub, ona çox ciddi ziyan dəyib.

Baş verənlərə görə Rusiyanın məsuliyyət daşıdığını vurğulayan ukraynalı biznesmen hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsi təcili şəkildə aralıq təminat tədbirləri kimi, Rusiyaya icrası məcburi olan göstərişlər verməlidir.

Rinat Əhmədovun ərizəsində həmin göstərişlərin nədən ibarət olduğu sadalanıb. O, hesab edir ki, Avropa Məhkəməsi Rusiyaya blokadanın dayandırılması, oğurluq, taxıl və polad məhsullarının başqa yerlərə istiqamətləndirilməsinin yolverilməzliyi haqda göstərişlər verməlidir.

Rinat Əhmədov Rinat Əhmədov

Ukraynaya hücumdan sonra Rusiya Avropa Şurasına üzvlükdən çıxarılıb. Avropa İnsan Haqları Məhkəməsi isə Avropa Şurasının strukturlarından biridir. Yəni dövlət Avropa Şurasına üzv olandan sonra Avropa Məhkəməsinə müraciət etmək hüququ əldə edir. Dövlət İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edir. Avropa Məhkəməsi də məhz bu Konvensiyanın müddəalarının pozulmasıyla bağlı şikayətlərə baxıb, qərar verir.

Əgər dövlət artıq Avropa Şurasının üzvü deyilsə, bu halda, Avropa Məhkəməsinin çıxardığı qərarın icrası onun üçün məcburidirmi?

Bu sualı cavablandıran vəkil Fuad Ağayev bildirib ki, Rusiya Avropa Konvensiyasından imtina etsə də, denonsasiya (imtina) yalnız 6 ay sonra (bu halda, sentyabrın 16-da) qüvvəyə minir. Vəkilin sözlərinə görə, həmin tarixə qədər bu dövlətin təqsiri ucbatından yol verilmiş pozuntularla bağlı Avropa Məhkəməsinə müraciət etmək olar.

“Aydındır ki, Rusiyada çox ciddi dəyişikliklər baş verməsə, onlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyəcəklər. Bununla da, özlərini bir daha qanundan, hüquqdan kənar vəziyyətdə qoyacaqlar”, - Fuad Ağayev bildirib.

Rinat Əhmədov ərizəsinə prioritet qaydada baxılmasını, həmçinin işə pilot prosedur tətbiq edilməsini istəyib. O vurğulayıb ki, Rusiyanın təcavüzü, mülkiyyəti məhv edərək özününküləşdirməsi Ukraynadakı başqa sahibkarların da biznesinə dağıdıcı təsir göstərib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »