Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "qırmızı cizgisi": Müharibə nə vaxt Litva və Polşaya keçəcək?
Putinin "qırmızı cizgisi": Müharibə nə vaxt Litva və Polşaya keçəcək?

3-cü Dünya Müharibəsinin nə vaxt olacağı ilə maraqlananlar etiraf etməlidirlər ki, müharibə artıq başlayıb. Bu müharibə dünyanın müxtəlif cəbhələrində və müxtəlif ölçülərdə davam edir. Asimmetrik və hibrid xüsusiyyətlərə malik olan bu prosesin enerji, qida, kiberməkan, kosmos, bioloji müharibə və maliyyə sahələrində davam etdiyini görürük.

ABŞ-Çin rəqabətinin ilk şərti raundu Rusiya-Ukrayna müharibəsi ilə başladı. Ukraynaya dörd ay əvvəl başlayan işğal enerji və ərzaq böhranı doğurdu. Qərb alyansı Polşa üzərindən Ukraynaya texnika və sursat çatdırır. Beləliklə, Polşa prosesdə iştirak edir.

Polşa və Litva arasında Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad da prosesə cəlb olunacaq. Baltik dənizinin sahilində yerləşən Kalininqrad yerləşdiyi yerə görə yeni böhrana səbəb olub.

Şərqi Prussiyanın paytaxtı olan Könisberq İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqına verildi və Kalininqrad adlandırıldı. Rusiya Litva dəmir yollarından istifadə edərək, Kalininqrad limanına mal göndərirdi. Sankt-Peterburq limanı qədər əhəmiyyətli olan Kalininqrad limanı Baltik dənizində dünyaya açılan başqa bir qapıdır.

Baltik dənizində Litva, Latviya və Estoniya üçlüyü 2004-cü ildə həm NATO, həm də Aİ üzvü olub. Qərb ittifaqının NATO və Aİ vasitəsilə genişləndiyi bu illərdə üzvlər Aİ-nin cəlbediciliyi və üstünlükləri ilə NATO sisteminə daxil edilmişdi.

NATO-nun Baltikyanı planına Rusiyanın reaksiyası aydındır. Moskvanın bu plan qarşısında 3 “qırmızı cizgisi” var;

1 - Peterburqda dəniz ticarətinin qarşısının alınması

2 - Kalininqradda blokada və hərbi əməliyyat

3 - NATO-nun Qara dənizdən müdaxiləsi

Bu “qırmızı cizgilərin” ilk ikisi pozulsa, müharibə Litva və Polşa kimi ölkələrə yayılacaq.

2004-cü ilə qədər müstəqil olan və bufer zonası olan Baltikyanı ölkələr öz seçimlərini edib, tərəflərini göstərdilər. İndi əgər Türkiyə dəstək versə, Finlandiya və İsveç NATO-ya üzv olacaq və beləliklə, Baltik dənizi Rusiya üçün qaranlıq dəhlizə çevriləcək.

Burada Belarusun Litvaya hücum etməsi riski var. Litvanın Aİ-nin sanksiya siyahısındakı malların ötürülməsinə mane olması, Brüssellə Moskva arasında gərginliyi birbaşa artıracaq.

Aİ-nin ABŞ-Britaniya koalisiyasına qoşulması münaqişənin genişlənməsi ilə mümkün olardı. İndi bu proses başlayıb.

Baş verən siyasi proseslərlə yanaşı Türkiyənin geostrateji əhəmiyyəti onun siyasi iradəsi ilə üst-üstə düşür. Ankara Qara dənizin müharibə gölünə çevrilməməsi üçün qətiyyətli proses həyata keçirir.

Yaxın aylarda Rusiyanın Baltikyanı ölkələrdə xarici ticarəti daha da zəifləyəcək və sanksiyaların təsirləri hiss olunacaq.

Dünya sivilizasiyasının mərkəzi olduğunu iddia edən Avropa təfəkkürü isə bu hadisələr qarşısında susur və öz acizliyini bəlli edir, həmçinin Avropa liderləri və ziyalıları da.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »