Ukraynada müharibə tam sürətlə davam edərkən, Kiyevdən Putinin səhhəti ilə bağlı flaş açıqlama gəlib.
Bizimyol.info xəbər verir ki, dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Rusiya ilə Ukrayna arasında müharibənin dördüncü ayına girdiyi bir vaxtda müharibə bir müddətdir ki, ölkənin şərqində cəmləşib.
Çünki Rusiya müharibənin ilk günündən ölkənin paytaxtı Kiyevi hədəfə almışdı, lakin həftələrlə davam edən mübarizədən sonra qoşunlarını bölgədən çıxararaq Donbasda cəmləşməyə qərar verdi. Ən azı müharibə qədər danışılan başqa bir mövzu isə Vladimir Putinin sağlamlıq vəziyyətidir.
Bu dəfə Rusiya prezidenti Putinin sağlamlıq durumu ilə bağlı Kiyevdən iddia gəlib. Belə ki, Ukrayna kəşfiyyatının rəisi, general-mayor Kirilo Budanovun sözlərinə görə, Ukrayna rəsmiləri Putinin ağır xəstəlikdən əziyyət çəkdiyini və iki il ömrü qaldığını təsbit edib.
Digər tərəfdən bildirilir ki, ötən gün sosial mediada əks olunan görüntülərdə Putini daşıyan konvoyun gecə saatlarında Kremlə daxil olduğu görünüb. Görüntülər qısa müddətdə viral olsa da, mövzu ilə bağlı gözlənilən açıqlama Kremlin sözçüsü Dmitri Peskovdan gəlib. Peskov "hər şeyin normal olduğunu" və bunun Rusiya liderinin proqramının bir hissəsi olduğunu bildirib.
Qeyd edək ki, İngiltərənin "Mirror" qəzetinin iddiasına görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər. Hətta mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin xəstəliyi səbəbindən görmə qabiliyyətinin də ciddi şəkildə aşağı düşdüyü bildirilir.
Rusiyadan bir vəzifəli şəxs qəzetə açıqlamasında deyib: “Ona televiziyada deyəcəklərini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”.
Xatırladaq ki, Rusiya mərkəzli bir araşdırma platforması olan "Proekt" tərəfindən daha əvvəl dərc edilən sənədlərdə Putinə səfərləri zamanı ən azı 5 fərqli həkimin nəzarət etdiyi iddia edilir. Həmin sənədlərdə "Qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov heç vaxt Rusiya liderinin yanından ayrılmır" ifadəsi var.
Rusiyada nəşrinə qadağa qoyulan araşdırma ilə bağlı Kreml təkzib verib. Kremlin sözçüsü Dmitri Peskov sənədləri “uydurma” adlandırıb və buradakı iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Leyla, Bizimyol.info